Şəkidə TIR yanaraq kül olub

Tarix: 22:29 08.07.2025
Şəki-Qax avtomobil yolunun rayonun Aşağı Göynük kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan TIR-da alovlanma baş verib.
"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, Dövlət Yanğından Mühafizə Xidmətinin Şəki Rayon Yanğından Mühafizə Hissəsindən verilən verilən məlumata görə, hadisə ilə bağlı məlumat daxil olan kimi bir neçə yanğınsöndürən və çox sayda canlı qüvvə hadisə yerinə göndərilib.
Yanğınsöndürənlərin səyi nəticəsində avtomobilin yük yerindəki yanğının genişlənməsinin qarşısı alınıb.
İlkin məlumatlara əsasən, Azərbaycan vətəndaşı Tağı Orucova məxsus olan, lakin 53 yaşlı Türkiyə vətəndaşı Canaydin Riza tərəfindən idarə olunan TIR-da yanğın anidən başlayıb və sürücü avtomobili yol kənarına çəkənə kimi alovlanma artıb.
Yanğının genişlənərək ətraf əraziyə yayılmasının qarşısı dərhal alınıb. Avtomobilin yük hissəsi çətinliklə ayrılıb. TIR-ın yük hissəsinin yanar konstruksiyaları və yük hissəsində olan kosmetika məhsulları isə yanıb.
Baş vermiş yanğın hadisəsi ilə bağlı araşdırma başlanılıb.