İsrailin Qəzzada həyata keçirdiyi soyqırım bölgədə əldə edilən inkişafı sıfırlayıb-Hakan Fidan

Bölmə: Dünya › ,
Tarix: 20:49 07.07.2025

İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı bölgədə onilliklər boyu əldə edilən inkişafı sıfırlayıb. Bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Riu-de-Janeyroda keçirilən BRİKS sammitinin iclasında deyib. İclas “Çoxtərəfliliyin gücləndirilməsi, iqtisadi və maliyyə məsələləri, eləcə də süni intellekt” mövzusuna həsr olunub.

 

“Əgər İsrailin təcavüzü və ekspansiyası nəzarət altına alınmasa, bunun nəticələri qlobal miqyasda hiss olunacaq”,– deyə türkiyəli nazir vurğulayıb.

 

Fidan bildirib ki, çoxtərəflilikdən imtina edilə biləcək bir seçim deyil. Onun sözlərinə görə, uzun illər ərzində məhz çoxtərəfli yanaşma tərəqqinin hərəkətverici qüvvəsi olub və gündəlik həyata – mülki aviasiyadan tutmuş səhiyyə sistemlərinə, ədalətli ticarətdən rəqəmsal sahədə standartlara qədər – təsir göstərib.

 

Fidan vurğulayıb ki, İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı bölgədə onilliklər boyu əldə edilən inkişafı sıfırlayıb. “Fələstin xalqının faciəsi bu gün çoxtərəfliliklə bağlı müzakirələrimizin mərkəzində yer alır. Bu vəziyyət beynəlxalq sülh və təhlükəsizliyi təmin etməli olan təşkilatlar üçün ciddi legitimlik böhranıdır”,– deyə Türkiyənin xarici işlər naziri bildirib.

 

Ayan Əsgərova

Anadolu Agency