Azərbaycan və İordaniya arasında əməkdaşlıq genişlənir-Tofiq Abbasov

Tarix: 17:20 23.06.2025
İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyası çərçivəsində Azərbaycan və İordaniya arasında keçirilən yüksək səviyyəli görüş, bölgədəki mürəkkəb geosiyasi vəziyyət fonunda diqqət çəkir. Görüş zamanı iki ölkə arasında ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, regional təhlükəsizlik və xüsusilə Yaxın Şərqdəki İsrail-İran qarşıdurması kimi məsələlər müzakirə edilib.
Mövzu ilə bağlı politoloq Tofiq Abbasov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan və İordaniya arasında əməkdaşlıq hər iki ölkənin regionda sabitlik siyasətinə töhfə verir:
“Ümumiyyətlə, xarici siyasətdə ‘birinci’ və ya ‘ikinci dərəcəli’ ölkə anlayışı düzgün deyil. Hər ölkə bir səsdir. Azərbaycanla İordaniyanın yaxınlaşması iqtisadi əlaqələrin inkişafı, xalqların mədəni baxımdan bir-birinə yaxınlaşması baxımından olduqca faydalıdır. Biz 90-cı illərdən bəri bu ölkə ilə sıx münasibətlər qurmuşuq, heç bir qaranlıq məqam olmayıb.
Bugünkü geosiyasi fon, xüsusilə İsrail və İran arasında artan gərginlik, Azərbaycan və İordaniya kimi sabitləşdirici ölkələrin rolunu önə çıxarır. Bu ölkələr münaqişənin genişlənməsinə qarşı çıxır və regionda sülh təşəbbüslərini dəstəkləyir. Mürtəce qüvvələr isə əksinə, müharibədən, qeyri-qanuni fəaliyyətlərdən faydalanmağa çalışırlar.
İordaniya vaxtilə Fələstin radikallığının qarşısını almağa çalışıb və müəyyən nəticələr əldə edib. Azərbaycan isə erməni separatçılığına qarşı uğurlu mübarizə aparıb. Bu sahədə təcrübə mübadiləsi mümkündür. Regionda sülhün, sabitliyin olması həm də iqtisadi baxımdan yeni imkanlar yaradacaq”.
Ekspert bildirir ki, Azərbaycan və İordaniya əməkdaşlığı regionda sabitliyə töhfə verə bilər:
“Əgər bölgədə sülh bərqərar olsa, radikal qüvvələr zəifləyəcək. Sabitlik olduqda isə regionda yeni iqtisadi layihələr reallaşa bilər. Məsələn, Cənubi Qafqazda yeni investisiya təşəbbüsləri, nəqliyyat və enerji layihələri həm Azərbaycanın, həm də İordaniyanın maraqlarına uyğundur. Azərbaycanın bu gün ərəb dünyasında nüfuzu böyükdür və bu, qarşılıqlı münasibətlərə də öz təsirini göstərir.
Ən əsası isə, xalqlar arasında yaxınlıq artır. Mədəni, humanitar sahələrdə tez-tez layihələr həyata keçirilir. Tarazlıq və sabitlik şəraitində gələcək perspektivlər daha aydın görünür”.
Solmaz Muradova