Yaponiyadakı ABŞ hərbi bazasında partlayış baş verib

Tarix: 10:57 09.06.2025
Yaponiyanın Okinava adasında yerləşən ABŞ-yə məxsus Kadena hərbi hava bazasında partlayış baş verib.
"İnformator.az" bu barədə "Kyodo" agentliyinə istinadla xəbər verir.
Hadisə Yaponiya Özünümüdafiə Qüvvələrinin nəzarətində olan ərazidə baş verib. Həmin ərazidə daha əvvəl çıxarılan, lakin partlamamış döyüş sursatları saxlanılırdı.
Yaponiya Müdafiə Nazirliyinin verdiyi məlumata görə, partlayış hərbçilərin bombaların zərərsizləşdirilməsi əməliyyatına hazırlaşdıqları zaman baş verib.
Partlayış nəticəsində bir neçə yapon hərbçi xəsarət alıb.
Yerli hakimiyyət orqanları bildirib ki, yaxın ərazilərdə yaşayan sakinlərin təxliyəsi ilə bağlı hər hansı göstəriş verilməyib.
Qeyd edək ki, ABŞ-nin Yaponiyadakı hərbi obyektlərinin əksəriyyəti Okinava adasında yerləşir.