İsrail–İran gərginliyi dərinləşir

Tarix: 20:38 13.06.2025
Yaxın Şərqdə gərginlik yeni mərhələyə qədəm qoyub. İsrailin İran ərazisinə endirdiyi hücum beynəlxalq ictimaiyyətin diqqətini cəlb edib. Bu hadisə regionda təhlükəsizlik balansını pozmaqla yanaşı, mümkün genişmiqyaslı münaqişənin xəbərçisi kimi dəyərləndirilir.
İsrailin İrana qarşı hücumunun səbəbləri, İranın cavab reaksiyası və beynəlxalq ictimaiyyətin bu insidentə münasibəti nə olub?
Mövzu ilə bağlı politoloq Həşim Səhrablı "İnformator.az"a bildirib ki, İsrailin bu zərbələri endirməsinin səbəbi, rəsmi bəyanatlarda bildirildiyi kimi, İranın nüvə proqramını inkişaf etdirməsi ilə əlaqələndirilir:
"Ən azından İsrail tərəfi belə iddia edir. İran isə həm İsrailin, həm də Amerikanın bu kimi bəyanatlarına cavab olaraq daim bildirir ki, onların nüvə proqramı yalnız dinc məqsədlər daşıyır və nüvə silahı istehsal etmək niyyətləri yoxdur.
Təbii ki, bu cür təzadlı məqamda kimin haqlı, kimin haqsız olduğunu müəyyənləşdirmək çətin məsələdir. Lakin haqlı və ya haqsız tərəfin kimliyindən asılı olmayaraq, ortada bir reallıq var: İsrailin gecə saatlarında həyata keçirdiyi hücum nəticəsində İranın yüksək vəzifəli şəxslərindən bəziləri, o cümlədən generallar, Baş Qərargah rəisi və 6 nüvə alimi öldürülüb.
Eyni zamanda, İsrail Baş naziri Netanyahunun “məqsədlərimizə çatana qədər zərbələr endirməyə davam edəcəyik” bəyanatı ilə İran tərəfinin “bu hadisəyə görə həm ABŞ-yə, həm də İsrailə layiqli cavab veriləcək” açıqlamaları fonunda məsələnin artıq daha ciddi və təhlükəli müstəviyə keçdiyi görünür.
Hələlik İranın verdiyi cavablar və həyata keçirdiyi hücumlar İsrailin əvvəlki zərbələri ilə müqayisədə adekvat hesab oluna bilməz. Lakin gözləmək olar ki, İran yaxın zamanda cavablarının miqyasını və təsir gücünü artıracaq. Bu isə bölgədə eskalasiyanın daha da dərinləşməsinə və vəziyyətin çıxılmaz həddə çatmasına səbəb ola bilər".
Politoloq əlavə edib ki, hazırda genişmiqyaslı hərbi əməliyyatlar başlamayıb:
"Dövlətlər müharibə vəziyyətində deyillər, yalnız lokal xarakterli zərbələr endirilir. Bu vəziyyətin nə qədər davam edəcəyi və ya genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyi yaxın bir neçə gün ərzində bəlli olacaq. Əgər müharibə davam edərsə, bu, təkcə İran və İsrail üçün yox, bütün Yaxın Şərq üçün böyük itkilərlə nəticələnə bilər.
Bu səbəbdən hər iki tərəfin genişmiqyaslı addımlar atmaqda tərəddüd etdiyi görünür. Mövcud vəziyyəti bəziləri sadəcə “gövdə göstərisi” kimi qiymətləndirir: İran İsrailə göstərmək istəyir ki, heç kimə məhəl qoymadan nüvə proqramını istədiyi kimi inkişaf etdirir; İsrail isə cavab olaraq mesaj verir ki, "dağın dəliyində belə olsa, sənin ən etibarlı hesab etdiyin hədəfləri bir gecədə məhv etmək gücünə malikik".
Hər iki dövlət genişmiqyaslı müharibə istəmir, lakin bir-birinə qarşı güc nümayişi aparır. Bu qarşılıqlı gövdə göstərisi isə İrana ciddi itkilər başa gəldi – çünki dövlətin ən önəmli fiqurları həyatını itirib.
Artıq beynəlxalq reaksiyalar da müşahidə olunmaqdadır. İsraili dəstəkləyən dövlətlər İranı qınayaraq onun nüvə proqramından əl çəkməli olduğunu bildirirlər. İranı dəstəkləyənlər isə İsrailin bu addımlarını sərt şəkildə tənqid edirlər. Bu da göstərir ki, məsələdə “kim haqlıdır” sualından daha çox, dövlətlərin öz maraqları əsas rol oynayır. İsraili dəstəkləyənlər bunu öz xarici siyasət maraqlarına uyğun etdikləri kimi, İranı dəstəkləyənlər də ya İsrailə qarşı mövqelərinə, ya da öz milli maraqlarına görə bu xətti seçirlər.
Hər halda indi gözləmək qalır – hələ hər şey qarşıdadır. Hadisələrin genişmiqyaslı müharibəyə çevrilib-çevrilməyəcəyi İranın verəcəyi növbəti cavabdan asılı olacaq. İranın cavabı və İsrailin bu cavaba reaksiyası bu məsələnin hansı istiqamətdə inkişaf edəcəyini müəyyən edəcək".
Türkan Kərimli
AZAL Yaxın Şərqdə baş verən son hadisələrlə bağlı bir neçə istiqamətdə reysləri ləğv edib
Ceyhun Bayramov və Seyid Abbas Ərağçi İsrailin İrana hücumundan sonra yaranan vəziyyəti müzakirə ediblər