“Məqsədin hara, sən də ora”İxtisas seçimində nələrə diqqət edilməlidir?-Ekspert Açıqlayır

Bölmə: Sosial › ,
Tarix: 19:25 25.06.2025


İmtahanlar arxada qalıb, indi isə abituriyentləri daha həssas, çətin və məsuliyyətli bir dönəm- ixtisas seçimi gözləyir. Bu gənclərin gələcək həyatında rol oynayacaq mühüm dönəmdir.


Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, məsuliyyətin bir tərəfi bal toplamaqdırsa, digər tərəfi düzgün ixtisas seçməkdir:

 


“İxtisas seçimi abituriyentin gələcək peşəsini, həyat tərzini və şəxsi inkişafını müəyyənləşdirən ən həlledici mərhələlərdən biridir. Bu dövrdə həm abituriyentlər, həm də valideynlər emosional, psixoloji və informasiya baxımından ciddi dəstəyə ehtiyac duyurlar. İxtisas seçimi gəncin gələcək həyat yolunun başlanğıcıdır. Bu seçim onun hansı sahədə çalışacağını, hansı mühitdə işləyəcəyini, nə qədər gəlir əldə edəcəyini və cəmiyyətə necə töhfə verəcəyini müəyyən edir. Sevərək seçilən ixtisas motivasiya yaradır, şəxsi inkişafı sürətləndirir və nəticədə peşəkar uğura səbəb olur. Beləliklə, insan öz sahəsində mütəxəssisə çevrilir və bilmədiklərini də sevə-sevə öyrənir. Düzgün olmayan seçim gənci maraqsız və yorucu təhsil prosesinə, uğursuz iş həyatına sürükləyə bilər. Bu isə həm vaxtın, həm də maddi-mənəvi resursların itirilməsi deməkdir”.

 


Ekspert onu da qeyd edib ki, ixtisas seçərkən gəncin şəxsi maraqları, hansı sahəyə daha çox meyilli olduğu, həmin ixtisasın hansı universitetlərdə tədris olunduğu və o universitetlərin keyfiyyəti nəzərə alınmalıdır:

 


“Universitetin dünya reytinqindəki mövqeyi, həmin ixtisasın əmək bazarında nə qədər aktual olduğu da əhəmiyyətlidir. Gəncin bu sahədə özünü nə dərəcədə bacarıqlı hiss etməsi vacib məqamlardandır.


Bəzən valideynlər gəliri yüksək olan sahələrə yönəlməyi üstün tuturlar və bu zaman gəncin daxili istəkləri kölgədə qalır. Ancaq burada əsas olan reallıqla arzular arasında tarazlıq yaratmaqdır. Həmçinin seçim zamanı alternativlər də nəzərə alınmalıdır. İxtisas seçimi zamanı bütün yerləri doldurmaq daha məqsədəuyğundur. İlk yerlərə balından yüksək olan, ortalara yaxın bal uyğunluğu olan, son yerlərə isə balından aşağı olan, lakin maraq göstərdiyi sahələri yazmaq olar.

 

Seçim zamanı təkcə bal əsas götürülməməlidir. Son illərin keçid balları, plan yerlərindəki artım və ya azalma, abituriyentlərin sayı və ümumi nəticələr də dəyərləndirilməlidir. Bu məlumatlar, əsasən, ikinci imtahan nəticələrindən sonra açıqlanan statistik jurnallarda yer alır. Əmək bazarındakı tendensiyalar nəzərə alınmalıdır. Seçiləcək ixtisasın gələcəkdə perspektivli olub-olmaması vacibdir. Universitetin həmin ixtisas üzrə tədris səviyyəsi də qiymətləndirilməlidir. Çünki eyni ixtisas fərqli universitetlərdə müxtəlif imkanlarla və fərqli keyfiyyətlə təklif olunur. Valideynlər seçim zamanı təzyiq deyil, dəstək göstərməlidirlər. Qərarvermədə gəncin fikri əsas olmalıdır. Panikaya düşmək və ya yalnız bal əsasında qərar vermək doğru yanaşma deyil. Gənc əvvəlcə maraq və qabiliyyətlərini müəyyənləşdirməli, sonra ixtisas seçməlidir. Abituriyent istədiyi ixtisasa daxil ola bilmirsə, ona yaxın olan digər sahələrə yönələ bilər. Heç birinə maraq yoxdursa, universitetə sadəcə oxumaq xatirinə daxil olmaq əvəzinə, bir il daha hazırlaşıb daha yüksək nəticə ilə yenidən şansını sınamaq olar. İxtisas seçimi zamanı prioritetlərin müəyyənləşdirilməsi qərarverməni asanlaşdırır və daha məqsədyönlü seçim etməyə kömək edir. Gənc topladığı bal üzrə bir neçə ixtisas arasından hansının ona daha uyğun olduğunu müəyyənləşdirib seçim etməlidir.

 

Əsas prinsip bu olmalıdır: “Bal hara, sən ora” deyil, “Sənin məqsədin hara, sən də ora”. Bu il plan yerlərində müəyyən artım olsa da, abituriyent sayında da artım müşahidə olunur. Bu amil, xüsusilə mühəndislik sahəsində bəzi ixtisaslarda balların nisbətən aşağı düşməsinə səbəb ola bilər. Balı istədiyi ixtisasa çatmayan abituriyentlər ona yaxın sahələri nəzərdən keçirə bilərlər. Bununla yanaşı, xaricdə təhsil imkanları da qiymətləndirilə bilər. Türkiyə, Rusiya, Polşa, Macarıstan, Litva kimi ölkələrdə attestatla qəbul mümkündür. Xaricdə təhsil yeni mühit, fərqli perspektiv və beynəlxalq diplom imkanı yaradır. Peşə və texniki ixtisaslar da unudulmamalıdır. Ənənəvi universitet təhsili hər kəs üçün uyğun deyil. İT, proqramlaşdırma, qrafik dizayn, veb dizayn, avtomexanika, elektrik, turizm, kulinariya, tikinti kimi sahələr üzrə peşə təhsili ilə də uğurlu karyera qurmaq mümkündür”.


Əminə Əliyeva