ABŞ-nin Ukrayna Strategiyası-Dəstək, yoxsa Geosiyasi Hesab?

Bölmə: Dünya › ,
Tarix: 14:17 08.07.2025

ABŞ bu görüşdən sonra Kiyevə silah göndərəcək. ABŞ bu və gələn həftə iki ölkə nümayəndəsinin Roma və Kiyevdə keçirəcəyi görüşlərdən sonra Ukraynaya bəzi silah növlərinin tədarükünü bərpa edə bilər.

 

Bu barədə “Politiko” qəzeti mənbələrə istinadən məlumat yayıb.

 

Qeyd olunub ki, ABŞ Prezidentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “Ukraynanın yenidən qurulması üzrə beynəlxalq konfransda (10–11 iyul)” Ukraynanın müdafiə naziri Rüstəm Umerovla görüşəcək. Sonra Kiyevdə görüşlər olacaq.

Xatırladaq ki, ABŞ Ukraynaya silahların tədarükünü dayandırıb.

 

Mövzu ilə bağlı politoloq Azad Məsiyev "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya–Ukrayna münaqişəsi təkcə iki dövlət arasında baş verən müharibə deyil, eyni zamanda ABŞ-nin uzunmüddətli strateji planının tərkib hissəsidir:

 

"Vaşinqtonda kim hakimiyyətdə olmasından, istər demokratlar, istərsə də respublikaçılar – asılı olmayaraq, ABŞ-nin geosiyasi strategiyası əsas xətt olaraq qorunur. Sadəcə olaraq, taktiki yanaşmalarda fərqliliklər müşahidə oluna bilər.

 

Tramp hakimiyyətə gəlməmişdən əvvəl ABŞ ictimaiyyətinə verdiyi bəyanatlarda Ukrayna münaqişəsini qısa zamanda həll edəcəyini vurğulayırdı. Lakin onun fəaliyyətinin mahiyyəti də ABŞ-nin ümumi strategiyasına xidmət etməkdir. Əgər bu strategiyaya uyğun hərəkət etməzsə, Trampın hakimiyyəti uzunömürlü ola bilməz.

 

ABŞ-nin bu münaqişəyə yanaşmasının kökündə imperiya maraqlarını qorumaq dayanır. Amerikan hegemoniyasına real təhlükə yaradan üç əsas amil mövcuddur: hərbi güc baxımından Rusiya, iqtisadi güc baxımından Çin və maliyyə gücü baxımından Avropa – xüsusilə də avro. Bu səbəbdən ABŞ, NATO bloku ilə birlikdə, Rusiyanı açıq şəkildə strateji rəqib və təhlükə kimi təqdim edir.

 

Ukrayna münaqişəsinin alovlanması Rusiyanın hərbi və iqtisadi baxımdan zəiflədilməsi, həmçinin Rusiya ilə Avropa arasında əməkdaşlığın pozulması məqsədini daşıyır. ABŞ və NATO bu konflikt vasitəsilə həm Rusiyanı tükəndirmək, həm də Avropanı iqtisadi baxımdan zəiflətməyi hədəfləyir. Xüsusilə də, avronun güclənməsi ABŞ dollarının qlobal mövqeyinə təhdid kimi qiymətləndirilir.

 

Lakin hazırkı vəziyyət göstərir ki, bu plan özünü tam olaraq doğrultmur. Rusiya münaqişədə ciddi iqtisadi itkilər versə də, hərbi və siyasi baxımdan üstünlük əldə edir. Müharibənin ilkin mərhələlərində NATO ölkələri vahid mövqedən çıxış edirdilərsə, indi alyans daxilində fikir ayrılıqları müşahidə olunur. Bu isə Rusiya üçün diplomatik və strateji üstünlük deməkdir.

 

Ukrayna artıq ərazisinin təxminən 25%-ni itirib. Qərbin, xüsusilə də ABŞ-nin, Ukraynaya birbaşa hərbi və maliyyə dəstəyi zəifləyib. ABŞ hazırda açıq müdaxilə əvəzinə dolayısıyla dəstək formatına keçib. Son zamanlar Ukraynaya maliyyə yardımlarının əsas hissəsi Avropa Birliyi tərəfindən həyata keçirilir. Qeyd edilməlidir ki, bu yardımların böyük hissəsi ABŞ silahlarının alınmasına yönəlib".

 

Politoloq əlavə edib ki, münaqişənin bu qədər uzanması ABŞ üçün arzuolunan ssenaridir:

 

"Çünki uzunmüddətli müharibə Rusiya ilə Avropa arasında əlaqələri zəiflədir, Avropanı iqtisadi baxımdan çökdürür və eyni zamanda Rusiyanı hərbi və sosial cəhətdən tükəndirməyə xidmət edir.

 

Bu gün aydın görünür ki, ABŞ münaqişənin həllindən çox, onun davam etməsində maraqlıdır. Rusiya isə öz növbəsində bu savaşda diktə edən tərəfə çevrilib. Rusiya üçün Ukraynanın hazırkı hakimiyyəti, xüsusilə də prezident Volodimir Zelenski ilə atəşkəsə getmək məqsədəuyğun deyil. Çünki atəşkəs Ukraynanın yenidən toparlanması və güclənməsi deməkdir – bu isə Rusiya üçün daha böyük təhlükə yarada bilər.

 

Nəticə etibarilə, Rusiya–Ukrayna münaqişəsi qlobal güclərin strateji qarşıdurmasının ön xəttinə çevrilib. ABŞ isə bu münaqişədə əsas oyun qurucu kimi iştirak edir, lakin əsas məqsəd sülh deyil, balansları dəyişmək və rəqiblərini zəiflətməkdir".

 

Aytən Ağazadə