Avropanın ən təhlükəli şəhərlərinin adı açıqlanıb

Bölmə: Maraqlı › ,
Tarix: 17:05 04.03.2016

Dünyanın ən böyük insan qaynaqları şirkətlərindən biri olan “Mercer” hər il yayımladığı yaşayış keyfiyyəti indeksi ilə yanaşı Avropanın ən təhlükəli şəhərlərini də açıqlayıb.

İnformator.az xəbər verir ki, digər ölkələrlə əlaqələr, daxili sabitlik, cinayət faizi və hüquqi vəziyyət kimi parametrlərin diqqət yetirildiyi sıralamada Avropanın ən təhlükəli şəhəri Ukraynanın paytaxtı Kiyev olub. Ölkənin şimalındakı Donetsk və Luqansk əyalətlərinin idarəçiliyinin Rusiya tərəfdarlarına keçməsinə mane ola bilməyən Kiyev rəhbərliyinin paytaxtdakı etnik qarşıdurmalara, oğurluq hadisələrinə, şiddət nümayişlərinə və soyğunçuluğa mane ola bilmədiyi qeyd edilib. Kiyev 230 şəhərdən ibarət dünya təhlükəsizlik sıralamasında da 189-cu yeri tutub.

Siyahıda ikinci yerdə Serbiyanın paytaxtı Belqrad yerləşib. Ümumi sıralamada 131-ci olan Belqradda şiddət cinayətlərinin nisbətən az olduğu, amma rüşvət, oğurluq və vandallıq kimi şəxsi təhlükəsizliyə problem yaradan vəziyyətin olduğu qeyd edilib.

Dünya sıralamasında 124-cü olan Yunanıstanın paytaxtı Afina Avropanın ən təhlükəli üçüncü şəhəri olub. “Mercer” hesabatında “Siyasi və iqtisadi qarışıqlıqla yanaşı şiddətli nümayişlər və miqrant axını Afinayı təhlükəsizlik siyahısında geriləməsinə səbəb olub”,- deyilib.

Bolqarıstanın paytaxtı Sofiya, Macarıstanın paytaxtı Budapeşt, İspaniyanın paytaxtı Madrid müvafiq olaraq Avropanın 4,5 və 6-cı ən təhlükəli şəhərləri seçilib.

Dünyanın ən təhlükəli şəhərləri arasında isə İraqın paytaxtı Bağdad birinci, Suriyanın paytaxtı Dəməşq ikinci, Yəmənin paytaxtı Sana dünyanın üçüncü ən təhlükəli şəhəri olub. Bu şəhərləri Mərkəzi Afrika Respublikasının Bangui, Konodan Kinşasa, Pakinstandan Kəraçi və Kenyadan Nairobi izləyib.