Azərbaycan–Makedoniya əməkdaşlığında yeni addım

Tarix: 17:26 02.07.2025
Azərbaycan və Şimali Makedoniya arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi ilə bağlı saziş bu ilin 12 mart tarixində Bakıda imzalanıb və Prezident İlham Əliyevin təsdiqi ilə qüvvəyə minib. Bu addım iki ölkə arasında rəsmi və işgüzar səfərlərin sadələşdirilməsini təmin etməklə yanaşı, iqtisadi əlaqələrin dərinləşməsi üçün də mühüm zəmin yaradır.
İqtisadçı Natiq Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, diplomatik və xidməti pasport sahiblərinə vizasız rejimin tətbiqi yeni bir hal olmasa da, bu qərarın arxasında strateji məqsədlər dayanır:
“Təbii ki, diplomatik və xidməti pasportların vizasız gediş-gəlişi təəccüblü bir şey deyil. Məsələn, Avropa Birliyi ölkələrinə diplomatik pasportla vizasız səfərlər artıq mümkündür. Burada əsas məsələ odur ki, hər iki ölkə qarşılıqlı investisiyaların təşviqi ilə bağlı strateji qərar qəbul edib”.
Onun sözlərinə görə, bu saziş gələcəkdə adi vətəndaşlara da şamil edilərsə, turizm sahəsində də canlanma müşahidə oluna bilər. İqtisadi əməkdaşlıq kontekstində isə Cəfərli diqqəti enerji məsələlərinə yönəldir:
“Şimali Makedoniya qaz təchizatında müəyyən çətinliklər yaşayır. Onların illik ehtiyaclarını yarım milyard kubmetr qaz tam şəkildə ödəyə bilər. Bu baxımdan, Azərbaycanın enerji sahəsində yardım göstərə biləcəyi istisna deyil və bu da münasibətlərin genişlənməsinə gətirib çıxara bilər”.
İqtisadçının fikrincə, tərəflər arasında qarşılıqlı investisiya və iqtisadi layihələrin artması istisna edilmir. Bu addım həm də Avropa regionunda Azərbaycanın enerji təchizatçısı kimi rolunun daha da möhkəmləndirilməsinə səbəb ola bilər.
Solmaz Muradova