Yekaterinburq hadisəsi fonunda yaranan narahatlıq-Azərbaycan–Rusiya münasibətləri

Tarix: 16:58 01.07.2025
Son günlərdə Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı gənclərə qarşı hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən amansız tədbirlər və iki nəfərin öldürülməsi cəmiyyətdə böyük narahatlıq doğurub. Milli Məclisin deputatı Tahir Rzayev bu hadisəni insanlığa zidd və Azərbaycan–Rusiya münasibətlərinə ciddi xələl gətirə biləcək təhlükəli tendensiya kimi qiymətləndirib.
Eyni zamanda, Rusiyada yaşayan azərbaycanlılara qarşı son aylarda təzyiqlərin artması və bu prosesin bəzi dairələrin təxribat xarakterli addımları ilə bağlı olması suallar doğurur.
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, baş verənlər təkcə hüquqi yox, həm də siyasi məzmun daşıyır və bu, Rusiya dövlətinin planlı yanaşmasının nəticəsi ola bilər:
“Yekaterinburqda baş verənlər hansısa vilayət rəhbərliyinin özbaşına addımı kimi yox, Rusiya dövlətinin məqsədli siyasətinin təzahürü kimi qiymətləndirilməlidir. Bu, miqrantlara qarşı terrorçu münasibətin nümunəsidir. Rusiyanın son 150 illik tarixi bu cür hadisələrlə doludur və bu, dövlət siyasətindən qaynaqlanır. Bu cür davranışlar Rusiyanın qeyri-rus millətlərinə və İslama qarşı formalaşmış üstünlük təfəkkürünün nəticəsidir,” – deyə politoloq vurğulayıb.
O, əlavə edib ki, Rusiyanın Azərbaycana təzyiqləri Ukrayna məsələsində Azərbaycanın tutduğu prinsipial mövqe ilə əlaqəlidir:
“Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi, Rusiyanın istəklərinə qarşı çıxması, müdafiə sektorunun müstəqil şəkildə qurulması və Rusiyanın yaratdığı ittifaqlardan uzaq durması Kremli qəzəbləndirən əsas faktorlardır”.
Politoloq həmçinin qeyd edib ki, bu təzyiqlər 2022-ci ildə imzalanan müttəfiqlik sazişinin ruhuna ziddir:
“Rusiya Azərbaycanla imzaladığı memorandumun şərtlərinə əməl etmir. Əksinə, bu müddət ərzində biz sərnişin təyyarəsinin vurulması, deputatların deportasiyası və kibertəxribatların şahidi olmuşuq. Bu, münasibətləri gərginləşdirən açıq təzyiq formalarıdır”.
Görülən diplomatik tədbirlərə gəlincə, Oqtay Qasımov bildirib ki, Azərbaycan artıq ilkin addımları atıb:
“Rusiya səfiri Xarici İşlər Nazirliyinə çağırılıb, nota təqdim olunub. Eyni zamanda, Rusiya baş nazirinin səfəri təxirə salınıb, parlament əməkdaşlıq tədbirləri və mədəni layihələr ləğv olunub. Bu, Azərbaycanın Rusiyaya mesajıdır ki, bu dildə danışmaq düzgün deyil və nəticələri ağır ola bilər”.
Sonda politoloq qeyd edib ki, Azərbaycan bu təzyiqlərə boyun əyməyəcək və müstəqil siyasətindən geri çəkilməyəcək:
“Azərbaycan cəmiyyəti və dövləti bu təzyiqlərin qarşısında geri addım atmayacaq. Əksinə, Rusiya bu münasibətlərin gərginləşməsindən daha çox zərər görəcək”.
Solmaz Muradova