Xaricdə təhsil -Ekspert rəyi

Bölmə: Sosial › ,
Tarix: 22:14 30.05.2025

Bildiyimiz kimi, tələbələri ən çox maraqlandıran mövzulardan biri də xaricdə təhsildir.

 

Bu mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında Jurnalistika üzrə fəlsəfə doktoru, təhsil eksperti Qoşqar Bəylərov bildirib ki, həm magistratura, həm də doktorantura təhsilini Türkiyədə alan biri kimi tam əminliklə deyə bilər ki, xaricdə – xüsusilə də Türkiyədə – təhsil almaq gənclər üçün çox mühüm imkanlar vəd edir:

 

“Bu, təkcə akademik bilik əldə etmək deyil, həm də geniş dünyagörüşü formalaşdırmaq, elmi mühitdə yetişmək və beynəlxalq əlaqələr qurmaq baxımından böyük üstünlüklər təqdim edir.

 

Türkiyə universitetləri son illərdə elmi-tədqiqat sahəsində ciddi inkişaf edib. Müasir laboratoriyalar, zəngin kitabxanalar, təcrübəli akademik heyət və tələbələr üçün açıq elmi mühit bu ölkədə təhsil alanların keyfiyyətli və məqsədyönlü inkişafını təmin edir. Universitetlərin texniki imkanları və beynəlxalq əməkdaşlıqları sayəsində tələbələr müxtəlif konfranslarda, layihələrdə və təcrübə proqramlarında iştirak edə bilirlər. Xaricdə təhsil almaq istəyən gənclər üçün ən mühüm fürsətlərdən biri də “Türkiyə Bursları” proqramıdır. Bu, dövlətin maliyyələşdirdiyi və dünyanın müxtəlif ölkələrindən olan tələbələr üçün təqdim edilən tam təqaüdlü bir proqramdır. Təqaüdə təhsil haqqı, aylıq təqaüd, yataqxana, tibbi sığorta və gediş-gəliş bileti də daxildir. Hər il yüzlərlə azərbaycanlı gənc məhz bu proqram vasitəsilə Türkiyənin nüfuzlu universitetlərində bakalavriat, magistratura və doktorantura səviyyəsində təhsil alır.

 

‘Türkiyə Bursları’ yalnız akademik göstəriciləri deyil, həm də motivasiya məktubu, ictimai fəallıq və gələcək planları qiymətləndirən çoxşaxəli bir seçim prosesidir. Bu, təkcə təhsil fürsəti deyil, eyni zamanda şəxsi inkişaf və beynəlxalq təcrübə qazanmaq üçün bir platformadır".

 

Müsahibimiz bildirib ki, Türkiyədə təhsil almaq – istər şəxsi təşəbbüslə, istərsə də təqaüdlə – Azərbaycan gəncləri üçün həm akademik, həm də peşəkar gələcək baxımından çox perspektivli bir seçimdir:

 

“Bu təhsil yoluna çıxmaq həm bilik, həm də həyat təcrübəsi baxımından zəngin bir səyahətdir.

Bununla yanaşı, gənclərə yalnız Türkiyə ilə məhdudlaşmamağı, Avropa və Amerika universitetlərini, eyni zamanda Yaponiya, Cənubi Koreya, Çin və Sinqapur kimi Şərq ölkələrinin aparıcı ali təhsil müəssisələrini də nəzərdən keçirməyi tövsiyə edirəm. Hər bir ölkənin və universitetin özünəməxsus elmi yanaşması, ixtisaslaşma sahələri və inkişaf perspektivləri var.

 

Məsələn, Avropa universitetləri elmi araşdırma və praktiki yanaşmalar üzrə güclüdür; ABŞ universitetləri isə qlobal miqyasda liderlik, innovasiya və geniş resurslarla seçilir. Şərq universitetləri isə yüksək akademik intizam və texnologiya yönümlü təhsili ilə fərqlənir”.

 

Nigar Həsənzadə