Xroniki baş ağrıları

Tarix: 20:59 31.05.2025
Xroniki baş ağrıları gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən geniş yayılmış bir narahatlıqdır. Bu vəziyyət bəzən adi yorğunluqla qarışdırılsa da, altında ciddi nevroloji səbəblər ola bilər.
Mövzu ilə bağlı nevroloq Sevinc Məmmədova "İnformator.az"a açıqlamasında bildirib ki, baş ağrıları gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərən bir narahatlıqdır:
"Bu ağrılar bir sıra səbəbdən ola bilər. Bizi bunu iki qrupa ayırırıq: birincili və ikincili baş ağrıları. Birincili baş ağrıları deyəndə, sərbəst bir nevroloji xəstəlik nəzərdə tutulur. Bunun da alt qrupları çoxdur, miqren, gərginlik və s. kimi baş ağrıları. Amma ola bilər ki, altda yatan hər hansı bir səbəb olsun. Bunlar fərqli səbəblər olur. Məsələn, təzyiq xəstələrində təzyiqin qalxması ilə bağlı, şəkərli diabet və yaxud digər xəstəliklərdə hemostazın pozulması ilə bağlı baş ağrıları, beyin şişləri də bu səbəblərə daxildir. Sadalananlar ikincili baş ağrılarına daxildir. Buna görə də baş ağrılarında şikayət edən şəxs yaxınlaşdıq da biz ilk növbədə səbəbini bilməliyik. Bir sıra müayinələr aparırıq. Lakin müayinələrdən öncə xəstə mütləq konsultasiya almalıdır. Yanaşı hansı xəstəliyi var və ya hansı problemdən şikayətlənir, bunlara əsasən biz laborator analiz və ya instrumental analiz istəyə bilərik. Bəzi baş ağrısı tipləri var ki, heç bir aparat, diaqnostik meyarilə dəqiqləşdirmək olmur. Gündəlik həyatda baş ağrısının qarşısını almaq üçün öncə hansı baş ağrı tipinin olduğunu bilinməlidir. Nevroloji pozuntulardan miqren, gərginlik baş ağrıları zamanı biz düzgün rutin, rejm təyin edirik. Çünki rejmin pozulması, xəstənin vaxtında yatmaması, qidalanmanın pozulması kimi bir sıra səbəblər baş ağrılarına artmasına səbəb ola bilər. Əgər ikincili baş ağrısıdırsa, o zaman baş ağrısına səbəb olan faktorların aradan qaldırılması və ya azaldılması yönündə tədbirlər görülür".
Billurə Quliyeva