BRİKS liderləri Qəzzada atəşkəsə çağırış ediblər

Tarix: 20:47 07.07.2025
BRİKS ölkələrinin liderləri İsrail ordusunun Qəzza zolağından və bütün işğal olunmuş Fələstin ərazilərindən tamamilə çıxmasını, eləcə də Qəzzada davamlı və qeyd-şərtsiz atəşkəsin təmin olunmasını tələb ediblər. Bu barədə Braziliyada keçirilən sammitin yekun bəyannaməsində qeyd olunub.
Sənəddə vurğulanır ki, BRİKS üzvləri Qəzza zolağını Fələstin Dövlətinin ayrılmaz hissəsi hesab edir və bu dövlətin müstəqillik əldə etməli olduğunu bildirirlər.
BRİKS liderləri Fələstin anklavına humanitar yardımın çatdırılmasının zəruriliyini vurğulayıblar. Onlar həmçinin israilli girovların və fələstinli məhbusların tezliklə azad edilməsinə çağırıblar.
Bundan əlavə, bəyannamədə qeyd olunur ki, Qəzza və İordan çayının qərb sahilinə Fələstin dövləti administrasiyası rəhbərlik etməlidir. BRİKS ölkələri həmçinin Suriyanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyünə sadiqliklərini ifadə ediblər.
BRİKS liderləri eyni zamanda İrana qarşı hava zərbələrini də qınayıblar.
Qeyd edək ki, BRİKS-in təsisçiləri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrikadır və bu qurum dünya iqtisadiyyatında mühüm mövqeyə sahibdir.
Ayan Əsgərova
Anadolu Agency