Türkiyədə 30 vilayətdə FETÖ əməliyyatı: 156 nəfər saxlanılıb, 65-i həbs olunub

Bölmə: Dünya › ,
Tarix: 21:30 01.07.2025

 

Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında paylaşdığı məlumatda bildirib ki, son iki həftə ərzində İstanbul, Ankara və İzmir də daxil olmaqla 30 vilayətdə FETÖ terror təşkilatına qarşı jandarma qüvvələrinin keçirdiyi əməliyyatlarda ümumilikdə 156 nəfər saxlanılıb.

Nazirin açıqlamasına görə, saxlanılan şəxslərdən 65-i barəsində həbs qərarı çıxarılıb, 34 nəfər məhkəmə nəzarəti ilə sərbəst buraxılıb. Digər şübhəlilərlə bağlı istintaq tədbirləri davam etdirilir.

Əməliyyatlar zamanı saxlanılan şəxslərin FETÖ-nün hazırkı təşkilati strukturu çərçivəsində fəaliyyət göstərdikləri, təşkilat məsulları ilə taksofonlar vasitəsilə əlaqə saxladıqları, təşkilatın maliyyələşdirilməsi və sosial media üzərindən təbliğatının aparılması ilə məşğul olduqları müəyyən edilib.

Əməliyyatlar Adana, Adıyaman, Amasya, Ankara, Artvin, Aydın, Balıkesir, Batman, Bursa, Diyarbakır, Edirne, Elazığ, Erzurum, Eskişehir, Qaziantep, Giresun, Hatay, İstanbul, İzmir, Kırıkkale, Kocaeli, Mardin, Muğla, Kütahya, Sakarya, Siirt, Şanlıurfa, Trabzon və Yozgat vilayətlərində həyata keçirilib. Bu bölgələrdə çox sayda təşkilati sənəd və rəqəmsal material ələ keçirilib.

Əli Yerlikaya əməliyyatlara dəstək verən vilayət qubernatorlarını, Respublika Baş Prokurorluqlarını, jandarma komandanlıqlarını və əməkdaşlarını təbrik edərək vurğulayıb:
“Millətimizin birlik və həmrəyliyinə, dövlətimizin bütövlüyünə, sülh və vətəndaşlarımızın rifahına təhdid yaradanlara qarşı mübarizəmizi qətiyyətlə davam etdiririk.”

Mənbə: TRT Xəbər
Türkan Kərimli