Şamaxı və Xızı rayonlarında zəlzələ baş verib

Tarix: 22:56 06.06.2025
2025-ci ilin 6 iyun tarixində, yerli vaxtla saat 10:18-də Azərbaycanın Şamaxı və Xızı rayonlarında 3,6 maqnitudalı zəlzələ qeydə alınıb. Zəlzələnin ocağı yerin 5 kilometr dərinliyində yerləşib. Təbii hadisə episentrə yaxın ərazilərdə 4 bala, ətraf rayonlarda isə 3 bala qədər hiss olunub.
Mövzu ilə bağlı seysmoloq Ənvər Əliyev "İnformator.az"a açıqlamasında bildirib ki, baş verən bu zəlzələdə dağıntı və ya insan tələfatı olacağını düşünmür:
"Azərbaycanın Şamaxıdan — həmin zəlzələ olan ərazilərdən, Şəki daxil olmamaqla — olan bölgələri ən seysmik zonalardan biridir. Tarixən həmin ərazilərdə baş verən zəlzələlərin sayı çox olmuş və onların bəziləri ciddi dağıntılara səbəb olmuşdur. Böyük Qafqazın cənub yamacının Şəki hissəsindən Şamaxı-Xızıya qədər olan ərazi 9 ballıq zəlzələ zonasında yerləşir. Şamaxıda 1967-ci ildə baş vermiş zəlzələdə 60 mindən çox insan həyatını itirmişdir və bu, dünyada qeydə alınmış ilk seysmoloji hadisə kimi qəbul olunur".
Ekspert zəlzələnin gücü ilə hiss olunma səviyyəsi arasındakı fərqlərdən də söz açıb:
"Adətən, zəlzələlərin hiss olunma səviyyəsini insanların şəxsi təəssüratlarına əsasən ölçmək düzgün deyil. Bu, əsasən seysmoloji mərkəzlər tərəfindən müəyyən edilir. Əvvəllər Azərbaycanda silkələnmələr yalnız 4 baldan yuxarı olduqda qeydə alınırdı. Yəni, 4 baldan aşağı olan hallara sadəcə silkələnmə deyilir və onlara zəlzələ kimi yanaşılmırdı. Bu cür hadisələr barədə əhaliyə məlumat verilmir, insanlar isə sadəcə hiss edir və unudurdu. Hazırda isə baş verən hər bir zəlzələ seysmoloji mərkəzlər tərəfindən qeydə alınır və əhaliyə məlumat verilir".
Nəzrin Məmmədova