Niderland İsrailin iki nazirini “arzuolunmaz şəxs” elan edib

Bölmə: Siyasət › ,
Tarix: 20:44 31.07.2025

 

Niderland hökuməti İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir və maliyyə naziri Bezalel Smotrixi “arzuolunmaz şəxs” (persona non grata) elan edərək, onlara krallığa girişi qadağan edib.


Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, hazırda siyasi və diplomatik gərginlik davam etməkdədir:


"Niderlandla İsrail arasında gərginlik mövcuddur. Hazırda siyasi və diplomatik gərginlik davam etməkdədir. Niderlandın Xarici İşlər Naziri parlamentə göndərdiyi məktubda, İsrailin milli təhlükəsizlik və maliyyə nazirlərinin krallığa girişinin məhdudlaşdırılmasını təklif etmişdi. Burada əsas iki məqam önə çəkilir. Birincisi, Niderland hökuməti bildirir ki, İsrail xarici siyasət və ictimai rəyə təsir göstərməyə çalışır. Buna görə də bu hal təhlükəli hesab olunur. İkincisi isə, Qəzza bölgəsinə humanitar yardım imkanlarının genişləndirilməsi tələb olunur. Qeyd edək ki, bu məsələ Avropa İttifaqı səviyyəsində də aktuallıq kəsb edir və Aİ ilə İsrail arasında bu sahədə müəyyən razılaşmalar əldə olunmuşdur. Əldə olunan razılığa əsasən, Qəzzaya humanitar yardımın artırılması nəzərdə tutulur. Hazırda müşahidə olunur ki, bu istiqamətdə müəyyən irəliləyiş var və yardım imkanları nisbətən genişləndirilib. Amma gələcəkdə bu razılaşmalara nə dərəcədə əməl olunacağı aydın olacaq.


Həmçinin, Niderland hökuməti hesab edir ki, həmin iki israilli nazir Qəzza bölgəsinə humanitar yardımın məhdudlaşdırılmasında birbaşa rol oynayırlar. Yəni, əsas məsələ kimi bunu ön plana çəkirlər. Bu hal, təbii ki, Niderland–İsrail münasibətlərinə mənfi təsir göstərir və gərginliyin artmasına səbəb olur. Bununla yanaşı, nəzərə almaq lazımdır ki, bu gün Avropa İttifaqına üzv olan ölkələrin əksəriyyəti Qəzza bölgəsindəki vəziyyətlə bağlı narahatlıqlarını açıq şəkildə ifadə edirlər. Əgər Qəzzaya humanitar yardım imkanları genişləndirilərsə, görünür ki, Avropa və ümumilikdə beynəlxalq ictimai fikir bu istiqamətdə yardımların vacibliyini dəstəkləyir. Çünki bölgədəki humanitar vəziyyət ciddi narahatlıq doğurur. Ümumilikdə isə, Avropa İttifaqı ilə İsrail arasında bu istiqamətdə konstruktiv müzakirələr aparılarsa, bu, Niderland Krallığı ilə İsrail arasındakı münasibətlərə də müəyyən aydınlıq gətirə bilər. Beynəlxalq ictimaiyyətə gəldikdə isə, dediyim kimi, əsas narahatlıq Qəzzadakı vəziyyətdir. Niderlandın bu mövqeyi düşünürəm ki, beynəlxalq ictimai rəyə də müəyyən təsir göstərəcək".

Səmayə Səftərova