Ruslar bu vilayəti tam ələ keçirməyə yaxındır -NYT

Bölmə: Siyasət › ,
Tarix: 21:15 08.07.2025

 

Rusiya Silahlı Qüvvələri Donetsk ərazisinə tam nəzarəti ələ keçirməyə yaxındır.Bu barədə “Nyu York Tayms”da yayımlanan məqalədə deyilir.

 

Nəşrin məlumatına görə, Rusiya qoşunları hazırda bu bölgənin təxminən üçdə ikisinə nəzarət edir, Konstantinovka uğrunda şiddətli döyüşlər aparır, şəhər ətrafı mütəmadi olaraq pilotsuz təyyarələrin zərbələrinə məruz qalır.

 

“Əgər Konstantinovka ələ keçirilsə, onun şimalında yerləşən demək olar ki, bütün şəhərlər Rusiya PUA-larının hücum arealına daxil olacaq. Bu, Moskvanı çoxdankı Donetski ələ keçirmək məqsədinə yaxınlaşdıracaq”, - deyə bildirilib.

 

Mövzu ilə bağlı politoloq Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, əlbəttə ki, özü-özlüyündə Donetskin tamamilə ilhaq edilməsi hərbi-strateji üstünlük baxımından Rusiyaya çox şey qazandıra bilər və Ukraynanın daha içərilərinə irəliləməsi üçün yeni imkanlar yarada bilər:

 

“Amma mənə elə gəlir ki, biz bu hadisəni ümumi Rusiya–Ukrayna müharibəsi kontekstində qiymətləndirsək, daha düzgün nəticələrə gələ bilərik.Rusiya ilə Ukrayna arasında 2022-ci il fevral ayının 24-də başlayan müharibə artıq üç il yarımdır ki, davam edir. İkinci Dünya Müharibəsi də təqribən üç il yarım davam etmişdi – xüsusilə də SSRİ ilə Almaniya arasında. Almanlar SSRİ-yə 1941-ci ilin sentyabr ayında hücum etdilər və 1945-ci ilin may ayında artıq müharibə başa çatdı. Beləliklə, bu müharibə də təxminən üç il yarım davam etdi. Bu gün Rusiya–Ukrayna müharibəsi də üç il yarımdır ki, davam edir. Belə olan halda, əgər üç il yarımdan sonra Rusiya Donetsk ərazisinə nəzarəti tam olaraq əldə edirsə, bu özü-özlüyündə məğlubiyyət deməkdir. Çünki üç gün yarıma planlaşdırılan müharibə üç il yarımdır davam edir və hələ də qəti nəticə ortada yoxdur. Buna görə də, müharibə necə və nə zaman bitirsə bitsin, mənə elə gəlir ki, burada məğlub tərəf artıq indidən bəllidir. Bu isə başqa ölkənin ərazisini işğal edən, işğalçı ölkədir. Bu, onun məğlubiyyətidir.

 

Buna görə də qiymətləndirmə aparmaq çətindir. Epizodik qiymətləndirmə – Donetskin tam olaraq Rusiyanın nəzarətinə keçməsi, Konstantinovkanın alınması kimi məsələlər bu fonda çox xırda detallardır”.

 

Hikmət Babaoğlu açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya tamamilə və ya qismən nəzarət etmək imkanları, bu heç şübhəsiz ki, ciddi nəticələr doğuracaq:

 

“Sadəcə Şərqi Avropa kontekstində deyil, bütövlükdə Rusiyanın təsir imkanlarının olduğu bütün ərazilərdə – o cümlədən postsovet məkanında – bu, təsirsiz ötüşməyəcək. Amma bu təsir nə qədər sərt, nə qədər yumşaq olacaq, nə qədər həlledici, nə qədər yardımçı olacaq – onu da biz indidən qiymətləndirsək, tez olar. Bu da Rusiya–Ukrayna müharibəsinin necə və nə vaxt başa çatacağından sonra daha düzgün qiymətləndirilə bilər.
Müasir müharibələrdə, əlbəttə ki, pualar, dronlar və digər bu kimi vasitələr bəzən müharibələrin taleyini həll edəcək qədər təsirli ola bilirlər. Amma eyni zamanda bu da bir həqiqətdir ki, pualarla və dronlarla müharibənin taleyini tam həll etmək mümkün deyil. Çünki bu vasitələr – pilotsuz hava vasitələri – qalıcı sülh və ya qalıcı qalibiyyət yarada bilmirlər. Mütləq şəkildə burada quru qoşunlarının nəzarət forması tətbiq edilərsə, yalnız o zaman qəti qələbədən və ya məğlubiyyətdən danışmaq olar.
Bu səbəbdən düşünürəm ki, indidən bu müharibənin necə nəticələnəcəyini demək çətindir. Amma bütün hallarda, Rusiyanın təsir imkanlarının olduğu bütün regionlara bu müharibənin nəticələri mütləq təsir göstərəcəkdir – ya Rusiyanın lehinə, ya da əleyhinə. Bunu hələ dəqiq deyə bilmərik”.

 

Politoloq əlavə edib ki hazırkı vəziyyətə gəldikdə isə, dediyimiz kimi, müharibənin sonu deyil və Donetsk, Luqansk ərazilərinə tam nəzarət heç bir halda məsələni tam həll etmir:

 

“Çünki nəticə etibarilə daha iki Ukrayna vilayəti – Xerson və Zaporojye – qismən işğal altındadır. Belə olan halda biz sadəcə Donetsk və Luqansk kontekstindən çıxış edərək bu müharibəni qiymətləndirə bilmərik”.

Ləman Mahmudlu