Texasda baş verən sel nəticəsində həyatını itirənlərin sayı 109 nəfərə yüksəlib

Bölmə: Dünya › ,
Tarix: 12:31 09.07.2025

Keçən həftə Texasda baş verən daşqın nəticəsində həyatını itirənlərin sayı 109 nəfərə çatıb. Ştatın qubernatorunun sözlərinə görə, 160-dan çox insan itkin düşmüş kimi qeydə alınıb.

 

Texasda 4 iyulda baş verən güclü daşqın nəticəsində 109 nəfər ölüb, 160-dan çox insan isə hələ də itkin düşmüş hesab olunur. Bu barədə Texas ştatının qubernatoru Qreq Abbott məlumat verib.
Təbii fəlakətdən zərər çəkmiş ərazidə axtarış-xilasetmə işləri davam etdirilir. Ailələr itkin düşən yaxınları barədə məlumat vermək üçün qaynar xətt vasitəsilə müraciət edə bilərlər.
Qubernatorun sözlərinə görə, ən çox itkin düşən Kerr dairəsində qeydə alınıb. Həyatını itirənlərin əksəriyyəti də məhz bu dairədə aşkarlanıb.
“Hazırda əsas vəzifəmiz itkin düşən hər kəsi tapmaqdır. İş tam başa çatmadan dayanmayacağıq”, – deyə Abbott sosial şəbəkə X-də yazıb.
Həlak olanlar arasında təxminən 30 nəfər Camp Mystic qızlar üçün yay düşərgəsinin şagirdləri və tərbiyəçiləri olub. Bir neçə nəfər isə hələ də itkinlər siyahısındadır.


Euronews
Fatimə Heydərova