Boşanmada psixoloq yerinə məhkəmə seçilir

Bölmə: Sosial › ,
Tarix: 20:47 08.07.2025

Azərbaycanda cütlüklər ailə münasibətlərində qarşılaşdıqları çətinliklər zamanı ilk növbədə psixoloji dəstəyə deyil, birbaşa məhkəməyə üz tuturlar. Bu tendensiya ailədaxili problemlərin erkən mərhələdə həll olunmasının qarşısını alır, boşanma hallarının artmasına və sosial təsirlərin dərinləşməsinə səbəb olur.


Bu mövzu ilə bağlı açıqlamasında psixoloq Vüsalə Əmiraslanova "İnformator.az"a bildirib ki, cütlüklərin evlilik öncəsi və evlilik sonrası psixoloqa müraciət etmələri vacib məsələdir:


"Çünki evlilik öncəsində onlar bir-birinin mənfi və müsbət tərəflərini aydınlaşdırır, qəbul edir və ailə qurmağa qərar verirlər.


Bəzən elə cütlük terapiyaları olur ki, hər şey evlilik öncəsi aydınlaşır və qarşı tərəf artıq evlənməkdən imtina edir. Və yaxud da bir-birini qəbul etməyə çalışırlar, hansısa psixoloji problemləri varsa, onu həll etməyə çalışırlar və ümumi, ortaq bir məxrəcə gəlirlər.


Amma təəssüflər olsun ki, bəzən cütlüklər bunu etməkdən qorxurlar. Fikirləşirlər ki, birdən psixoloq bizi ayırar, birdən psixoloq bizim birgəliyimizə mane olar. Bu qorxu altında da onlar psixoloqa müraciət etmirlər və nəticədə həqiqətən də o problemlər daha sonra ortaya çıxır.


Evlilik sonrası bu səbəbdən ailələr dağılır. Ümumiyyətlə, əlbəttə ki, məhkəmədən öncə də psixoloqa müraciət etmək lazımdır. Ailə qurma prosesində ilk üç ayında problemlər olur, doqquzuncu ayında problemlər olur, birinci ili, yeddinci ili, doqquzuncu ili problemlər yaşana bilir.


Yəni, əlbəttə ki, birinci psixoloqla həll etməyə çalışmaq lazımdır və hər iki tərəf də buna hazır olmalıdır. Əgər bütün vasitələrə əl atıblarsa və yenə də nəticə olmursa, əlbəttə ki, ondan sonra məhkəməyə müraciət etmək mümkündür.


Mən düşünürəm ki, ailə dəyərləri, ümumiyyətlə, məktəbdən və ailənin özündən aşılanmalıdır. Bunu elə məktəb psixoloqları — özü də məktəb vaxtında — uşaqlara aşılamalıdırlar. Müxtəlif seminarlar təşkil olunmalıdır.


Bilirəm ki, bu sahədə işlər var, amma kifayət qədər deyil. Daha çox bunun artırılması vacibdir. Uşaqlara bu, psixodrama formasında göstərilməlidir. Elə aşağı yaşlardan, yeri gələndə psixoloqun yanında olub, müəyyən ailə dəyərlərini ondan da öyrənə bilərlər.


Müəyyən psixoloji seminarlar, müəyyən təlimlər və s. də ailə dəyərlərinin aşılanmasında çox mühüm rol oynayır. Təəssüf ki, bizdə hər şey dağılandan sonra psixoloqa müraciət edilir. Amma daha öncə müraciət olunsa, daha müsbət nəticələr əldə etmək mümkündür".


Xəlilli Nigar