Əhməd Əl Şaraa-Azərbaycanla əməkdaşlıqda maraqlıyıq

Tarix: 15:41 12.07.2025
"Təəssüflə qeyd etməliyəm ki, əvvəlki hakimiyyət Suriyanın bir çox ölkələrlə, o cümlədən Azərbaycanla əlaqələrinə xələl gətirib. Biz Azərbaycanla siyasi, iqtisadi-ticari, mədəni, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlıyıq".
"İnformator.az" xəbər verir ki, bunu Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ölkəmizə səfəri çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə deyib.
Azərbaycanın əldə etdiyi uğurlar və torpaqlarlarımızın işğaldan azad edilməsi münasibətilə təbriklərini çatdıran Suriyanın keçid dövrü Prezidenti ölkəmizin ötən əsrin 90-cı illərində çətinliklərlə üzləşdiyini, amma onların öhdəsindən layiqincə gəldiyini və hazırda inkişaf etdiyini vurğuladı.
Görüşdə ölkələrimiz arasında xüsusilə enerji sahəsində əməkdaşlığın vacibliyi qeyd edildi, Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirildi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulandı və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olundu. Azərbaycanın Suriyanın energetika sahəsinin bərpasına töhfə vermək iqtidarında olduğu diqqətə çatdırıldı.
Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulayaraq, bunun Suriyanın inkişafına xidmət etdiyini dedi.