Uşaq Qidalanması və Piylənmə Problemi

Tarix: 20:04 09.06.2025
Uşaqların sağlam inkişafı üçün düzgün qidalanma həyati əhəmiyyət daşıyır. Balanslaşdırılmış və yaşa uyğun qidalanma uşağın həm fiziki, həm də zehni inkişafına müsbət təsir göstərir. Lakin son illərdə qeyri-sağlam qidalanma vərdişlərinin artması uşaq piylənməsi problemini daha da aktuallaşdırıb.
Məsələ ilə bağlı pediatr Nigar Adilqızı “İnformator.az”a açıqlamasında bildirib ki, günümüzdə istər qidalanma şəklimiz, istər elektron vasitələrlə olan təmasımız, istərsə də oturaq həyat tərzimiz həm uşaqlar, həm gənclər, həm də yetkinlər arasında bir çox xəstəliklərin artmasına səbəb olur:
“Belə ki, uşaqlar arasında piylənmə, autizm-spektr pozuntuları, gənclərdə polikistik yumurtalıq sindromu, sızanaqlar, tüklənmə, 20 yaşa qədər olanlar arasında insulin rezistentliyi, eləcə də yetkin insanlar arasında bitib-tükənməyən allergik problemlər, bağırsaq problemləri, qaz, həzmsizlik, qəbizlik və sonsuzluğun artması qidalanma ilə, xüsusilə də emal olunmuş fastfood, junkfood və qazlı içkilərin həddindən artıq qəbulu ilə əlaqədardır.
Şirniyyat, çips və karbohidrat tərkibli məhsullar, eləcə də emal olunmuş kolbasa və sosis kimi məmulatlar bağırsaq sistemində orqanik problemlərə və orqanizm üçün çox önəmli olan mikrobiotanın kəmiyyət və keyfiyyət tərkibinin pozulmasına gətirib çıxarır.
Son illər istər valideynlərdən, istərsə də yeniyetmələrdən tez-tez eşitdiyimiz şikayətlər arasında mədə-bağırsaq orqanları ilə əlaqədar həzmsizlik, köp, eləcə də həyat tərzi ilə bağlı olaraq şirniyyat istəyi, əllərdə titrəmə və üşümə halları yer alır. Bu şikayətlərin böyük əksəriyyəti qida rasionunda karbohidratların həddən artıq yer tutması ilə bağlıdır.
Bütün yaş qruplarında, xüsusilə də erkən yaşlarda paketlənmiş qidaların və qazlı içkilərin istifadəsi diabet, insulin rezistentliyi, piylənmə və bir sıra endokrinoloji problemlərin artmasına səbəb olur. Uşaqlar arasında artıq çəkililik müşahidə olunarsa, bu, pediatr müayinəsi zamanı sağlamlıq vəziyyətinin qiymətləndirilməsi ilə yanaşı aparılmalı və ehtiyac olduğu hallarda qidalanma mütəxəssislərindən məsləhət alınmalıdır".
Çimnaz Telmanqızı