Almaniya İranın Berlindəki səfirini Xarici İşlər Nazirliyinə çağırıb

Tarix: 21:27 01.07.2025
Almaniya Danimarka vətəndaşının İran kəşfiyyatına casusluq ittihamı ilə paytaxt Berlində saxlanılmasından sonra İranın Berlindəki səfiri Məcid Nili Əhmədabadini Xarici İşlər Nazirliyinə çağırıb.
“Bild” qəzeti 53 yaşlı Əfqanıstan əsilli Danimarka vətəndaşı Əli S.-nin İran kəşfiyyatı adından Berlində yəhudi vətəndaşları və qurumlarına casusluq etdiyi iddiası ilə saxlanıldıqdan sonra səfir Əhmədabadinin Xarici İşlər Nazirliyinə çağırıldığını yazıb.
Məlumatda qeyd olunub ki, Almaniya səfirə öz reaksiyasını çatdırıb.
Şübhəli Əli S. Karlsrue Federal Prokurorluğunun tələbi ilə iyunun 26-da Danimarkanın Orhus şəhərində saxlanılıb. Əli S. Danimarkadan Almaniyaya ekstradisiya edildikdən sonra hakim qarşısına çıxarılacağı açıqlanıb.
Almaniya Federal Prokurorluğundan verilən açıqlamada, Əli S.-yə İran kəşfiyyatı tərəfindən bu ilin əvvəlində Berlindəki yəhudi mərkəzləri və müəyyən yəhudi şəxslər haqqında məlumat toplamaq tapşırığı verildiyi iddia edilib.
CNN Türk
Əminə Əliyeva