ABŞ BMT ekspertinə sanksiya tətbiq edib

Tarix: 12:17 10.07.2025
ABŞ prezidenti Donald Trampın administrasiyası BMT-nin işğal olunmuş Fələstin ərazisi üzrə xüsusi məruzəçisi Françeska Albaneseyə sanksiya qoyub. Səbəb onun Qəzzadakı müharibə zamanı İsrailin fələstinlilərə qarşı zorakılıqlarını sənədləşdirməsi və bu addımları insan hüquqları pozuntusu kimi təqdim etməsidir. Dövlət katibi Marko Rubio Albaneseni ABŞ və İsrailə qarşı siyasi və iqtisadi mübarizə aparmaqda ittiham edib.
Françeska Albanese sanksiyalara münasibət bildirərək onları “mafiya üslubunda qorxutma üsulları” adlandırıb və işini davam etdirməyə sadiq olduğunu qeyd edib. O, Avropa ölkələrini Beynəlxalq Cinayət Məhkəməsinin Netanyahu barəsində verdiyi həbs qərarını dəstəkləməyə və hava məkanlarını ona bağlamağa çağırıb. Albanese həmçinin Qəzzaya hücum zamanı beynəlxalq şirkətlərin, o cümlədən ABŞ firmalarının iştirakını sənədləşdirib.
Trampın fərmanına əsasən, sanksiya qoyulan şəxslərin ABŞ-dəkı aktivləri dondurulur, ölkəyə girişlərinə qadağa qoyulur. CIP rəhbəri Nensi Okail bu addımı “BMT ekspertinə qarşı dağıdıcı təzyiq” adlandırıb və ABŞ-nin bu davranışını diktatura yanaşması kimi dəyərləndirib.
Mənbə: Al Jazeera
Qəmər Kazımzadə