Hakan Fidan: “Çoxtərəflilikdən geri addım atmaq seçim deyil”

Bölmə: Dünya › ,
Tarix: 22:24 07.07.2025

 

Türkiyənin xarici işlər naziri Hakan Fidan Braziliyanın Rio-de-Janeyro şəhərində keçirilən Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 17-ci Konqresində iştirak edib. O, konqres çərçivəsində təşkil olunan BRİKS Plus Liderlər Zirvəsində "Çoxtərəfliliyin, İqtisadi-Maliyyə Problemlərinin və Süni İntellektin Gücləndirilməsi" mövzusunda keçirilən sessiyada çıxış edib.

Nazir Fidan çıxışında bildirib ki, çoxtərəflilikdən geri çəkilmək onların ödəyə biləcəyi bir seçim deyil. Onun sözlərinə görə, çoxtərəflilik uzun müddətdir tərəqqinin aparıcı qüvvəsi olub və bu yanaşma mülki aviasiyadan ictimai səhiyyəyə, ədalətli ticarətdən rəqəmsal sahədə standartlara qədər gündəlik həyatın bir çox sahəsinə təsir göstərir.

“Fələstin xalqının faciəsi gündəmdədir”

Fidan çıxışında Qəzzada İsrailin həyata keçirdiyi hücumlara da toxunub. O qeyd edib ki, Fələstin xalqının yaşadığı faciə bu gün çoxtərəfliliklə bağlı müzakirələrin mərkəzində yer alır. Nazir bildirib ki, İsrailin Qəzzada törətdiyi soyqırımı bölgədə onilliklər boyu əldə olunmuş inkişafı geriyə salıb:
“Bu vəziyyət beynəlxalq sülh və təhlükəsizliyin təmin olunmasına cavabdeh olan qurumların legitimliyi baxımından ciddi böhrandır. Əgər İsrailin təcavüzkarlığına qarşı qlobal nəzarət mexanizmləri işə düşməzsə, bu cəzasızlıq onun işğalçılıq siyasətini daha da dərinləşdirəcək.”

Fidan bu səbəbdən Türkiyənin bölgədə sülhə nail olmaq, gərginliyi azaltmaq və sabitlik yaratmaq üçün səylərini gücləndirdiyini, həmçinin davamlı sülhün təmin olunmasına hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.

“Süni intellektin qlobal idarəçiliyi prioritetdir”

Qloballaşma ilə qarşılıqlı asılılığın artdığını vurğulayan Fidan qeyd edib ki, xüsusilə enerji və kritik minerallar sahəsində dəyər zəncirləri daha kövrək hala gəlib. O, iqtisadi inkişaf üçün böyümə, məşğulluq və azad ticarətin vacibliyini vurğulayaraq, bunun üçün ədalətli, qaydalara əsaslanan və proqnozlaşdırıla bilən beynəlxalq ticarət sisteminin mövcudluğunun önəmini qeyd edib.

Nazir əlavə edib ki, dünyanın çoxqütblü struktura doğru getdiyi bir dövrdə süni intellektin qlobal idarəçiliyi əsas prioritetlərdən birinə çevrilir:
“Yeni texnologiyaların hökmranlıq vasitəsinə çevrilməsinin qarşısını almaq üçün ciddi tədbirlər görülməlidir.”

Mənbə: TRT Xəbər
Türkan Kərimli