Milli Kurikulumun Tətbiqi: Nailiyyətlər və Problemlər

Bölmə: Sosial › ,
Tarix: 13:10 07.06.2025

Milli Kurikulumun tətbiqi 2008-ci ildən etibarən mərhələli şəkildə həyata keçirilib.

 

Məsələ ilə bağlı təhsil eksperti Qoşqar Məhərrəmov “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanda Milli Kurikulum 2008-ci ildən tətbiq olunmağa başlayıb və müxtəlif ölkələrin təcrübəsindən yararlanılıb:

 

“Müxtəlif beynəlxalq fondların yardımı ilə müasir, qabaqcıl təcrübələrdən istifadə edərək konstruktiv, yəni strukturlu bir təlim sistemi – tədris proqramı hazırlanıb. Kurikulum, yəni təlim-tədris proqramı deməkdir. 2008-ci ilə qədər Sovet irsindən bizə keçən təlim-tədris yanaşmasından istifadə edilirdi. Həmin yanaşmada prosesin mərkəzində şagird yox, dərs, mövzu və müəllim dayanırdı.

 

Əsas məqsəd, 2008-ci ilə qədər, əsasən, lazımlı biliklərin şagirdlərə ötürülməsi idi. Amma yeni dövrdə biz şagird yönümlü təhsilə keçdik, bacarıq və səriştələrə üstünlük verdik. Artıq şagird tədris prosesinin mərkəzində yer almağa başladı, müasir pedaqoji yanaşmalar öyrənilməyə başlandı.

 

Ənənəvi kurikulumla Milli Kurikulum arasında bəzi əsas fərqlər var. İlk olaraq qeyd edək ki, ənənəvi kurikulum müəllim yönümlüdür, Milli Kurikulum isə şagird yönümlü yanaşmanı əsas tutur. Ənənəvi kurikulum biliyə əsaslanırdı, halbuki müasir kurikulumda biliklə yanaşı, onun tətbiqi, təhlili, analizi və sintezi mərhələləri də nəzərə alınır.

 

Formativ, yəni öyrənmək üçün qiymətləndirmə bu yanaşmada ön plana çıxır. Əvvəllər şagirdlər sadəcə tarixləri və faktları əzbərləyirdilərsə, indi həmin biliklərin praktikada istifadəsi və mənimsənilməsi əsas götürülür.

 

Bu kurikulumun tətbiqindən sonra şagirdlərimiz daha fərqli yetişir. Əvvəlki dövrlərə nisbətən dərslərə daha müasir yanaşır, kommunikasiyaya köklənir, sinifdə öz fikrini sərbəst ifadə etmək imkanı əldə edir.

 

Milli Kurikulum eyni zamanda müəllimlərin peşəkarlıq səviyyəsini artırdı. Bir çox müəllim bəlkə də həyatlarında ilk dəfə peşəkar təlimlərə cəlb olundular. Bu təlimlər geniş müəllim kütləsini əhatə etdi. Ümumilikdə desək, Milli Kurikulum Azərbaycan təhsil sistemini kökündən dəyişdi.

 

Lakin təəssüf ki, müəllimlərin bir qismi repetitorluq praktikasını tam aradan qaldıra bilmədiyi üçün bəzi hallarda yenidən əzbərçi yanaşmalar ortaya çıxır. Bu da məktəbdə aparılan təlim prosesinə mənfi təsir göstərir".

 

Çimnaz Telmanqızı