QHT aztəminatlı ailələrin övladlarına Ramazan bayramı hədiyyəsi çatdırıb

Bölmə: Siyasət › ,
Tarix: 11:56 24.04.2023

Uşaqlara qayğıkeş münasibət, onların problemlərinə həssas yanaşma xalqımızın əsrlər boyu qoruyub yaşatdığı milli-mənəvi dəyərlərdən biri, müstəqil dövlətimizin uşaq siyasətinin təməl daşıdır.

Azyaşlıların müdafiəsi, böyüklərin diqqət və qayğısı ilə əhatə olunması yalnız dövlət qurumlarının deyil, həm də vətəndaş cəmiyyəti təmsilçilərinin başlıca vəzifələrindən biri, onların ölkəmizdə sağlam və savadlı insan kapitalının formalaşmasına münasibətinin bariz göstəricisidir.

Bu gün ətrafımızda valideyn himayəsindən məhrum olan, müxtəlif xəstəliklərdən əziyyət çəkən uşaqlar, aztəminatlı şəhid və qazı ailələrinin övladları az deyil. Onlara daim diqqət və qayğı, mənəvi və maddi dəstək göstərilməsi sosial həssas qrupdan olan ailələrə dövlət uşaq siyasətinin uğurla həyata keçirilməsində yaxından iştirak edən qeyri-hökumət təşkilatlarının fəaliyyətində xüsusi yer tutur.

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi də bu sahədə öz ənənələrinə sadiq qalaraq, müqəddəs Ramazan bayramında paytaxtın Yasamal, Xəzər və Binəqədi rayonlarının ərazisində yaşayan sosial həssas qrupa aid bir neçə ailənin övladlarını təzə geyim əşyaları və maliyyə yardımı ilə sevindirib.

“Uşaqların Gələcəyi Naminə” İctimai Birliyin sədri Könül Quliyeva bildirib ki, hədiyyələr və maliyyə yardımları QHT könüllüləri tərəfindən aztəminatlı ailələrə çatdırılıb.

"Uşaqların Gələcəyi Naminə" İctimai Birliyi xeyirxah niyyətlərini gerçəkləşdirən savab əməl sahiblərinə - “OK mobile” və “Mobil-N1” satış müəssisələrinin rəhbərlərinə minnətdarlığını bildirir və gələcəkdə də bu istiqamətdə əməkdaşlığa ümid bəsləyir.