İsrail HƏMAS-la danışıqlar üçün Qətərə nümayəndə heyəti göndərib

Tarix: 17:43 07.07.2025
“Danışıqlar heyəti Qətərin paytaxtı Dohaya, HƏMAS-la arada vasitəçilər vasitəsilə qalan mübahisəli məsələləri müzakirə etmək üçün yola düşüb”.
Mövzu ilə əlaqədar politoloq Tural İsmayılov “İnformator.az”a müsahibəsində bildirib ki, İsrailin belə bir zamanda HƏMAS-la danışıqlara getməsinin bir neçə əsas motivasiyası var:
“Əvvəla, İsrail cəmiyyətində və beynəlxalq aləmdə girovların azad edilməsi üçün təzyiqlər artır. Girovların azad olunması və atəşkəsin əldə olunması, həm də beynəlxalq imic baxımından İsrail üçün vacibdir. Eyni zamanda, davam edən hərbi əməliyyatların iqtisadi və sosial yükü İsrail hökumətini siyasi həll yollarını axtarmağa məcbur edir. İsrail tərəfi həm də HƏMAS-ın təklif etdiyi bəzi dəyişiklikləri qəbul etməsə də, danışıqlarda iştirak etməklə diplomatik təşəbbüslərin davam etdiyini nümayiş etdirmək istəyir. Bu, həm daxili, həm də xarici auditoriyaya İsrailin sülhə açıq olduğunu göstərmək üçün bir vasitədir. Qətər uzun illərdir Yaxın Şərqdə neytral vasitəçi kimi çıxış edir və həm HƏMAS-la, həm də İsraillə əlaqələri qoruyub saxlayır. Qətərin paytaxtı Dohada HƏMAS-ın siyasi ofisinin yerləşməsi və Qətərin həm Qərb, həm də region ölkələri ilə yaxşı münasibətləri vasitəçilik imkanlarını artırır. Qətər, digər vasitəçilər – ABŞ və Misir – ilə birlikdə danışıqlar prosesini təşkil edir və tərəflər arasında birbaşa əlaqənin mümkün olmadığı şəraitdə dialoqu təmin edir”.
Ekspertin sözlərinə görə, Qətərin bu rolu onun “hər kəslə danışan, heç kimə tam bağlı olmayan” siyasəti ilə formalaşıb və regionda bir çox uğurlu vasitəçilik təcrübəsi var:
“Hazırkı mərhələdə İsrail-HƏMAS danışıqlarının nəticəsiz qalması bölgədə vəziyyəti daha da gərginləşdirə bilər. Siyasi dialoqun pozulması hər iki tərəfdə radikal mövqelərin güclənməsinə səbəb olacaq. İsrail cəmiyyəti girovların azad edilməməsi fonunda hökumətə təzyiqləri artıracaq, bu isə hərbi əməliyyatların intensivləşməsinə gətirib çıxara bilər. HƏMAS isə atəşkəsin əldə olunmamasını öz tərəfdarlarına müqavimətin davamı üçün əsas kimi təqdim edəcək. Qətərin və digər vasitəçilərin səyləri nəticə verməsə, regionda yeni humanitar böhran dalğası yarana bilər. BMT və beynəlxalq təşkilatların xəbərdarlıqları bölgədə ictimai xidmətlərin çökməsi riskini ön plana çıxarır. Hərbi əməliyyatların sərtləşməsi təkcə Qəzza üçün deyil, bütün Yaxın Şərq üçün təhlükəli domino effekti yarada bilər. İsrailin daha sərt hərbi strategiyaya keçməsi, HƏMAS-ın isə raket hücumlarını artırması ehtimalı yüksəlir. Eyni zamanda, siyasi həll yollarının tükənməsi beynəlxalq vasitəçilərin rolunu zəiflədir. Qətərin vasitəçi rolu sual altına düşə bilər və bu, danışıqların gələcəkdə daha da çətinləşməsinə səbəb olar. Regionda yeni qaçqın axını, infrastrukturun dağılması və humanitar fəlakət riski aktuallaşır. Sülh danışıqlarının uğursuzluğu həm də digər radikal qrupların fəallaşmasına zəmin yarada bilər. Belə bir ssenaridə tərəflər arasında etimad tamamilə itə bilər və yeni diplomatik imkanlar uzun müddət gündəmdə olmayacaq. Nəticədə, bölgədə sabitliyin bərpası üçün daha güclü beynəlxalq müdaxilə tələb oluna bilər”.
Asiman Vəliyeva