"İraqa səfər etməyin"

Tarix: 16:42 12.06.2025
İrandan gələn “Əgər toqquşma baş verərsə, Amerika bazalarını vuracağıq” açıqlamasının ardından ABŞ Bağdad Səfirliyini təxliyə üçün hərəkətə keçib. ABŞ, Bəhreyn və Küveytdəki zəruri olmayan diplomatik heyət və ailələrinin təxliyyəsinə də hazırlaşır. Bağdaddakı ABŞ Səfirliyi isə Amerika vətəndaşlarına İraqa səfər etməməyi tövsiyə edib.
Ağ Evin mətbuat katibinin müavini Anna Kelli təxliyə xəbərlərini təsdiqləyərək, “Dövlət Departamenti xaricdəki ABŞ heyətinin vəziyyətini mütəmadi olaraq nəzərdən keçirir və bu qərar son təhlillər nəticəsində qəbul edilib”, – deyə bildirib.
ABŞ müdafiə naziri Pit Hegset də Yaxın Şərqdəki heyətin ailələri üçün təxliyəyə icazə verildiyini bildirib. Hegset, bölgədəki ABŞ əsgərlərinin ailələrinin könüllü şəkildə bölgədən ayrılmasını təsdiqləyərək, “Yaxın Şərqdəki gərginliyin inkişafını izləyirik”, – deyə qeyd edib.
İraq mənbələri isə təxliyəni zəruri edəcək hər hansı təhlükəsizlik vəziyyətinin olmadığını bildiriblər. Yüksək səviyyəli iranlı təhlükəsizlik rəsmisi də İranın Press TV kanalına verdiyi açıqlamada, ABŞ heyətinin bölgədən çəkilməsinin bir təhdid mesajı olmadığını söyləyib.
İranla ABŞ arasında nüvə danışıqları davam etdiyi bir vaxtda Tramp, əgər danışıqlar razılaşma ilə nəticələnməzsə, İranı “indiyədək görünməmiş şəkildə bombalayacaqlarını” deyib. İranın müdafiə naziri Əziz Nasırzadə isə buna cavab olaraq, ABŞ-nin bölgədəki bütün bazalarının İranın raketlərinin hədəfində olduğunu bildirib və “Danışıqların uğurla nəticələnəcəyinə ümid edirəm, amma uğursuz olarsa və bizə qarşı toqquşma dayandırılarsa, qarşı tərəfin itkiləri bizimkindən daha çox olacaq”, – deyə bəyan edib.
Haberler.com
Aygün Babayeva