İsrail ordusu daha bir HƏMAS komandirini məhv edib

Bölmə: Siyasət › ,
Tarix: 22:27 07.07.2025

 

İsrail hərbçiləri Qəzza zolağının şimalında HƏMAS dəniz qüvvələrinin komandirini zərərsizləşdirib.Bu barədə İsrail ordusundan məlumat verilib.

 

HƏMAS-ın dəniz bölməsinin komandiri, terrorçu Rəmzi Ramdan Əli Salehi öldürülüb”, - məlumatda deyilir.Məlumata görə, zərbə zamanı HƏMAS-ın minaatan bölməsinin komandir müavini Hişam Mənsur və minaatan bölməsinin bir silahlısı da daxil olmaqla, bir neçə hərəkat üzvü öldürülüb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az” a açıqlamasında bildirib ki, 7 oktyabr 2023-cü ildən bəri davam edən HƏMAS–İsrail münaqişəsinin yaxın günlərdə iki ili tamam olacaq:

 

“Artıq iki ilə yaxındır ki, uzunluğu 40, eni isə 10 kilometr olan bir ərazidə hərbi əməliyyatlar fasiləsiz şəkildə həyata keçirilir.
Aydın görünür ki, İsrail bütün hərbi imkanlarını səfərbər etsə də, HƏMAS tam şəkildə zərərsizləşdirilə bilməyib. İsrail ordusu HƏMAS-a qarşı fasiləsiz mübarizə aparır, lakin təşkilat hələ də bir formada müqavimətini davam etdirir.

 

Son günlərdə HƏMAS-ın dəniz qüvvələri komandirinin öldürülməsi faktı da bu təşkilatın yalnız quru qüvvələrindən ibarət olmadığını göstərir. Bu, HƏMAS-ın ayrıca dəniz qüvvələrinin də mövcud olduğunu və ya hələ də fəaliyyət göstərdiyini ortaya qoyur. Beləliklə, bu fakt İsrailin vəziyyətini daha da çətinləşdirən yeni bir reallığı üzə çıxarır.
Ehtimal etmək olar ki, İsrail bu əməliyyatı HƏMAS-ın dəniz vasitəsilə həyata keçirdiyi potensial əməliyyatları zəiflətmək və ya tamamilə dayandırmaq niyyəti ilə həyata keçirib. Ola bilər ki, İsrail konkret bir şəxsi hədəf seçə bilmədiyindən, ümumi şəkildə bu sahədəki hərbi infrastruktura zərbə endirib. Beləliklə, HƏMAS-ın dəniz yolu ilə xarici ölkələrlə mümkün əlaqələrinin qarşısını almağa çalışdığı ehtimal olunur.HƏMAS-a kimin kömək etdiyi və bu yardımın hansı yollarla həyata keçirildiyi hələ də dəqiq məlum deyil. Lakin istisna edilmir ki, İsrail dəniz vasitəsilə xaricdən gələn potensial yardımların qarşısını almaq məqsədi daşıyır. Bu kontekstdə dəniz qüvvələrinin komandirinin məhv edilməsi, daha geniş strategiyanın bir hissəsi kimi qiymətləndirilə bilər”.

 

Əli Mustafanın fikrincə, İsrail HƏMAS-ın bütün hərbi strukturlarını – istər quru, istər hava, istərsə də dəniz – tamamilə məhv etməyə çalışır:

 

“Bu dəfə isə hədəf dəniz qüvvələrinin rəhbəri olub.Bütün bu gedişat fonunda ən çox əziyyət çəkən isə mülki əhalidir. Xüsusilə Qəzza zolağında hər gün onlarla mülki vətəndaş həyatını itirir. Bu isə beynəlxalq ictimaiyyətdə ciddi narazılıq doğurur. Qərb və Avropa ölkələri də daxil olmaqla, bir çox dövlət bu müharibənin dərhal dayandırılmasını tələb edir”.

 

Siyasi şərhçi əlavə edib ki, bu günlərdə İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-yə səfər edəcək:

“Gözlənilir ki, bu səfərin əsas gündəlik mövzularından biri Qəzzada atəşkəsin bərpası olacaq. Amerika tərəfi də bu münaqişənin bitməsini istəyir.Əlbəttə, bölgədəki hərbi proseslərin tam şəffaf olmadığı, daha çox tərəflərin verdiyi açıqlamalara əsaslandığı bir şəraitdə biz yalnız ehtimallar və müşahidələr üzərindən danışa bilirik. Amma HƏMAS-ın dəniz qüvvələrinin olması və bu bölmənin rəhbərinin öldürülməsi artıq rəsmi şəkildə təsdiqini tapıb.


Beynəlxalq ictimaiyyət isə təkidlə Qəzzadakı müharibənin dayandırılmasını və orada ağır şəraitdə yaşayan mülki əhalinin xilas olunmasını tələb edir. Ümid edək ki, Netanyahu ilə ABŞ tərəfi arasında keçiriləcək görüşlərdə atəşkəsə dair konkret razılaşma əldə olunacaq”.

Ləman Mahmudlu