Mossadın 8 aylıq əməliyyatı: İsrail İrana belə daxil olub

Tarix: 21:03 13.06.2025
İsrailin İrana qarşı həyata keçirdiyi hücumun arxasında aylarla davam edən genişmiqyaslı gizli əməliyyat dayanıb. İsrail mətbuatı və təhlükəsizlik mənbələrinin verdiyi məlumata görə, hücumdan öncə Mossad-ın xüsusi təyinatlı qrupları İran ərazisinə sızaraq hazırlıq işləri aparıb.
Bildirilir ki, əməliyyat üç mərhələdən ibarət olub. Birinci mərhələdə İranın hava hücumundan müdafiə sistemləri hədəfə alınıb. Mossad komandoları İranın mərkəzində yerləşdirilən uzaqdan idarə olunan silah sistemlərini aktivləşdirərək, strateji nöqtələrdəki hava müdafiə qurğularını sıradan çıxarıb.
İkinci mərhələdə isə mülki nəqliyyat vasitələrinə quraşdırılmış elektron sistemlər vasitəsilə İranın radar və hava nəzarət şəbəkəsi çökdürülüb. Bu texniki vasitələr Mossad agentləri tərəfindən hücumdan az əvvəl işə salınıb.
Son mərhələdə Tehran yaxınlığında yaradılmış gizli pilotsuz uçuş aparatları bazasından partlayıcı yüklü dronlarla zərbələr endirilib. Hədəf, İsrailə təhlükə yaratdığı iddia edilən silah anbarları və hərbi obyektlər olub.
İsrailin məlumatına görə, hücum nəticəsində İranın iki yüksək rütbəli hərbi komandiri və bir neçə nüvə mütəxəssisi öldürülüb.
Rəsmi Tehran hələlik bu iddialara münasibət bildirməsə də, bölgədəki vəziyyətin daha da gərginləşdiyi müşahidə olunur.
Mənbə: Haber Global
Türkan Kərimli