NATO ölkələrin hərbiləşdirilməsi sürətlə gedir-Qruşko

Tarix: 20:45 31.07.2025
NATO-ya daxil olan ölkələrin hərbiləşdirilməsi sürətlə gedir.Bu barədə Rusiya Xarici İşlər Nazirinin müavini Aleksandr Qruşko bildirib.
“Bu gün NATO ölkələrinin ümumi hərbi xərcləri nəhəng göstəricilərə – 1,5 trilyon dollara çatıb. Alyansa üzv Avropa ölkələri hərbi məqsədlərə 456 milyard dollar xərcləməyi planlaşdırır, bu isə müdafiə büdcələrinin ÜDM-in 5%-nə qədər artırılması deməkdir”, - Qruşko deyib.Onun sözlərinə görə, bütün bu xərcləri vergi ödəyiciləri qarşılamalı olacaq.
Mövzu ilə bağlı siyasi şərhçi Həşim Səhrablı “İnformator.az”a açıqlamasında bildirib ki, NATO-ya üzv ölkələrin hərbi xərclərini sürətlə artırması, əsasən, Avropanın müdafiə arxitekturasında yaranan boşluqları doldurmaq məqsədi daşıyır:
“Bu proses, xüsusilə də Donald Trampın müdafiə xərclərinin Avropa tərəfindən qarşılanması ilə bağlı tələbləri fonunda aktuallaşıb. Artıq Avropa dövlətləri anlayırlar ki, öz müdafiələrini özləri təşkil etməlidirlər.Hər hansı xarici tərəfə – istər ABŞ, istərsə də digər müttəfiq dövlətlərə güvənərək təhlükəsizliyi təmin etmək mümkün deyil. Ukraynadakı müharibə də bunu açıq şəkildə sübut edib. Müharibə Avropanın şərqində, Rusiya kimi təhlükəli bir aktorla baş verir və belə bir məqamda ABŞ-də iqtidar dəyişikliyi baş tutur. Respublikaçı Donald Tramp hakimiyyətə qayıdarsa, Ukraynaya verilən dəstəyin azaldılması və xərclərin əsasən Avropa tərəfindən qarşılanması onun prioritetləri arasında olacaq.Bu reallıqlar Avropa ölkələrini məcbur edir ki, müdafiə sahəsinə ayrılan vəsaitləri artıraraq öz təhlükəsizlik sistemlərini yenidən qurmağa başlasınlar. Əvvəllər bəzi ölkələr ÜDM-in 1–2, nadir hallarda 2.5–3 faizini müdafiəyə ayırırdılarsa, indi bu rəqəm 5 faizə qədər artırılır. Bu, həm texniki bazanın gücləndirilməsi, həm də canlı qüvvənin artırılması üçün mühüm imkanlar yaradacaq.Əgər bu xərclər məqsədyönlü və şəffaf şəkildə istifadə olunarsa, 5–10 il ərzində Avropada güclü orduların yenidən formalaşması mümkündür. Bu isə Avropanın öz təhlükəsizliyini təmin etməsi baxımından ciddi bir dönüş nöqtəsi olacaq”.
Siyasi şərhçi qeyd edib ki, bu yanaşmanın mənfi tərəfləri də var:
“Belə ki, güclənən ordu və hərbi potensial fonunda Avropada ultrasağ, milliyyətçi və imperialist tendensiyalar da baş qaldıra bilər. Bu isə qlobal miqyasda təhlükəsizlik balansına mənfi təsir edə bilər. Digər tərəfdən, bəzi fikirlərin əksinə olaraq, ÜDM-in 5 faizinin müdafiəyə ayrılması Avropada sosial rifahın zəifləməsinə səbəb olmayacaq. Avropa dövlətləri həm iqtisadi, həm də maliyyə baxımından dayanıqlı sistemlərə malikdir. Büdcənin 95 faizi yenə də sosial və digər sahələrə yönəldiləcək. Korrupsiya səviyyəsinin aşağı olması da bu vəsaitlərin səmərəli istifadəsini təmin edəcək”.
Həşim Səhrablı son olaraq açıqlamasına əlavə edib ki, Rusiya-NATO münasibətlərinə gəldikdə isə, bu əlaqələr onsuz da gərgin və kritik vəziyyətdədir:
“Faktiki olaraq, iki tərəf arasında birbaşa toqquşma riski mövcuddur. Ukrayna müharibəsində NATO-ya üzv dövlətlər Rusiya ilə dolayı toqquşma vəziyyətindədir. Ukrayna ordusuna silah və texniki dəstək verilməsi, Rusiya tərəfindən təhdid kimi qəbul olunur.Bu səbəbdən NATO ölkələrinin yeni müdafiə qərarları Rusiya ilə münasibətlərin pisləşməsinə yeni bir təkan verməyəcək – çünki münasibətlər onsuz da son dərəcə gərgindir və bu tendensiyanın yaxın gələcəkdə dəyişməsi də real görünmür”.
Ləman Mahmudlu