Sosial şəbəkələrin gətirdiyi problem-Müqayisə sindromu

Tarix: 18:03 08.07.2025
Sosial şəbəkələrin artan təsiri ilə insanlar getdikcə daha çox başqalarının həyatına baxaraq özlərini müqayisə edir, bu isə “müqayisə sindromu” adlanan psixoloji halın yayılmasına səbəb olur. Gənclər arasında özünü dəyərsiz hiss etmə və həyatından narazılıq halları artır.
Mövzu ilə bağlı klinik psixoloq Xədicə Cəbrayılova "İnformator.az"a açıqlamasında bildirib ki, təbii ki, sosial mediada okan paylaşımlara görə insanlar özlərini davamlı olaraq başqaları ilə müqayisə edirlər, bu da onların psixoloji vəziyyətlərinə təsir edir:
"Öncə müqayisə edilmə formalaşır və müqayisə edilərkən şəxs başqası zirvəyə qaldırır, özünü isə "yerin dibinə salır". Başqasını yuxarı mərtəbədə, özünü aşağı mərtəbədə görür. Çünki sosial mediada insanlar (xüsusilə bloggerlər) daha çox özlərinin xoş tərəflərini, uğurlarını, əyləncələrini, baş verən gözəl hadisələri paylaşırlar. Amma hər bir insanın həyatında müəyyən qədər çətinliklər var. Hətta o zirvəyə çatmaq üçün müxtəlif əziyyətlər çəkirlər. Çəkilən əziyyət yox, nəticə hissəsi paylaşıldığına görə, belə bir düşüncə yaranır: " demək ki, onlar daha uğurldurlar, onlar hər istədiklərini edə bilirlər və onları bunu etməyə imkanları var. Amma mənim imkanlarım yoxdur". Yəni, özünə yönələrək neqativ düşüncələrə başlayır. Özünü bacarıqsız, yetərsiz, dəyərsiz hiss edir. Bu da birbaşa özgüvənə təsir edir. Özünə qapanma halları, depressiv əlamətlər, xəyal qırıqlıqları yaranır. Unutmamaq lazımdır ki, adi ördəyin su üzərində üzməsinə heyranlıqla baxırıq, amma suyun altından baxanda ayaqları ilə necə çırpındığını görürük. Burdan da belə bir nəticəyə gəlirik ki, hər şey sosial mediada göründüyü kimi, gözəl, mükəmməl deyil. Onun altında yatan çox əziyyətlər var. Bəzən də elə olur ki, şəxslər romantik münasibətlərini paylaşırlar, amma bu hər zaman belə olmur, sadəcə insanlar göstərdikləri tərəfləri bunlardır".
Klinik psixoloq həmçinin bildirib ki, seanslarımızda müxtəlif texnikalardan istifadə edirik:
"İlkin olaraq, biz nəyə görə özümüzü başqaları ilə müqayisə edirik? Müqayisə etdiyimiz şəxslər necə biriləridir? Müqayisə edərkən nə üçün özümüzü mənfi, digərlərini isə müsbət şərh edirik? Bütün bunları araşdırırq. Daha sonra ikinci texnika insanın özünə fokuslanmağa çalışırıq. Yəni, özünün nələri bacarıb, nələri bacarmadığını, indiyə qədər hansı uğurları olduğunu müəyyənləşdiririk. Burada da məqsədimiz odur ki, siz həyatınız boyunca müəyyən qədər uğurlar əldə etmisiniz. Bəlkə də sizin uğurlarınız başqaları üçün əlçatmaz görünür. Üçüncü texnika sosial media detoksudur. Öncə baxırıq ki, şəxsin sosial media istifadəsi nə qədərdir? İstifadə vaxtına əsasən müəyyən müddət azaktma edirik. Sosial mediada keçirdiyi zamanın daha çox hobbilərinə, özünə yönəlməyə ayırmasına, real həyatda şəxslərlə münasibətlərinə fokuslanırıq. Daha sonra özünü qiymətləndirməsi, özgüvəni üzərində işləyirik. Ən əsası düşüncələri üzərində iş aparırıq. Bu düşüncələrin altında yatan əsas səbəbləri axtarmağa çalışırıq. Digər texnika isə budur ki, müqayisə eetmək normaldır, amma dünənki özünüzlə bugünkü özünüzü müqayisə etmək".
O, əlavə olaraq, qeyd edib ki, müqayisə edilmə vəziyyəti qalıcı formada olur:
"Çünki insan özünü başqası ilə müqayisə etdiyi zaman sevilə bilməyən, sevilməyə layiq olmayan, dəyərsiz hiss edir. Bu da onun özgüvəninə uzunmüddətli təsir edir. Burada artıq psixoloji dəstək almaq vacibdir. Həmin insanda depressiv əlamətlər özünü biruzə verir. Daha sonra frustrasiya-xəyal qırıqlığı müşahidə edə bilərik. Çünki bir şəxs başqasında gördüyünü özünün də edə biləcəyini düşünür və edə bilmir. Nəticə olaraq, özü ilğ bağlı xəyal qırıqlığına uğrayır. Sosial şəbəkələrdə insanlar mükəmməl tərəflərini göstərdiklərinə görə, həmin şəxs də mükəmməl olmağa çalışır. Bu mükəmməliyyətçilik də insanın şəxsi inkişafına, edəcəyi hər hansı bir işin keyfiyyətinə mənfi təsir göstərir. Bu bəzi təxirəsalmalara da səbəb olur. Tutaq ki, şəxs piano ifa etdiyi videonu sosial şəbəkədə paylaşmaq istəyir. Ən yaxşısını etməyə çalışacaq ki, kənardakı insanlarda xoş təsürrat yaratsın. O daha yaxşısı etməsi üçün təxirə salmağa başlayır, bu da onun şəxsi inkişafına mane olur".
Billurə Quliyeva