Rusdilli məktəblər ləğv olunur?

Tarix: 14:42 02.07.2025
Azərbaycanda təhsil sistemində mühüm dəyişikliklər baş vermək üzrədir. Qarşıdakı üç il ərzində rusdilli məktəblərin mərhələli şəkildə azərbaycandilli məktəblərlə əvəzlənməsi planlaşdırılır. Bu qərar dil siyasəti və milli kimliyin qorunması baxımından strateji addım kimi qiymətləndirilir. İslahatın məqsədi dövlət dilinin istifadəsini genişləndirmək və təhsildə vahid dil mühitini formalaşdırmaqdır. Bu dəyişiklik həm müəllim heyəti, həm də şagird və valideynlər üçün yeni bir mərhələnin başlanğıcı olacaq.
Bu mövzu ilə bağlı açıqlamasında təhsil eksperti Elçin Əfəndi "İnformator.az"a bildirib ki, rusdilli məktəblərin Azərbaycan Respublikasında bağlanılması məsələsi hələ ki, müzakirə mövzusudur:
"Ola bilsin ki, növbəti illərdə bu qərar qəbul ediləcək. Amma hazırkı vəziyyətdə, təbii ki, belə bir qərar verilərsə, ilk növbədə biz öz Konstitusiyamıza hörmətlə yanaşmalıyıq.
Çünki ölkəmizdə vahid dil Azərbaycan dilidir və nəzərə alsaq ki, Rusiya daimi olaraq işğalçı və imperialist elementlərdən məhz dil vasitəsilə istifadə edir. Həmin elementlərdən biri də rus dilinin tədris olunması məsələsidir. Biz bunu Ukraynada, Gürcüstanda və Qazaxıstanın şimalında baş verən ixtişaşlarda müşahidə etmişik.
Ona görə də, əlbəttə ki, dövlət üçün təhdid olan məsələlər mütləq tədricən aradan qaldırılmalıdır. Bu nöqteyi-nəzərdən, qərar ləğv olunarsa, təbii ki, təhsil sistemində müəyyən irəliləyişə nail olmaq mümkün olacaq.
Qaldı ki, şagirdlərin ana dilində təhsil almalarının onların inkişafına təsiri necədir? Əlbəttə, müsbət mənada təsir göstərəcək. Biz müşahidə edirik ki, bəzi hallarda, hətta çox hallarda azərbaycanlı ailələr öz övladlarını rus bölməsinə qoyurlar. Amma uşaq nəticədə zəif biliklər formalaşdırır və bu da ali təhsil müəssisələrinə qəbulda özünü göstərir.
Məsələn, Azərbaycan bölməsində 600-650 bal toplanırsa, rus bölməsində müəyyən ixtisaslarda 300-400 bal olur. Ona görə düşünürəm ki, bu, dilin inkişafına və onların təhsilinə müsbət təsir göstərəcək.
Rus dili müəllimlərinin yeni şəraitə uyğunlaşmasına gəlincə, əlbəttə ki, həmin müəllimlər ixtisasartırma və ixtisas dəyişmə prosesinə cəlb olunmaqla Azərbaycan bölməsində tədrisə cəlb oluna bilərlər".
Xəlilli Nigar