Qarabağa qayıdış: Həyata keçən arzular, yoxsa yeni sosial çağırışlar?

Tarix: 20:49 06.06.2025
“ “Qarabağ Azərbaycandır” şüarı ilə müşayiət olunan hərbi-siyasi qələbədən sonra hökumət “Böyük Qayıdış” proqramına start verdi. Bu proqram çərçivəsində minlərlə məcburi köçkün Şuşa, Laçın, Füzuli, Zəngilan, Qubadlı və Ağdam kimi bölgələrə köçürülür. Qayıdan ailələrə yeni mənzillər, məktəblər və sosial xidmətlər təqdim olunur. Ancaq bu qayıdış həm də bir sıra sosial-psixoloji və iqtisadi çağırışları da özü ilə gətirir.
Əvvəla, əksər köçkün ailələr son 30 il ərzində Bakı və digər iri şəhərlərdə həyat qurmuşdu – iş tapıb, övladlarını məktəbə yerləşdirib və sosial çevrələr formalaşdırıbdılar. İndi bu ailələrin bir qismi öz seçimləri ilə deyil müəyyən sosial təzyiqlərlə qayıtmağa məcbur olduğunu düşünür.
Qarabağ bölgəsinə qayıdan ailələr isə infrastruktur baxımından bəzi çətinliklərlə üzləşirlər. Elektrik, internet, səhiyyə xidmətləri tam stabilləşməyib. İş yerlərinin azlığı da ciddi problemdir – regionlarda sənaye və xidmət sektoru hələ formalaşmayıb, əksər sakinlər isə dövlətin verdiyi yardımla yaşamağa məcburdur.
Digər tərəfdən, sosial uyğunlaşma da problem yaradır. 30 il sonra doğma torpaqlara qayıdan insanlar fiziki məkana uyğunlaşsalar da, psixoloji olaraq yeni reallığa adaptasiya ola bilmirlər. Ən çox əziyyət çəkən isə gənclər və uşaqlardır- onlar üçün yeni məktəb mühiti, fərqli yaşam tərzi və sosial münasibətlər sistemi bəzən travmatik təsir yaradır.
Ekspertlərin fikrincə, “Böyük Qayıdış” proqramı sadəcə tikinti və köçürmə layihəsi olmamalıdır. Psixoloji reabilitasiya, gənclər üçün məşğulluq proqramları, qadınlar üçün təlim və sahibkarlıq dəstəyi, kənd təsərrüfatı üçün texniki yardım- bu kimi mexanizmlər qayıdışın uğurla baş tutması üçün şərtdir.
Aydın Hacıyev