Qərb İsrailə Təzyiq Göstərir

Bölmə: Siyasət › ,
Tarix: 20:48 31.07.2025

 

İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar artıq bütün dünyada ciddi narahatlıq doğurur. Ənənəvi müttəfiqləri belə Təl-Əvivin siyasətini açıq şəkildə tənqid edir. Beynəlxalq ictimaiyyətin və medianın təzyiqi fonunda Qərbin mövqeyi dəyişməyə başlayıb.

 

Qərb ölkələrinin Fələstinə dəstək mövqeyinə keçməsində əsas səbəb nədir — humanitar dəyərlər, yoxsa ictimai-siyasi maraqlar? İsrail beynəlxalq təzyiqlərə tab gətirib əməliyyatları dayandıra bilərmi, yoxsa proses daha sərt mərhələyə keçəcək?

 

Mövzu ilə bağlı politoloq Turan Rzayev "İnformator.az"a bildirib ki, İsrailin Qəzzada apardığı hərbi əməliyyatlar və törətdiyi açıq qətliamlar dəhşətli hal alıb:

 

"Artıq dünya ictimaiyyəti Təl-Əvivə təzyiq göstərməyə başlayaraq anklavda əməliyyatları dayandırmağa, qətliamı bitirməyə çağırır. Bunun nəticəsidir ki, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniyanın dövlət naziri Florian Han, Fransa Prezidenti Emmanuel Makron başda olmaqla bir çox ölkələrin liderləri İsrailə Yaxın Şərqlə bağlı siyasətinin dəyişməli olduğunu bildirir, Qəzzadakı əməliyyatların dayandırılmasını tələb edirlər. Hətta Fələstin dövlətinin müstəqilliyini tanıyacaqlarını da açıq şəkildə bəyan ediblər.

 

HƏMAS-ın 2023-cü il 7 oktyabr tarixində İsrailə qarşı başlatdığı əməliyyatlara cavab olaraq bu ölkənin Qəzza zolağına hərbi müdaxiləsi ilk başda leqal və anlaşılan idi. Lakin rəsmi Təl-Əviv antiterror əməliyyatlarını tədricən soyqırımı və qətliama çevirdi. Nəzarətsiz şiddətin tətbiqi mülki obyektlərin və şəxslərin hədəfə alınmasına, 60 mindən çox insanın həyatını itirməsinə gətirib çıxardı. İsrailin həm də əməliyyatların gedişatında Qəzzanı işğal və ilhaq etmə hədəfini açıqlaması vəziyyəti əsaslı şəkildə dəyişdi.Lakin buradakı ən maraqlı məqam ənənəvi müttəfiqləri olan ABŞ, Böyük Britaniya və Fransanın Təl-Əvivə qarşı mövqe alması, hətta Fələstinin müstəqilliyini tanımaqla hədələməsidir. Yəni onsuz da İsrail bu günə qədər Fələstində nəzarətsiz gücdən istifadə edir, mülki şəxslərin həyatını itirməsi ilə nəticələnən ardıcıl insidentlərə əl atırdı. Nə baş verdi ki, Qərb ölkələri indi buna görə Təl-Əvivə qarşı cəbhə almağa başladı?Hesab edirəm ki, Qərb ölkələrinin mövqelərini dəyişməsi və Fələstini daha çox müdafiə etməyə başlamasının əsas səbəbi insanlıq dramının artıq gizlədilə bilməyəcək qədər açıq olmasıdır. Qəzzada yaşanan vəziyyət çox ağırdır, mülki insanların, qadınların, uşaqların çoxu zərər görür, şəhərlər dağıdılır, həyat şəraiti kritik həddə çatıb.

 

Bu mənzərə hazırda başda insan haqları təşkilatları olmaqla medianın diqqətindədir. Təbii olaraq, Avropa və dünyanın bir çox ölkəsində insanlar hökumətlərdən bu vəziyyətə son qoymalarını tələb edir. Siyasətçilər ictimaiyyətin, xüsusilə seçkiöncəsi çağırışlarına biganə qala bilməz. Yəni Qərbin reaksiyası “insan haqları” və “humanitar dəyərlər” anlayışlarından daha çox kommersiya maraqları kontekstində şərh edilə bilər.

 

İctimaiyyətin oyanması, hökumətlərdən tələbləri, əsasən də sosial media və agentliklərin bu prosesdə payı önəmli dərəcədə çoxdur. Əvvəlki illərdən fərqli olaraq, Fələstin və Qəzza məsələsi insanların qarşısına daha çox və sistematik şəkildə çıxmağa başlayıb.

 

Bütün bunlara baxmayaraq, İsrailin geri addım atıb-atmayacağını demək asan deyil. Çünki bu, həm daxili, həm də beynəlxalq faktorlardan asılıdır. İsrail bir tərəfdən təhlükəsizlik baxımından Qəzzada HƏMAS-ı zəiflətməyə və özünü müdafiə etməyə çalışır, buna görə əməliyyatları dayandırmaq istəməyə bilər. Daxildə isə Baş nazir Benyamin Netanyahu və sərt xətt tərəfdarları geri çəkilməyə qarşıdır".

 

Ekspert əlavə edib ki, digər tərəfdən, beynəlxalq təzyiqlər, xüsusilə Avropa ölkələrinin Fələstini daha çox dəstəkləməsi, ABŞ və digər tərəfdaşların narazılığı, həmçinin humanitar böhran İsraili təzyiqlərə tab gətirməyə vadar edə bilər:

 

"Əgər təzyiqlər kifayət qədər güclü olsa və daxildə narazılıq artsa, İsrailin geri addım atmaq məcburiyyətində qalması mümkündür. Amma bu, ehtimal olaraq mərhələli, məhdud və strateji geri çəkilmə şəklində real görünür, əməliyyatların tam dayandırılması deyil. Hər şey beynəlxalq təzyiqlərin gücündən və daxili siyasi durumdan asılıdır.

 

Təəssüf ki, bu məsələdə ən məyus edici məqam müsəlman ölkələrin prosesə lazımi diqqəti ayırmamasıdır. Faktiki olaraq bir çox ölkə Fələstin və Qəzza məsələsində birlik nümayiş etdirmədi. Türkiyə bu mövzuda demək olar ki, ən aktiv müsəlman ölkəsidir. Azərbaycan isə Fələstinə, Qəzzaya humanitar yardım edib, diplomatik uzlaşma yolları axtaran ölkə kimi diqqət çəkir. Amma nə Bakının məhdud diplomatik-humanitar dəstəyi, nə də Ankaranın radikal siyasi çağırışları kifayət deyil.

 

Məsələyə İslam Əməkdaşlıq Təşkilatı və BMT nəzdində daha geniş yer verilməlidir".

Türkan Kərimli