Süni intellekt kimlərin evini yıxacaq?

Bölmə: Sosial › ,
Tarix: 22:01 09.06.2025

 

Texnologiyanın sürətlə inkişaf etdiyi dövrdə süni intellektin yaratdığı deepfake və ya reallıqdan seçilməyən videolar həyatımızın hər sahəsinə təsir etməyə başlayıb. Artıq bir videonun həqiqi olub-olmadığını ayırd etmək çox çətinləşib. Sosial mediada yayılan saxta görüntülər ictimai rəyləri dəyişdirə, insanların həyatını alt-üst edə və hətta dövlətlərarası münasibətləri poza bilər.

 

Mövzu ilə bağlı ekspert Elvin Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, süni intellektin müsbət tərəfləri qədər mənfi tərəfləri də vardır və onun inkişafı yalnız insanlar üçün deyil, dövlət və dövlətlərarası münasibətlər üçün də təhlükə yarada bilər:

 

"Bu gün süni intellekt texnologiyalarının – xüsusilə deepfake və generativ video modellərinin – inkişafı ilə həqiqət anlayışı ciddi şəkildə sarsılır. Artıq “gördüyümüzə inanmaq” instinktiv reaksiyamız etibarsız hala gəlib. Bu texnologiyalarla yaradılmış saxta görüntülər sadəcə fərdi nüfuzlara zərər vurmaqla kifayətlənmir, ictimai rəyləri dəyişə, informasiya müharibələrinin alətinə çevrilə, hətta seçkilərin nəticələrinə təsir göstərə bilər. İlkin mərhələdə daha çox əyləncə və kino sənayesində istifadə edilən deepfake bu gün artıq siyasət, media və sosial şəbəkələrdə manipulyasiya məqsədilə geniş şəkildə tətbiq olunur. Digər tərəfdən, bəzi hallarda ölmüş aktyorların filmlərdə canlandırılması və ya tarixdə mövcud olmuş şəxslərin virtual rekonstruksiyası kimi faydalı tətbiqləri də var. Amma balans pozulub – çünki təhlükəli sahələrdə istifadəsi sürətlə artır.

Süni intellekt texnologiyaları yaradıcılıq, təhsil və sənayedə yeni imkanlar açır – məsələn, öyrənmə proseslərini fərdiləşdirmək, əlilliyi olan şəxslərə texnoloji dəstək vermək kimi. Lakin eyni texnologiyalar informasiya manipulyasiyası, şantaj, sosial mühəndislik və dezinformasiya üçün də istifadə edilə bilir. Yəni, bu, texnologiya yox, onun kimlərin əlinə keçdiyi və necə istifadə olunduğu ilə bağlıdır. Təəssüf ki, qeyri-etik və ya siyasi məqsədlərlə istifadə edildikdə, bu “ev yıxan” süni reallıqlar fərdlərin, ailələrin, hətta ölkələrin həyatını alt-üst edə bilər".

 

Ekspert buna qarşı olan hüquqi və etik çərçivələrdən də söz açıb:

 

"Bəzi ölkələrdə deepfake videoların yayımı ilə bağlı məhdudiyyətlər və qanunlar qəbul olunub, lakin bu çərçivələr hələ çox yenidir və çox hallarda yetərsizdir. Problem ondadır ki, texnologiyanın inkişaf sürəti hüququn reaksiya vermə sürətindən qat-qat yüksəkdir. Azərbaycanda da bu sahədə hüquqi boşluqlar mövcuddur. Bunun üçün bəzi qaydalara əməl etmək vacibdir. Əks halda, süni intellekt reallığı deyil, ictimai sabitliyi və şəxsi həyatı saxtalaşdıracaq bir təhdidə çevrilə bilər".

 

Nəzrin Məmmədova