Posttravmatik stress pozuntusu (PTSP)-Müharibə və zorakılıqdan sonra

Tarix: 13:29 03.07.2025
Posttravmatik stress pozuntusu (PTSP) — insanın çox ağır, qorxulu və ya həyatının təhlükə altında olduğunu hiss etdiyi bir hadisədən sonra yaşadığı uzunmüddətli psixoloji pozuntudur.
Məsələ ilə bağlı psixiatr Almara Ağaqızı “İnformator.az”a açıqlamasında bildirib ki, PTSP müxtəlif ağır travmalar nəticəsində yarana bilər:
“Travma hadisəsindən sonra bəzi insanlar psixoloji cəhətdən özlərini toparlaya bilirlər, bəziləri isə bu pozuntunu illərlə daşıyır. PTSP yaşayan şəxs üçün ailənin, həyat yoldaşının və dostların emosional dəstəyi həyati əhəmiyyət daşıyır. Onların yanaşması sağalmanın əsas hissəsini təşkil edə bilər.
Zorakılıqdan çıxmış bir qadın, faciədən sağ çıxmış bir uşaq — hamısı şəfa tapa bilər. Sadəcə bu pozuntunu ciddi qəbul etmək, utanmadan danışmaq və yardım almağa cəsarət etmək lazımdır.
Tövsiyə edirəm ki, bu pozuntudan əziyyət çəkən insanlara travmanı xatırlatmayın. “O vaxt nə olmuşdu?” kimi suallar əlavə travmatizasiya yarada bilər. Səbirli olun. Bu pozuntu bir gündə yaranmadığı kimi, sağalması da zaman tələb edir. Dinləyin, amma sorğu-sual etməyin. Onun yanında olduğunuzu hiss etdirin".
Çimnaz Telmanqızı