Z nəslinin mədəniyyətə münasibəti

Bölmə: Sosial › ,
Tarix: 22:00 06.06.2025

Hər nəsil yaşadığı dövrün texnologiyası, dünyagörüşü və sosial mühiti ilə formalaşır. Z nəsli isə müasir texnologiyanın, internetin və qloballaşmanın təsiri ilə böyümüş ilk nəsildir. Bu nəsil informasiyaya sürətli çıxışı, fərqli mədəniyyətlərlə eyni anda tanış ola bilməsi və fərdiyyətə verdiyi önəmlə seçilir. Onların mədəniyyətə münasibəti əvvəlki nəsillərlə müqayisədə daha çevik, dəyişkən və çoxşaxəlidir. Z nəsli həm ənənəvi dəyərlərlə təmasda qalmağa çalışır, həm də yeniliklərə açıq bir şəkildə öz mədəni tərzini formalaşdırır.

 

 Mövzu ilə bağlı Sosioloq Üzeyir Şəfiyev "İnformator.az"a bildirib ki, bu millennial nəsil məsələsi həmişə olub: 

 

“Əslində nəsillərarası fərqlər zamanın və dövrün qatqısı ilə həmişə mövcud olub. Bu baxımdan sosioloqlar nəsilləri — millennial nəsilləri — fərqləndirirlər. Məsələn, Z nəsli, sizin bəhs etdiyiniz nəsil də həmin nəsillərdən biridir. Bu, 90-cı illərin ortalarından ta 2010-cu ilə qədər olan dövrdə dünyaya gələnləri daha çox əhatə edir.

 

Əslində, bu nəsillərarası münasibətlər məsələsi hələ eramızdan əvvəl, eramızın ilk illərində də mübahisələndirilən bir mövzu olub. Çünki bir nəsil özündən sonrakı nəslə tənqidi yanaşıb və ya özündən sonra gələn nəsil ona tənqidi münasibət göstərib. 

 

Yəni bu, bir növ atalar və oğullar məsələsidir. Müxtəlif yazıçıların əsərlərində də bu mövzuya rast gəlirik — məsələn, Turgenyevdə var. Hələ Aristotel dövründə də belə yanaşmalar olub. Nəsillər zamanın, dövrün insan həyatına təsiri baxımından fərqləndirilir”.

 

Sosioloq qeyd edib ki, əslində tarix boyu nəsillərin xüsusiyyətləri sosial varislik yolu ilə özündən sonrakı nəsillərə ötürülüb:

 

“Millennial nəsil olan Z nəsli də əvvəlki nəslin bəzi xüsusiyyətlərini özündə ehtiva edir. Eyni zamanda zamanın təsirini də öz üzərində hiss edir, bu təsirə də şübhəsiz məruz qalır. Bununla belə, ənənələri növbəti nəsil olan Alfa nəslinə də ötürəcək.

 

O ki qaldı Z nəslinin milli-mənəvi dəyərləri daşımaq məsələsinə — əlbəttə ki, milli-mənəvi dəyərlər arxetiplər vasitəsilə, mental dəyərlər vasitəsilə nəsildən-nəslə sosial varislik yolu ilə ötürülür. Yəni necə ki valideynlər övladlarını milli ruhda, milli adət-ənənələrlə tərbiyə edirlər, eyni zamanda sosiallaşma institutları — yalnız ailə yox, həm də məktəb, kütləvi informasiya vasitələri, bədii ədəbiyyat — yeni nəsli necə tərbiyə edirsə, həmin nəsil də həmin ruhda formalaşır.

 

Demək ki, biz millennial nəsil, Z nəsli, Alfa nəsli, X nəsli, yeni nəsil və digər nəsilləri günahlandırmamalıyıq. Biz belə bir suala cavab verərkən baxmalıyıq ki, bizim ədəbiyyatımız, uşaq ədəbiyyatımız, dərsliklərimiz, dərs vəsaitlərimiz, kütləvi informasiya vasitələrimiz, məktəb mühitimiz və ailələrimiz yeni nəsli nə dərəcədə milli-mənəvi və əxlaqi dəyərlərlə tərbiyə edir və bu dəyərlər sosial varislik yolu ilə gələcək nəsillərə necə ötürülür”.

 

 

Üzeyir Şəfiyevin sözlərinə görə, nəsillərin təqribi təsnifatı — məsələn, Z nəsli, Alfa nəsli, X və Y nəsli — nisbi təsnifatdır, nisbi bölgüdür:

 

“Ən önəmlisi odur ki, biz qloballaşma dövrü adlanan bir cəmiyyət kimi bu qloballaşmanın neqativ təsirlərinə məruz qalmadan, milli kimliyimizi, milli adət-ənənələrimizi, milli mənlik şüurumuzu və arxetiplərimizi qorumaqla qlobal dünyaya inteqrasiya etməliyik.

 

Qeyd etdiyim kimi, öz milli varlığımızı qorumaq şərtilə inteqrasiya getməlidir. Mən xatırlayıram, Azərbaycan Avropa Şurasına daxil olarkən nümayəndə heyətimiz çox gözəl bir mövqe nümayiş etdirmişdi. Onlar deyirdilər ki, Avropa Şurasını bir gül dibçəyinə bənzətmək olar və biz istəyirik ki, bu gül dibçəyinə daxil olan hər bir gül öz ətrini, öz qoxusunu saxlasın. 

 

Yəni qloballaşma və qlobal cəmiyyətə inteqrasiya təqdirəlayiqdir, ancaq milli dəyərləri qorumaq, milli kimliyi qorumaqla getməlidir. Və biz bunu hər gələn yeni nəsilə — istər Z nəsli, istər Alfa nəsli, istər ondan əvvəlki və ya sonrakı nəsillərə — bu şəkildə yansıtmalıyıq”.

 

 

Ekspert qeyd edib ki, biz müxtəlif sosial agentlər, sosiallaşma institutları vasitəsilə — ailə, məktəb, bağça, orta məktəb, ali məktəb, kütləvi informasiya vasitələri, sosial media və şəbəkə vahidləri vasitəsilə — bu dəyərləri ötürməliyik:

 

 

“Ona görə də sosial şəbəkələr maksimum dərəcədə sağlam olmalıdır. Sosial media sağlam olmalıdır, çünki indiki Z nəsli və formalaşmaqda olan Alfa nəsli artıq ailədən və məktəbdən də çox sosial şəbəkələrin təsiri altındadır.

 

 Buna görə də sosial şəbəkələrdə sarı informasiyalar paylaşılmamalıdır. Sosial şəbəkələrdə süzgəc mexanizmi tətbiq olunmalıdır. Milli-mənəvi dəyərləri dağıdan paylaşımlara orada yer verilməməlidir.

 

Beləliklə, bundan sonra nəsillərin nə dərəcədə milli-mənəvi dəyərləri daşıması haqqında danışa bilərik. Yəni biz ilk növbədə nəsli formalaşdıran mühiti sağlam tutmalıyıq — yazıçı kimi, müəllim kimi, təhsil adamı kimi, ailə başçısı kimi və s. “.

 

 

Xəlilli Nigar