FHN şəhid övladları üçün "açıq qapı günü" tədbirləri keçirib

Bölmə: Sosial › ,
Tarix: 14:45 31.05.2025

Fövqəladə Hallar Nazirliyi (FHN) vasitəsilə şəhid övladları üçün "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə silsilə "açıq qapı günü" tədbirləri keçirilib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

 

Növbəti belə tədbir FHN-in Akademiyasında təşkil olunub.


Tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in, yerli icra hakimiyyəti və müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.


Əvvəl Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Sonra uşaqlar akademiyanın Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olub, konfrans zalı, fənn kabinetləri və kitabxanaya baş çəkiblər.


"Açıq qapı günü"ndə uşaqlara nazirliyin xilasediciləri və yanğınsöndürənləri tərəfindən yanğın-xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb.


Uşaqların iştirakı ilə təşkil olunan təlim onlarda böyük marağa səbəb olub.


Tədbir FHN-in İdman-sağlamlıq klubunun bazasında bədii hissə və klubun idmançılarının nümunəvi çıxışı ilə davam etdirilib.


Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.


Qeyd edək ki, şəhid övladları üçün "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə "açıq qapı günü" tədbirləri Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyində və FHN-in regional mərkəzlərində də keçirilib.