Tibblə bağlı bir sıra ixtisaslara maraq artıb

Bölmə: Sosial › ,
Tarix: 21:46 11.06.2025

Əlavə təhsil üzrə 2 nömrəli Bakı Baza Tibb Kollecində "Tibb bacısı", "Mamalıq işi" ixtisaslarına qəbul yerləri bitib. Həmçinin "Əczaçılıq" ixtisası da dolmaq üzrədir.

 

Bu mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında təhsil eksperti Rizvan Fikrətoğlu bildirib ki, ümumiyyətlə, Tibb Kolleci ilə bağlı düşüncələrdə belə bir fikir var ki, burada təhsil alanların iş tapmaq şansı daha yüksəkdir:

 

 

"Bu baxımdan ən çox üstünlük verilən ixtisaslar tibb bacısı və mamalıqdır. Son illərdə bu sahələrə olan maraq nəzərəçarpacaq dərəcədə artıb. Səhiyyə sahəsindəki ümumi ehtiyacın yüksəlməsi, xüsusilə pandemiyadan sonra bu artıma ciddi təsir göstərib. Covid-19 pandemiyası insanlara səhiyyənin cəmiyyət üçün nə qədər önəmli olduğunu daha aydın göstərib.

 

Pandemiyadan sonra səhiyyə sisteminə və bu sahədə çalışan mütəxəssislərə tələbat artdı, xüsusən də tibb bacısı və mamalıq ixtisasları üzrə. Bu sahələrdə həm dövlət, həm də özəl sektorda geniş iş imkanları mövcuddur. Eyni zamanda, bu peşələr qadınlar üçün etibarlı və hörmətli sahələr hesab olunur. Xarici ölkələrdə də iş imkanları mövcuddur. Məsələn, Türkiyə, Almaniya və Körfəz ölkələrində azərbaycanlı səhiyyə işçilərinə tələbat var. Əlavə təhsil alanların xaricdə iş tapmaq şansı daha yüksəkdir.

 

Əczaçılıq da perspektivli sahələrdəndir. Bu ixtisas üzrə həm istehsalat, həm satış, həm də klinik əczaçılıq sahəsində yerli və xarici imkanlar genişdir. Üstəlik, kolleclər universitetlərlə müqayisədə daha qısa müddətdə – 2-3 il ərzində təhsil almaq imkanı verir və məzunlar daha tez əmək bazarına daxil ola bilirlər.

 

Bəzən bir sahədə ixtisası və işi olan şəxslər də karyera dəyişikliyi üçün bu sahələrə yönəlirlər. Hətta ali təhsilli şəxslər belə, öz ixtisasları üzrə iş tapa bilmədiklərindən tibb yönümlü kolleclərə üz tuturlar".

 

Həmçinin ekspert bildirib ki, statistik göstəricilər də son 3-4 ildə bu ixtisaslara marağın artdığını sübut edir:

 

"Xüsusən də 2020–2025-ci illər arasında tibb kolleclərinə qəbulda ciddi artım müşahidə olunur. Əvvəllər bu ixtisaslara maraq daha sabit və seçici idi. Lakin son illərdə müraciət edənlərin sayı artmaqla yanaşı, müraciət edənlərin yaş qrupları da müxtəlifləşib.

 

Bütün bunları nəzərə alaraq demək olar ki, tibb bacısı, mamalıq və əczaçılıq ixtisaslarına olan maraq təsadüfi deyil. Bu maraq həm sistemli, həm də sosial səbəblərlə bağlıdır və müvəqqəti deyil – orta və uzunmüddətli trendlərlə üst-üstə düşür. Gələcəkdə də bu sahələrə marağın artacağı gözlənilir".

 

Nigar Həsənzadə