Rusiyaya qarşı son 3 ilin ən sərt sanksiyaları hazırlanır

Bölmə: Siyasət › ,
Tarix: 19:06 08.07.2025

 

Avropa Birliyi 2022-ci ildən bəri Rusiyaya qarşı ən sərt sanksiyaları tətbiq etməyə hazırlaşır.Bu barədə Fransa xarici işlər naziri Jan Noel Barro məlumat verib.O qeyd edib ki, Fransanın təklifləri ilə AB ABŞ senatorları ilə birgə son üç ilin ən sərt sanksiyalarını tətbiq etməyə hazırlaşır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Kənan Novruzov “İnformator.az”a açıqlamasında bildirib ki, hazırda hansı sahələrin əhatə olunacağını dəqiq deyə bilmərəm:

 

“Amma əvvəlki bəyanatlardan aydın olur ki, bu, hər bir sənaye və texnologiya sahəsini əhatə edə bilər. Deyə bilərik ki, ayrıca bəzi fiziki şəxslərə də sanksiyalar tətbiq olunacaq”.

 

Siyasi şərhçi qeyd edir ki, Avropa İttifaqı və ABŞ-nin koordinasiyası məsələsinə gəldikdə isə, burada müəyyən fərqliliklər var:

 

“Hələlik müharibəyə yanaşmaları fərqlidir. ABŞ müharibənin bitməsini istəyir, Avropa İttifaqı isə əksinə, onun uzanmasına üstünlük verir. Çünki Avropa İttifaqı açıq şəkildə Rusiyaya qarşı mövqe tutur və Ukraynanı müdafiə edir. Avropa üçün müharibə, xüsusilə də Rusiyaya qonşu olan ölkələr üçün birbaşa təhdiddir.
ABŞ isə, xüsusən son günlərə qədər, Rusiya ilə daha normal münasibətlər qurmağa çalışıb. Hətta Prezident Donald Tramp Rusiya Prezidenti Putin ilə bir neçə dəfə telefonla danışıb. Trampın məqsədi müharibəni bitirmək olub.

 

Burada əsas məsələ odur ki, müharibə bitsin və bundan sonra nə baş verəcək?

 

ABŞ-nin planı belə görünür: birincisi, Ukraynaya investisiyalar cəlb etmək, ikincisi, diqqətini Yaxın Şərqə yönəltmək, üçüncüsü isə Rusiya ilə münasibətləri tənzimləmək və müəyyən qədər sabitlik yaratmaqdır.Çünki Tramp bir siyasətçi yox, biznesmendir və məsələlərə biznes təfəkkürü ilə yanaşır. Ancaq son telefon danışığından sonra Tramp narazı qalıb və bunu açıq şəkildə ifadə edib. Görünən odur ki, o, Putinlə müəyyən konsensus əldə etməyə çalışıb, lakin Rusiya buna yaxın durmayıb. Tramp isə deyib ki, bu gedişlə müharibə davam edəcək və insanlar həlak olmağa davam edəcəklər.Bu telefon danışığından sonra ABŞ-nin mövqeyi Avropaya daha yaxın ola bilər. Amma ümumilikdə tərəfsiz davranmır. Sanksiyalar isə hər iki tərəfin öz maraqlarını təmin etmək üçün istifadə etdiyi vasitələrdir”.

 

Siyasi şərhçi əlavə edib ki, şəxsən mən inanmıram ki, sanksiyalarla müharibəni bitirmək mümkün olsun:

 

“Bəli, bu sanksiyalar Rusiyanın iqtisadiyyatına təsir göstərib, ölkə daxilində sosial və iqtisadi gərginlik artıb. Ancaq görürük ki, Rusiya artıq 3 ildir bu sanksiyalara uyğunlaşa bilib. Bu baxımdan sanksiyaların bundan sonra hansısa ciddi nəticələr verəcəyini düşünmürəm.Ümumiyyətlə, sanksiyalarla müharibəni bitirmək mümkün deyil. Onlarla Rusiyanı zəiflətmək mümkündür, ancaq müharibənin bitməsi üçün kifayət deyil”.

Ləman Mahmudlu