Qlobal Mərmər Rəngi Hadisəsi: Gözəlliyin Arxasındakı Ekoloji Həyəcan

Tarix: 16:37 03.06.2025
Son illərdə dünya okeanlarında və dənizlərində müşahidə olunan vizual dəyişikliklər elmi dairələrdə narahatlıq doğurmaqdadır. Bu dəyişikliklərdən biri olan və “Qlobal Mərmər Rəngi Hadisəsi” kimi tanınan təbiət hadisəsi dəniz səthində baş verən bioloji proseslərin nəticəsidir. Görünüş baxımından cazibədar olsa da, bu hadisə dəniz ekosistemlərinə ciddi təsir göstərir və ətraf mühitin davamlılığı üçün təhlükə yaradır. Bu səbəbdən hadisənin yaranma mexanizminin öyrənilməsi və qarşısının alınması istiqamətində beynəlxalq səylər zəruridir.
Bu mövzu ilə bağlı Ekoloq Qorxmaz İbrahimli "İnformator.az"a bildirib ki, bu “qlobal mərmər rəngi hadisəsi” dediyiniz məsələ əslində NASA-nın ortaya çıxardığı bir anlayışdır:
“ Elm və texnologiya inkişaf etdikcə, süni peyklər və müxtəlif cihazlar vasitəsilə bir çox təbiət hadisələri qeydə alınmağa başlayıb. Xüsusilə XX əsrin sonu və XXI əsrdə edilən kəşflər və ixtiralar dünyanın istiqamətini dəyişdirib.
Bu baxımdan deyə bilərəm ki, bu hadisə – yəni “qlobal mərmər rəngi” – min illərdir davam edən prosesin nəticəsidir. Qlobal istiləşmə həmişə olub, sadəcə sənayeləşmənin artması ilə bu proses daha da sürətlənib. Tunc dövründən başlayaraq baş verən inkişaflar nəticəsində atmosferin temperaturu dəqiq şəkildə ölçülməyə başlanılıb. Əsasən XIX əsrdən etibarən bilgi paylaşımı artdığı üçün bu hadisələrə maraq da artıb.
Narahatlığa əsas yoxdur. Təbiət özü-özünü nizamlayan bir sistemdir. Qlobal mərmər rəngi hadisəsi də, mənim fikrimcə, NASA-nın müxtəlif elmi tədqiqat mərkəzlərinin – daha çox da NASA-nın – ortaya çıxardığı müşahidələr əsasında formalaşıb.
Məsələn, Şimal dənizlərində bir cür rəng görünür, Cənub dənizlərində başqa bir rəng. Atlantik okeanının Afrikanın qərbində yerləşən hissəsində küləklərin təsiri ilə fərqli bir rəng müşahidə olunur. Bunların hamısı süni peyklər və aerokosmik görüntülər vasitəsilə aşkarlanıb. Gəzən kameralar, dəniz səthində hərəkət edən müşahidə cihazları ilə toplanan məlumatlar nəticəsində belə görüntülər ortaya çıxır”.
Ekspert qeyd edir ki, insanlar, bu gözəlliyə heyran qalır, lakin eyni zamanda ekosistemdəki dəyişikliklər onları narahat edir:
“Bu “qlobal mərmər rəngi” hadisəsi ilə bağlı daha öncə Avstraliya ətrafında gedən proseslər də qeyd edilməlidir. Qlobal istiləşmənin əsas təsirlərindən biri də oradadır. Dünya okeanının çirklənməsi, mərcan adalarının məhv olması və mərcan poliplərinin yoxa çıxması çox üzücüdür. Xüsusilə Sakit Okeanda keçirilən hərbi sınaqlar nəticəsində bu proseslər sürətlənib.
Suyun hərarətinin artması ilə şirin suların duzlu sulara qarışması da yeni prosesləri doğurur. 100–200 il əvvəlki vəziyyətlə bu gün arasında ciddi fərqlər var. İndi aparılan tədqiqatlar əsasən nanotexnologiyaya əsaslanır, bu da yeni biliklərin əldə olunmasına imkan verir.
Bu hadisənin yaranma səbəbi ilk növbədə iqlim dəyişikliyi, daha sonra isə min illərlə davam edən təbii proseslərdir. Bu problemin qarşısını almaqla bağlı konkret bir yol görmürəm. Əgər qlobal istiləşmənin qarşısını ala bilsək, o zaman bir çox problemin qarşısını almaq da mümkün olar. Amma əgər onu da edə bilməsək, gələcəkdə – bəlkə 500 ildən sonra – qlobal soyuma baş verə bilər. O zaman da onun qarşısını almaq mümkün olmayacaq. Buna görə də çalışmalıyıq ki, təbiət özü-özünü nizamlaya bilsin”.
Ekoloqun sözlərinə görə, ekosistemin və dünya okeanının sistemində ciddi dəyişikliklər baş verir:
“Bu, qəbul olunandır. Şimal qütblərində havanın isinməsi nəticəsində buzlaqlar əriyir, quru sahələri genişlənir. Bu, Antarktida və Qrenlandiyada da müşahidə olunur. Buzlaqların əriməsinə səbəb olan çoxlu amillər var və bunları saymaqla bitməz.
İnsanlar hər yerdə, hər bir fərd ətraf mühitin qorunmasına çalışmalıdır. Biz Azərbaycanda yaşayırıq. “Bizimlə əlaqəsi yoxdur”- demək doğru deyil. Dənizimizi zibilləməməli, onu çirkləndirməməliyik. Kimyəvi tullantılar atmamalıyıq. Bu gün dünya okeanlarında milyonlarla ton tullantı yığılıb”.
Xəlilli Nigar