2023-CÜ İL – HEYDƏR ƏLİYEV İLİDİR

Bölmə: Siyasət › ,
Tarix: 18:54 23.04.2023

2023-CÜ İL – HEYDƏR ƏLİYEV İLİDİR 
XÜSUSİ  DÖVLƏT  ƏHƏMİYYƏTLİ  TAPŞIRIQ
 
2023-cü il – Heydər Əliyev ilidir. Mayın 10-da Azərbaycan xalqı Ulu Öndərin anadan olmasının 100 illiyini təntənə ilə qeyd edəcək. Bu tarixi gün münasibətilə ulu öndərin Naxçıvanın müdafiəsində həyata kecirdiyi əzəmətli işləri xalqımızın nəzərinə çatdırmaq üçün keçmiş xatirələrimi oxucularla bölüşmək qərarına gəldim. 1992-ci ilin əvvəlindən sentyabr ayına qədər yaşanmış gerçək hadisələr ilk dəfə olaraq qısa şəkildə bu məqaləmdə öz əksini tapırMən müstəqillik tariximizin çətin bir dövründə yurd naminə verilən ağır tapşırıqların yerinə yetirilməsində əməyi olan bütün insanları minnətdarlıqla xatırlayıram. Öz həyatını Azərbaycan xalqının xoşbəxt və çox parlaq gələcəyi naminə günəş kimi yandıran ulu öndərimizə Allahdan rəhmət diləyirəm.  
                                                           *     *     *
XX əsrin əvvəli və sonu tariximizin səhifələrində qızıl hərflərlə qan yaddaşımıza  köçürülmüşdü. Şərqdə  ilk  Demokratik  Cumhuriyyət  Azərbaycanda qurulmuş və 23 ay fəaliyyət göstərmişdi. İllər keçsə də, keçən əsrin sonunda Azərbaycan xalqı müstəqillik bayrağını yenidən qaldırmış, oğulları vətən yolunda canlarını fəda etmişdilər. Hər dəfə düşmənlərimiz fürsətdən istifadə edərək torpaqlarımızın bir qismini, sonuncu dəfə isə 20 faizini işğal etmişdi. Xalqımız dəfələrlə soyqırıma məruz qalmışdı. Müstəqilliyimiz vətən övladlarının qanı bahasına qazanılmışdı...

Azərbaycanın ayrılmaz tərkib hissəsi olan doğma Naxçıvanımız da bu hadisələrdən kənarda qalmamışdı. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Azərbaycanın müstəqillik atributları Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilmişdir. Beləliklə Azərbaycanın  müstəqilliyinin  əsasları  Naxçıvanda qoyulmuşdu. Heydər Əliyevin Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisi  Sədri  işlədiyi dövrdə  Muxtar  Respublikanın erməni təcavüzündən 32 il bundan əvvəl qorunması ilə bağlı xüsusi dövlət əhəmiyyətli tapşırıq gerçək  hadisələr  rəsmi  sənədlərlə  bu məqalədə  ilk  dəfə  olaraq  əks  olunur.

...Heydər Əliyev çox qayğılı görünürdü. Kabineti soyuq idi. Mənimlə səmimi görüşüb oturmaq üçün yer göstərdi. Ümumi söhbətdən sonra mənə məlum oldu ki, 1986-cı ildə xüsusi təyinatlı (“QRU”) zabit kimi, Əfqanıstana göndərilmək üçün seçildiyimdən də xəbəri var. Naxçıvanda olan ağır iqtisadi durumdan və erməni təhlükəsindən ətraflı danışaraq əsas mətləbə keçdi. Naxçıvan  MR ərazi bütövlüyünü, əhalisinin təhlükəsizliyini təmin etmək üçün mənə  xüsusi dövlət əhəmiyyətli tapşırıq verdiyini, eyni zamanda özünün hərbi səlahiyyətli nümayəndəsi elan etdiyini bildirdi...
Naxçıvan Sovet İttifaqının tərkibindən çıxan ilk muxtar qurum idi. Müstəqillik yolunda ilk şəhidlərimizi də vermişdik. Düşmən daha çox şey istəyirdi. Ərzaq qıtlığı hiss olunurdu, çörək üçün növbələr yaranmışdı. Ən qəribəsi o idi ki, çox ucuz qiymətlərə şəhərə Avropada istehsal olan Rusiya araqları daxil olurdu...

Heydər Əliyev qısa zaman ərzində İran İslam Respublikası ilə gömrük keçid məntəqələrinin açılmasına nail oldu. Türkiyə ilə Naxçıvan arasında “Ümid körpüsü”nün tikintisi gedərkən mühüm bir əməliyyat xəbəri almışdıq. Körpüdə partlayış törədiləcəkdi. Keçirilmiş əməliyyat tədbiri nəticəsində əllərində partlayıcı qurğu ilə bir erməni və bir rus təxribatçı ələ keçirildi. Bir müddət sonra Heydər Əliyev İrəvanda əsirlikdə olan 16 yaşlı Vüqar adlı gənclə rusun dəyişdirilməsi tapşırığını verdi. Vüqar bizə dedi ki, Mingəçevirdə yaşayır. Gəncəyə dayısıgilə qonaq gəlib, oradan isə Gürcüstana gedib. Məqsədi Türkiyəyə getmək idi. Sərhəddə ruslar onu saxlayıb, sonra ermənilərə satmışdılar. Vüqarın söhbətindən məlum oldu ki, dayısı dostu ilə birlikdə Qarabağda gedən döyüşlərdə iştirak edirlər.

Naxçıvan MR əks-kəşfiyyatının rəisi kimi onsuz da işlərim çox idi. 1991-ci ildə biz ilk dəfə olaraq Naxçıvanda DTK-nın (KQB) fəaliyyətini dayandırmışdıq. Heydər Əliyev Naxçıvanda dövlət təhlükəsizliyi ilə bağlı bütün məsələləri bizə həvalə etmişdi. Yeni təlimata görə mən birbaşa Heydər Əliyevlə işləməyə başlamışdım. İstədiyim vaxt onunla görüşürdüm. İlk sualı “ermənilər hücum edərsə, onların qarşısını almağa gücümüz yetərmi?” sualı oldu. Ermənilərin xəyanətkarlığı dünyaca tanınmış siyasət adamı olan Heydər Əliyevi çox narahat edirdi. Qarşıda bizi böyük bir imtahan gözləyirdi.
Azərbaycanda gedən milli azadlıq hərəkatı öz bəhrəsini vermişdi. Xalqımız müstəqilliyə qovuşmuşdu. Müstəqil dövlətimizin atributları ilk dəfə olaraq Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda qəbul edilmişdi. O cümlədən müstəqilliyimizi, ərazi bütövlüyümüzü qorumaq üçün Dövlət Milli Müdafiə Komitəsinin (DMMK) yaradılması ilə bağlı xüsusi qərar xalqımızda milli qürur hissi yaratmışdı. İlk milli ordu hissəsi olan Naxçıvan DMMK qısa zamanda səfərbərlik elan edərək sıralarını qəhrəman övladları ilə genişləndirdi. Sıramıza hətta Cənubi Azərbaycandan, qardaş Türkiyədən gələn vətənpərvərlər də qoşulmuşdular. Məlum səbəblərdən onların adlarını yaza bilmirəm. Bu qəhrəmanların adları bizim qəlbimizdədir. Tarix təkrar olunurdu. Türkiyədə istiqlal savaşında  Mustafa Kamal Atatürkün rəhbərliyi altında 57 və 22-ci alaylarda Azərbaycandan gedən könüllü əsgər və zabitlər döyüşmüşdülər. İndi də qardaşlarımız könüllü olaraq bizə köməyə gəlmişdilər.
Azərbaycan xalqı Nuri Paşanı, Ənvər Paşanı, Kazım Qarabəkir Paşanı sevgi dolu qəlbində yaşadır. Azərbaycanda hər yerdə olduğu kimi, Naxçıvanda da türk şəhidlərinə böyük ehtiram var. Məzarları daim ziyarət olunur, duaları əskik olmur.

Dövlət Milli Müdafiə Komitəsinin komandiri, yaxın dostum, Naxçıvanın qəhrəman oğlu Elman Abbasov oldu. Bu, o zaman idi ki, Bakıda Respublika prezidenti milli ordu yaratmaq əvəzinə, özünü qorumaq üçün prezident qvardiyası yaratmaq istəyirdi. Bunun üçün Milli Məclisdə debatlar aparılırdı. Bakı və digər rayonlardan olan çağırışçılar Rusiyaya, keçmiş Sovetlər Birliyinin respublikalarına hərbi xidmətə göndərilirdilər. Naxçıvanda isə çağırışçılar öz ilk milli ordumuzda – Naxçıvan Dövlət Milli Müdafiə Komitəsində (DMMK) həqiqi xidmət keçərək Naxçıvanın ərazi bütövlüyünü qoruyurdular. Burada eyni zamanda Sovet Ordusuna məxsus hərbi diviziya və sərhəd dəstəsi fəaliyyət göstərirdi. Rus general və zabitləri bizə deyirdilər ki, siz ordu yarada bilməzsiniz. Onlar bizi daim qıcıqlandırır və gecələr milli formalarımızı geyərək avtomat silahlardan atəş açıb təxribat törədirdilər. “Təxribatı siz ruslar törədirsiniz” dedikdə inkar edirdilər. Heydər Əliyevə dedim ki, “qısa vaxtda diviziya komandiri general Slaboşevski Sizin qarşınızda diz çökəcək, təxribatların qarşısı alınacaq.” Apardığım əməliyyat tədbirləri nəticəsində hər üç alayda xidmət edən əsgər və zabitlərdən aldığım 30-a yaxın izahatları Heydər Əliyevə təqdim etdim. İzahatlarda konkret yazılmışdı: “Polk komandirləri bizi məcbur edirlər ki, təxribat törədək.” Rus generalı bu izahatları görən zaman dili topuq vurmuş, deməyə söz tapmamış, Heydər Əliyevdən üzr istəyərək bu cür halların təkrar olmayacağına söz vermişdi. Əsas məsələ isə hələlik  həll edilməmiş qalırdı. Bu milli ordumuzun silaha, sursata, ağır texnikaya olan ehtiyacını ödəmək idi.
Ruslar təxribatlarından əl çəkmək istəmirdilər. Sərhəd dəstəsinin zabitləri  də fəaliyyətə keçmişdilər. DMMK-nin sədri Elman Abbasov məni yanına dəvət etdi. Bildirdi ki, Ordubadda ruslar silah gücünə 4 əsgərimizi əsir götürüblər. 3 gündür ki, onları Naxçıvan Sərhəd Dəstəsində saxlayıblar və buraxmaq istəmirlər, onları azad etmək lazımdır. Mən baş leytenant paqonlarını çiynimə taxaraq Sərhəd Dəstəsinə gəldim. O zaman Sərhəd Qoşunları DTK-ya (KQB) bağlı qurum idi. “Rabitə bölüyünün komandiriyəm, polkovnik Jukovla görüşmək istəyirəm” deyə növbətçiyə müraciət etdim. Planım baş tutmuşdu. Bir neçə dəqiqədən sonra Jukov məni qəbul etdi. Qurduğum dialoq ona çox təsir etmişdi. Yarım saatlıq görüşdən sonra qərargah rəisini və əlavə 3 nəfər podpolkovnik rütbəli zabiti yanına çağırdı. Həmin zabitlərdən biri Naxçıvandan idi. Mən onu tanıyırdım. Təxminən 1 saat söhbətdən sonra əsgərlərimizi alıb iş yerimə qayıtdım. Valideynlərinin sevincdən gözləri yaşarmışdı.

Bu hadisədən bir neçə gün sonra məlumat aldım ki, Baş Prokurora qarşı təxribat törədiləcək. O, işin çoxluğundan idarədə gecələyirdi. Təxribatçılar həmin gün otağın açarını oğurlamışdılar. Açarı onlardan alıb müvafiq söhbətdən sonra prokurorluğa gəldim. Prokurorun yanında Sərhəd Dəstəsində işləyən zabit Cahangir Qulamov da vardı. O, Hüseyn Hüseynova mənim əsgərlərimizi Jukovdan necə aldığımı söylədi. Sonralar o, Naxçıvan Sərhəd Dəstəsinin ilk komandirlərindən biri oldu. Açarı Hüseyn müəllimə verib onu ehtiyatlı olmağı məsləhət gördüm.
Qonşu ölkədən gələn cəsus qərargah rəisinin iş otağından Naxçıvanın müdafiə planını əldə edə bilsə də, onun şəhərdən çıxarılmasına yol vermədim, sənədi alıb DMMK -nin sədrinə təhvil verdim.

Az keçməmiş xəbər gəldi ki, Ali Məclis Sədrinin 1-ci müavini yoxa çıxıb. Heydər Əliyev Rəşid Həsənovun təxribatçılardan azad edilməsi üçün mənə göstəriş verdi. Çətin danışıqlardan sonra onu geri aldım. Bu hal bir neçə dəfə təkrar oldu.
Ermənilərə cəsusluq edən bir rus zabitini vaxtında ifşa edərək onun İrəvana getməsinin qarşısını aldım. Onu ciddi  cəzalandırdıq. Bizə müxtəlif yollarla edilən təzyiq və təxribatlara baxmayaraq, vəzifəmizin başında ayıq-sayıq dayanmışdıq.
Vüqarı Gəncəyə Əbdül Məmmədov aparacaqdı. Lakin müəyyən səbəbdən bir gün sonra o, Gəncəyə getdi. Getməmişdən öncə yarım saatlıq söhbətimiz oldu. İki gün sonra Əbdül bəy geri döndü. Gözlədiyim bir məktubu gətirmişdi. Vüqar ailəsinə qovuşmuşdu. Bundan əvvəl biz goranboylu Ümid kişini erməni əsirliyindən azad etmişdik. Bu hadisə Azərbaycanda xilaskar Heydər Əliyev obrazı yaratmışdı. Vüqarın ailəsi Əbdül bəyi çox səmimi qarşılamışdı. O, çox sevincli idi. Heç kəsə bəlli deyildi ki, bir neçə aydan sonra Sədərəkdə gedən ağır döyüşlərdə Əbdül bəy onurğa sütunundan güllə yarası alıb ömrünün sonunadək yataq xəstəsi olacaq. Üstəlik 2016-cı il aprel döyüşlərində oğlu mayor Rasim Məmmədov qəhrəmancasına şəhid olacaq və oğlunun qırxı çıxmamış bu acıya dözməyən ata da dünyasını dəyişəcək. Cəhri kənd qəbiristanlığında iki qəbrin üzərində Azərbaycan Bayrağı dalğalanır. Burada qəhrəman ata-oğul uyuyur.

Yenicə işə gəlmişdim. Köməkçim məlumat verdi ki, Gəncədən bir nəfər qəbula gəlmək istəyir. Vüqarın dayısı idi. Nədənsə təşəkkür etmək məqsədilə mənim yanıma gəlmişdi. Minnətdarlığı Heydər Əliyevə çatdırmaq üçün onu Ali Məclisə göndərdim. Görüşdən sonra yanıma gəldi. Heydər Əliyev onu çox səmimi qəbul etmişdi. Mənə dedi ki, dostu Gəncə Şəhər Müdafiə Şurasının sədridir. Biz sizə müəyyən köməklik edə bilərik.
Heydər Əliyev bir günlüyə Gəncəyə getməyimə icazə verdi. Hazırladığım təklif və planı məruzə etdim. 3 gün ərzində mən Gəncədən Naxçıvana hərbi yardım gətirməli idim.
O zamankı Azərbaycan rəhbərliyinin Naxçıvana münasibəti məlum səbəblərdən ögeyləşmişdi. Naxçıvan tam blokada vəziyyətində  çətin günlərini yaşayırdı. Azərbaycanla əlaqə yalnız hava nəqliyyatı vasitəsilə həyata keçirilirdi. Bütün bunları nəzərə alaraq Naxçıvan MR Nazirlər Kabinetindən “Azal”a ünvanlanmış bir məktub aldım. Məktuba yazdırmışdım ki, Gəncədən Naxçıvana meyvə-tərəvəz daşımaq üçün bizə bir yük təyyarəsi verilsin. Məktubla Bakı şəhərinə gəldim. “Azal”ın rəhbərliyinə məktubu verəndə xahiş etdim ki, ekipajın komandiri azərbaycanlı olsun. “Azal” rəhbərliyi xahişimi təmin etdi. AN-26 tipli yük təyyarəsinin komandiri Cavanşir bəyin heyətilə birlikdə Gəncə aeroportunda yerə endik. Qabaqcadan hazırladığım bir maşın hərbi yüklə aeroporta yaxın şərtləşdiyimiz yerdə bizi gözləyirdi. Təzəcə təyyarədən enmişdim ki, iki nəfər mülki geyimli şəxs mənə yaxınlaşdı. Bakı ləhcəsində mənimlə rusca danışmağa başladılar. Bakıdan telefonoqram aldıqlarını, Naxçıvana kimə hansı yükün gedəcəyindən xəbərdar olduqlarını bildirdilər. Aeroportun binasını göstərib orada snayper yerləşdirdiklərini, əgər təyyarəyə yük vurularsa, nəinki mənim, hətta ekipaj üzvlərinin həyatlarının təhlükə qarşısında olacağını deyib getdilər. Ekipaj üzvlərinin həyatları ilə risk edə bilməzdim. Odur ki, Cavanşirə dedim ki, iki gündən sonra saat 10.00-da Gəncə aeroportunda olsun. Təyyarə Bakıya geri uçdu.

Bakıda vəziyyət yenidən gərginləşmişdi. Respublika rəhbərliyinin ciddi səylə gizlətdiyi Xocalı faciəsinin dəhşətləri Azərbaycan xalqını ayağa qaldırmışdı. Ermənilər ruslara məxsus 366 saylı alayın köməyi ilə insanlıq tarixinin görünməmiş vəhşiliyini həyata keçirmişdilər. Bu vəhşilik insanlıq tarixinin ən utancverici səhifəsidir. Xocalı faciəsi axıradək tam tədqiq olunmayıb. Hər bir sakinin həyatı bir dram, faciə əsəridir.
Qeyri-rəsmi şəkildə el arasında İmam Hüseyn şəhəri adlandırılan, Şeyx Nizami Gəncəvinin ana yurdu olan, həmçinin Azərbaycan Demokratik Respublikasının ilk paytaxtı kimi tarixə düşən Gəncə şəhəri Azərbaycanda milliliyini qoruyub saxlamış ikinci böyük bir şəhərdir. Gəncəlilər tarixi igidimiz Cavad xan kimi vətənpərvər, mərd, qorxmaz və çox qonaqpərvər insan kimi sevilirlər. İzmir Türkiyə üçün nə qədər əhəmiyyət daşıyırsa, Gəncə də Azərbaycan üçün bir o qədər qiymətlidir.

İki gün ərzində şəhərin rəhbərliyi və hüquq mühafizə orqanlarının rəhbərləri ilə görüşüb tanış oldum. Yalnız birinə risk edib gəlişimin məqsədini açıqladım. Çox təhlükəli və heç bir qanun çərçivəsinə sığmayan bir işi görmək istəyirdim. Bu qanunsuz işə görə həbs olunsaydım, azı 15 il “yatacaqdım”. Müraciət etdiyim şəxs Gəncə şəhər polis idarəsinin rəis müavini polkovnik Ramiz Cahangirov oldu. İlk dəfə idi ki, onunla görüşürdük. Məni gözlədiyimdən çox səmimi qəbul etdi. Ramiz müəllim vaxtilə Naxçıvanda Daxili İşlər Nazirliyində Cinayət Axtarış İdarəsinin rəisi kimi  işləmişdi. Naxçıvanı çox yaxşı tanıyırdı, o cümlədən də mənim atamı. Yeri gəlmişkən Ramiz müəllim dinc Xocalı sakinlərinin döyüş bölgəsindən vertolyotlarla çıxarılmasında şəxsən iştirak etmişdi. Qısa məşvərətdən sonra mənə kömək edəcəyini bildirdi.
Gəncə aeroportunda ruslara məxsus hərbi hava qüvvələrinin bazası yerləşirdi. Bütün silahlı qüvvələr general Şerbakın tabeliyində idi. Aeroportda rus desantçıları, demək olar ki, hər şeyə nəzarət edirdi. Mənə  təxminən 30 dəqiqə vaxt lazım idi ki, desantçıların diqqətini cəlb etmədən təyyarəni yükləyim. Təyyarənin iç ölçülərini öncədən götürmüşdüm. Hansı yük təyyarənin hansı tərəfinə yüklənəcəksə, bu barədə sxemi çəkib mənə kömək edəcək dostlarıma vermişdim. Plan belə idi. Mən Ramiz müəllimin xidməti maşınında, arxamızca da üstüörtülü bir yük maşını aeroportun ərazisinə daxil olacaqdıq. Cavanşir bəy təyyarəni əvvəlcədən şərtləşdiyimiz yerdə saxlayacaq və AN - 26 tipli təyyarə 4 ton yükümüzü aparacaqdı. Ona görə də bizə son dərəcə vacib olan yükləri öncədən tədarük etmişdim. Təyyarəyə girişin arxadan olması işimizi çox asanlaşdıracaqdı. Bu səbəbdən AN-26-nı seçmişdim. Həmin gün Gəncə Müdafiə Şurasının sədri Elşən Əliyevin atası Şubay kişinin evində qaldım. Onların yük maşınına müəyyən ardıcıllıqla qutuları yerləşdirdim. Özü, üç oğlu və iki qohumu mənə kömək edirdi. Aeroporta onları aparacaqdım. Hər şey qaydasında idi. İçimdə ağır narahatçılıq vardı. Ekstremal vəziyyətə mən hazır deyildim. Üstümdə silahım yox idi. Şubay kişiyə bir avtomat lazım olduğunu dedim. İki saatdan sonra bir Kalaşnikov gətirdi. Silahı paltosunun altında aeroporta keçirəcəyini tapşırdım və lazım olduğu halda müəyyən işarə ilə mənə verəcəyini dedim. Elşənlə  görüşə bilmədim, o cəbhədə döyüşürdü.
Həyəcanla səhərin açılmasını gözləyirdim, gecəni yatmamışdım. Sabah Gəncədə üç gün olduğum tamamlanırdı. Nəyin bahasına olursa-olsun yükü Naxçıvana aparmalıydım.

Səhər saat 09:55 radələrində heç bir yoxlama olmadan biz öndə getdik, arxamızda yük maşını təyyarəyə yaxınlaşdı. Məni görən  kimi Cavanşir bəy dərhal təyyarənin arxasını açdı. Heç nə gözləmədən təyyarəni yükləməyə başladıq. Sonuncu yeşikləri yükləyirdik ki, yanımızda bir QAZ-69 maşını dayandı. İçərisindən bir podpolkovnik və iki rus əsgəri düşdü. Podpolkovnik nə apardığımızı Ramiz müəllimdən soruşanda Şubay kişiyə işarə etdim, həmən paltosunun altından avtomatı mənə uzatdı. Avtomatı podpolkovnikə tuşlayıb qoruyucunu açdım. Ruslar şoka düşmüşdülər. Görünür, indiyə kimi onların üzərinə silah çəkən olmamışdı. Ramiz müəllim mənə “lazım deyil, Urfullah” deyəndə, mən onların başa düşməsi üçün rusca “bunların üçünü də gəbərdəcəyəm”  dedim. Təyyarə artıq yüklənmişdi. Üzümü Cavanşirə tutaraq “motoru işə sal” dedim. Podpolkovnik əllərini göyə qaldırıb əsgərləri ilə maşına oturdular. Mən Ramiz müəllimlə və digər dostlarla sağollaşıb təyyarəyə mindim. Cavanşir bəy məni kabinəyə dəvət etdi. Üç dəqiqə keçməmişdi ki, biz sürətlə göyə qalxdıq. Sonralar aeroportun mühafizə xidmətinin rəisi mənə dedi ki, siz gedəndən bir saatdan artıq podpolkovnikin avtomobili orada qalmış, yerindən tərpənməmişdi. Podpolkovnikdən soruşdum ki, burada niyə dayanmısınız? Sanki yuxudan ayıldı, sürücüsünə “getdik” əmrini verib, oradan uzaqlaşdılar. Mən özüm o rusu bir daha oralarda görmədim. Bir saat 10 dəqiqədən sonra biz Naxçıvan aeroportuna eniş edəcəkdik. Dağlıq Qarabağın üzərindən uçurduq. Yükümüz ağır olduğundan  yüksəklik  3000 metri  göstərirdi. Aşağıda alışıb yanan şəhər və kəndlərimiz aydın görünürdü.

Naxçıvanda hava limanında əsgərlərimiz yükü dərhal boşaltdılar. Qısa istirahətdən sonra biz Gəncəyə uçduq. Dostlarım bizi gözləyirdilər. Heç bir maneə olmadan təyyarəni yenidən yükləyib Naxçıvana geri qayıtdıq. Təyyarəni boşaldıb, Cavanşirə 3 gün sonra Gəncəyə gəlməsini söylədim. Təyyarə Bakıya uçdu. Məndə qəti bir inam yaranmışdı ki, qısa zaman ərzində tapşırığın öhdəsindən gələcəyəm.
İş yerimə saat 18:00 radələrində qayıtdım. DMMK sədri Elman Abbasovla görüşəndə alayda bir problem olduğunu söylədi. 30 nəfərə yaxın zabit və gizir Qarabağa döyüşmək üçün göndərilmələrini tələb edirdilər. Qərargah rəisi ilə əlaqə saxlayıb alayın iclas zalında sabah 11:00 radələrində görüşə gələcəyimi bildirdim. Alayın iclas zalında məni gözləyirdilər. Görüşüb rəyasət heyətində yerimə əyləşdim. Onları eşitmək üçün tribunaya dəvət etdim. Növbə ilə üç könüllü zabit çıxış etdi. Çıxışlar eyni məzmunlu idi. Xocalı soyqırımının intiqamını almaq üçün bütün tərkiblə Qarabağa göndərilmələrini tələb edirdilər. Onların heç biri Naxçıvanın sərhəd kəndlərində olmamış, həqiqi hərbi xidmət keçməmiş könüllülər idi. Növbəti çıxış üçün tribunaya heç kim gəlmədi. Ötən ilə qədər Naxçıvanın sərhəd kəndlərində müdafiə postlarının yaradılmasından, bir ov tüfəngi ilə onlarla könüllünün növbə çəkdiyindən, baş verən erməni təxribatlarının Azərbaycanın qəhrəman oğlu Afiyəddin Cəlilov tərəfindən necə qarşısının alındığını anlatdım. Onların danışdıqlarından daha çox Xocalıda törədilmiş erməni vandalizmindən məlumat verdim. Ermənilərin növbəti hədəfinin Naxçıvan olduğunu söylədim. Çox keçmədən burada ağır döyüşlərin şahidi olacaqlarını dedim. İndiki qədər vətənimizin onlara böyük ehtiyacının olmayacağını anlatdım. Xalqımızın onlara böyük ehtiyacı olduğu halda, xidmət yerini dəyişmək tələbinin nə dərəcə doğru olduğunu soruşanda 3 nəfərdən başqa hamısı bir ağızdan dedi ki, siz haqlısınız, komandir. Beləliklə növbəti bir təxribatın qarşısı alınmışdı. Çox keçmədən ermənilərin Naxçıvana cəbhə boyu hücum edəcəklərini bilən bütün əhali doğma yurdumuzun müdafiəsi üçün səfərbər olmuşdu. Məni isə Heydər Əliyev gözləyirdi.

Blokada vəziyyəti vaxtilə dünyaya meydan oxuyan bir imperiyanın Naxçıvandakı hərbi hissələrini çox miskin hala gətirmişdi. Əsgərləri aclıq çəkir, həftələrlə yuyunmadıqlarından müxtəlif xəstəliklərə düçar olurdular. Hərbi nizam-intizamdan əsər-əlamət qalmamış, oğurluq, itaətsizlik baş alıb gedirdi. Hazırladığımız planın icrasına başlamaq üçün Heydər Əliyevdən icazə istədim. İlkin olaraq hərbi hissələrdəki türkləri oradan çıxarıb Bakıya, oradan da vətənlərinə yola salacaqdıq. Həmin gün 3 özbək əsgərini Bakıya yola saldıq. Bir neçə gündən sonra bizə yüzlərlə əsgər müraciət etdi. Hətta onların arasında ruslar da var idi. Təbii ki, biz onları ac durumda yola salırdıq. Onlar bizə, Ali Məclisə yazılı olaraq təşəkkür edirdilər. Əvvəl özlərini ev sahibi kimi aparanlar indi qonaq kimi davranırdılar. Zabitlərin özləri hərbi hissələrdən silah-sursatı oğurlayaraq bizə satmaq istəyirdilər. Moskvanın niyyəti isə silah-sursatı, ağır texnikanı İrəvana aparıb ermənilərə təhvil vermək idi. Onlar  Naxçıvanda Heydər Əliyev  kimi bir dühanın varlığını unutmuşdular. Hər şey zaman tələb edirdi.

Ertəsi gün Gəncəyə, oradan da Marquşavana getdim. Ağır döyüşlər gedirdi. Elşən Əliyevlə topun yanında görüşdük. Bir gün sonra Gəncəyə gələcəyini dedi. Axşamüstü Gəncə Ali Məclisinin Sədri, Azərbaycan Milli Məclisinin üzvü, Gəncə şəhər Fövqəladə Müdafiə Qərargahının rəisi Çingiz Sadıxovla görüşdüm. Məni çox səmimi qarşıladı. Kəpəz mehmanxanasında mənə bir otaq ayrılmasına göstəriş verdi. Sərəncamıma bir Qaz-69 markalı avtomobil ayırdı və s. Məndən Namiq Həsənovu tanıyıb-tanımadığımı soruşdu. Namiq müəllimi kim tanımırdı ki? Daxili İşlər nazirinin müavini kimi Namiq müəllim çox böyük bir missiyanı həyata keçirirdi. Siyasi məsələlər üzrə bütün danışıqlarda  iştirak etmişdi,  böyük nüfuz sahibi idi. Çingiz müəllim Namiq müəllimlə birlikdə Ali Partiya Məktəbində oxuduğunu bildirdi. Yarana biləcək bütün problemlərlə bağlı ona müraciət etməyimi xahiş etdi. Anbardan bizə lazım olan ehtiyacın aparılmasına icazə verildi.  Anbardakı mövcud arsenallara baxaraq  son dərəcə vacib olanları seçib ayırdım. Təxminən 50 ton yük idi. Yüklər böyük ağır yeşiklərə yığıldı. Yükü qısa zamanda daşımaq üçün riskli bir qərar qəbul etdim. Onları tarasız aparmaq istəyirdim.

An-26 dəqiq vaxtında Gəncəyə eniş etdi. İki yük maşını ilə təyyarəyə yaxınlaşdıq. Yeşikləri açıb mərmiləri göstərdiyim şəkildə yükləməyə başladıq. Cavanşirdən xahiş etdim ki, tədricən yüksəlsin və ensin. Təhlükəsizlik tədbirlərindən biri də mərmi başlıqlarını  ayırmağımız oldu.

Artıq Gəncə aeroportunda bütün ehtiyat tədbirlərini görmüşdüm. Bizə qarşı ruslardan heç bir təhlükə gözlənilmirdi. Aeroportun polis rəisi İlqar müəllimdən bizə müvafiq köməkliyin göstərilməsini xahiş etdim. Aeroportun polisləri  bizim yüklərimizi qoruyurdular. Vaxtdan səmərəli istifadə üçün  yüklərimizi öncədən aeroporta gətirirdim. Gündə iki dəfə Naxçıvana uçurduq. Axşam Gəncədə şəhər nəqliyyat prokuroru Hüseyn Əlizadənin yaşadığı evə getdim. Hüseyn müəllim həyat yoldaşı Tükəzban xanımla məni çox mehribanlıqla qarşıladı. Hüseyn müəllim çətin, mənalı həyat yaşamışdı.  Bir neçə il idi ki, onlar Özbəkstandan Gəncə şəhərinə köçmüşdülər. Onların həyətlərinə daxil olanda qonşuları mənə çox diqqətlə baxıb ünsiyyət yaratmaq istəyirdi, balaca uşaqlar isə “Azərbaycan əsgəri” marşını oxuyurdular. Hüseyn müəllimin evindən telefonla Heydər Əliyevlə əlaqə saxlayırdım. Tükəzban xanım isə qonşularına “bu gün Heydər Əliyevlə danışdıq” deyə xəbər verirdi. Allah Hüseyn müəllimə və Tükəzban xanıma rəhmət eləsin. Mənə deyirdilər ki, hər gün bizə gəl, başqa yerdə şam etmə. Mən isə Heydər Əliyevlə danışmaq zərurəti yarananda onlara gedirdim.

AN-26 təyyarəsi ermənilərin diqqətini cəlb etmişdi. Cavanşir dedi ki, bizə atəş açırlar. Gündə iki dəfə uçuş həyata keçirmək təhlükəli olmuşdu. Ona dedim ki, mümkün qədər döyüş zonasının üzərindən deyil, yanından uçaq. Uçuş vaxtını mən təyin edirdim, çalışırdım ki, uçuş saatlarımız bir-birindən fərqli olsun. Düşmən bizə atəş açırdı. Ekipajın həyatını təhlükə qarşısında qoya bilməzdim. Pilotlar (4 nəfər idi) qəhrəmanlıq göstərirdilər. Biz düşmən hədəfinə çevrilə bilməzdik, hər birimiz böyük bir məsuliyyət daşıyırdıq. Nə isə etməli idim. Ancaq nə?...
Məlum səbəblərdən Heydər Əliyevə görə Naxçıvana kömək etmək təhlükəli idi. Ən yaxşı halda kömək edənlər təqibə məruz qalıb, işdən çıxarılırdılar. Amma çoxları heç nədən qorxmayaraq, yüksək vətənpərvərlik, Heydər Əliyevə böyük rəğbət göstərərək bizə yardım edirdilər. Onlardan biri də Gəncə şəhər Nizami rayon prokuroru Mahmud Nəbiyev idi. Onunla görüşüm çox səmərəli oldu. Onun köməkliyi ilə 15 təyyarə “yükünü” vaxtında Naxçıvana çatdıra bildim. Ondan əlavə Sumqayıtdan boru prokat zavodundan 2000 metr boru gətirilməsini xahiş etdim. Bir həftə ərzində borular Gəncə şəhərinə gətirildi. Bir neçə dəfə məni evlərinə dəvət etdi. Sonralar mənə məlum oldu ki, həmin günlər mənə sui-qəsd törədiləcəkdi. Onun atası Yusif Nəbiyev Naxçıvanda Nazirlər Sovetinin sədri işləmişdi. Azərbaycanda sovet dövrü görülən işlər həmişə 1-ci partiya katibinin adı ilə bağlı olurdu. “Naxçıvanda sənaye obyektləri, tədris müəssisələri, klublar, yollar, binalar və s. Yusif Nəbiyevin vaxtında tikilib” deyirdilər. Allah ona rəhmət eləsin! Heç kim onun qapısından əliboş qayıtmayıb. Heydər Əliyevə Mahmud Nəbiyev haqqında məlumat verəndə Yusif Nəbiyevlə bağlı xoş xatirələrindən  danışmışdı. Allah  Mahmud müəllimə rəhmət eləsin. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin sədri olmuşdu. 2022-ci ilin dekabrında vəfat etmişdi.

Gəncə Şəhər İcra Hakimiyyətində Fiqan İmaməliyevlə tanışlığım yerinə düşmüşdü. Əslən Naxçıvanın Xok kəndindən idi. Atası Nəbi İmaməliyev Azərbaycanda ilk milis (polis) polkovniki olmuşdu. Naxçıvan şəhərində Atatürk prospektində Cəmşid Naxçıvanskinin ev muzeyi ilə üzbəüz ikimərtəbəli binaya polkovnik Nəbi İmaməliyevin baralyefi asılmışdı. Fiqan müəllim Gəncə Şəhər İcra Hakimiyyətində sənaye, nəqliyyat, rabitə şöbəsinin rəisi idi. Ən böyük məsələ “yükü” daşımaq idi. Təhlükəli olduğundan heç kim qorxulu, qanunsuz “yükü” daşımaq istəmirdi. Bir çox problemlərim, o cümlədən, “yükün” daşınması dərhal həll olundu. Digər mühüm məsələ isə Gəncə-Naxçıvan və əks-tərəfə sərnişin daşınmasında fasiləyə yol verilməməsi idi. Fiqan müəllim bu vacib məsələni ciddi nəzarətdə saxlayırdı.  Hər dəfə icra hakimiyyətinə gələndə Fiqan müəllimlə mühüm məsələləri müzakirə edərək, onun məsləhəti ilə bəzi tədbirləri uğurla həyata keçirirdim. Ona zərər gələcəyindən ehtiyat edirdim. Fiqan müəllim isə “Naxçıvan bizim ürəyimizdir, hamının borcudur ki, vətənə kömək etsin” deyirdi. Ayrıca məni icra başçısının müavini Nizami Əhmədovla da tanış etdi.
Vaxtım olduqca Ağstafa, Tovuz, Qazax, Şəmkir, Xanlar (indiki Göygöl), Tərtər, Goranboy, Mingəçevir, Yevlax və s. rayonlara gedib müəyyən əlaqələr yaratdım. Qarabağın bəzi rayonlarına da getdim.

Döyüş gedən rayonlarda məni ən çox maraqlandıran düşmənin taktikası idi. Həm nizami ordunun, həm də könüllülərin. Bu məsələləri biz Dövlət Milli Müdafiə Komitəsində müzakirə edirdik. Gəncədən Naxçıvana Yak-40 sərnişin təyyarəsi uçurdu. Aeroportun komandiri Firudin Qasımova dedim ki, təyyarənin oturacaqları sökülərək mənim sərəncamıma verilsin. Hansı razılıq lazımdırsa, rəhbərlikdən alacağam. Bir günə Yak-40 mənə verildi. Beş tona qədər yüklə 4000 metr yüksəklikdə uçurduq. Təyyarə sürətli olduğundan gündə 3 dəfə Gəncə-Naxçıvan reysi həyata keçirirdim. AN-26 təyyarəsinin qəhrəman ekipajı ilə görüşüb,  Heydər Əliyevin və öz adımdan təşəkkürümü bildirdikdən sonra onları Bakıya yola saldım. Çox təəsüflər olsun ki, məndən asılı olmayan səbəblərdən qəhrəman An-26 ekipajının üzvləri ilə bu günə qədər görüşə bilməmişəm.

Gəncədə prospekt və küçələrdə mağarlar qurulurdu. Hər gün, demək olar ki, şəhərə bir neçə şəhid gətirilirdi. Şəhər yasa bürünmüşdü.
Naxçıvan təkcə iqtisadi blokadaya alınmamışdı. Burada eyni zamanda informasiya blokadası, qıtlığı hökm sürürdü. Respublika televiziyasının xəbərləri videokasetə köçürülür, bir gün sonra isə Naxçıvan televiziyasında translyasiya olurdu. Naxçıvan həqiqətlərinin nəinki dünyaya, hətta Bakıya çatdırılması problemə çevrilmişdi. Bu problemi qismən həll etmək, Naxçıvana humanitar yardım göstərmək üçün Gəncədə Naxçıvana Yardım Xeyriyyə Cəmiyyətinin yaradılmasına icazə istədim. Heydər Əliyev təklifimi bəyəndi.
Gəncədə Alimlər Evi fəaliyyət göstərirdi. Müdüri Kazım Axundov idi. Bir müddət əvvəl Fiqan müəllim məni Musa Musayevlə tanış etmişdi. Yük maşını lazım olduğu üçün gəncəlilərin “Musayevin qarajı” deyilən müəssisəyə getmişdim. Doğma övladı kimi məni qarşıladı Musa dayı. “Gedək yeməkxanaya mən acmışam” dedi, əslində məni yeməyə dəvət edirdi. Musa dayı elə belə kişilərdən deyildi ha. Babası Kəlba Musa Naxçıvanda məşhur adam olmuşdu. Çəkdirdiyi kəhriz 100 ildən çoxdur ki, əhaliyə xidmət edir. Musa dayı ilə Alimlər Evinə getdik. Kazım müəllimdən cəmiyyət mərkəzinin Alimlər evində yerləşməsinə razılıq aldıq.  Musa dayıya da, Kazım müəllimə də Allah rəhmət eləsin! Tezliklə Alimlər Evinə Gəncədə yaşayan qeyrətli naxçıvanlılar və Gəncəbasarın qəhrəman övladları toplaşdılar. Cəmiyyətə  Hüseyn Əlizadəni sədr, Musa dayı ilə Firudin Şimşəyi müavin seçdik. Allah hər üçünə rəhmət eləsin! Cəmiyyətin ən fəal üzvləri  Gəncə Ağsaqqallar Şurasının sədri Ağa Ağayev (Allah  rəhmət eləsin), Çingiz Sadıxov (Allah  rəhmət eləsin), Metal bazanın müdüri Əli müəllim (Allah  rəhmət eləsin), Əkbər Nəsirov(Allah  rəhmət eləsin), Salman Məmmədov (Allah  rəhmət eləsin), akademik Mikayıl Rəhimov (Allah  rəhmət eləsin), Nurəddin Babayev (Allah  rəhmət eləsin),  Vahid Şirəliyev (Allah  rəhmət eləsin), Hüseyn Vəliyev, Əli Mehdiyev, Əhmədov Əhməd, Fiqan İmaməliyev,  milis polkovniki Natiq Həsənov, İbrahim Cəfərov, Rafiq və Rauf Şəfiyev qardaşları, Teyyub Hacıyev, Mərdan müəllim, Vilyam Hacıyev, Elşən Əliyev, Səməndər Qurbanov, Vaqif müəllim, milis kapitanı İbrahim, qarajın işçiləri Vaqif və Əli müəllim, Ziyad Abbasov, Arif   Hüseynov, Firudin Qasımov, Eldəniz Nəcəfli, Mətləb Əliyev, Mərdan Tağıyev, Qəzənfər Əliyev, Qalib Rəhimli, Mətləb Abdullayev və başqaları idi. Salman Məmmədovun anası Əsmət xanım Naxçıvana gəlmiş, yüz min manatlıq dərman ləvazimatını Apteklər İdarəsinə vermiş, on min manatı Sədərəkdə müalicəyə ehtiyacı olan yaralılara paylamışdı. Cəmiyyət hər gün fəaliyyət göstərirdi. Cəmiyyət üzvlərinin, onların tələbələrinin köməyi ilə mən təyyarənin yüklənməsini də həyata keçirirdim. Həftədə bir dəfə rəhbər heyət toplanırdı. Mən Naxçıvandakı mövcud vəziyyətlə bağlı məlumat verirdim. Sonra görüləcək işlər barədə qərar qəbul edirdik. Mənim təklifimlə  cəmiyyət adından Gəncədə şəhid ailələrinə, yaralılara maddi və mənəvi yardım göstərilməyə başlandı. Cəmiyyətin xətti ilə Naxçıvanın Müdafiə və İnkişaf Fonduna iki milyon manatdan artıq vəsait köçürüldü. Cəmiyyətin qərarı ilə rəhmətlik Əkbər Nəsirov və Əli Mehdiyevin Heydər Əliyevlə görüşünü təşkil etdim. Görüşdən sonra Naxçıvan televiziyasında çıxışları oldu. Cəmiyyət üzvləri əsl qəhrəmanlıq göstərirdilər. Təmənnasız vətən üçün vətəndaşlıq borclarını yerinə yetirirdilər. Cəmiyyətin fəaliyyətini həmin dövrdə Türkiyədən gəlmiş “Tərcüman” qəzetinin jurnalisti də  işıqlandırmışdı. Sağ qalmış qəhrəmanlarımıza Allahdan can sağlığı arzulayıram. Demək istəyirəm ki, sizin qəhrəmanlığınız heç bir zaman unudulmayacaq. Heydər Əliyevin göstərişi ilə Naxçıvan Dövlət televiziyasının əməkdaşları,  yazıçı,  şair,  jurnalist Asim Yadigar və operator Nurəddin  Əliyev Gəncə şəhərinə ezam olundular. Cəmiyyətin, qəhrəman pilotların fəaliyyətlərini videolentə alaraq Naxçıvan  Dövlət  televiziyasında  işıqlandırdılar.

Heydər Əliyev cəmiyyət üzvlərinə bir teleqram ünvanladı: Möhtərəm bacılar və qardaşlar! Gəncə şəhərində Naxçıvana Yardım Xeyriyyə Cəmiyyətinin yaranması qədim Naxçıvan diyarında böyük hörmət və minnətdarlıq hissi ilə qarşılanmışdır. Cəmiyyətin üzvlərinə, Gəncə şəhər sakinlərinə naxçıvanlıların səmimi salamını və dərin məhəbbətini bildiririk. Həmrəylik və yardım üçün minnətdarıq. Gələcək fəaliyyətinizdə uğurlar, Azərbaycanın qədim diyarları - Gəncə və Naxçıvan arasında qardaşlıq və dostluq münasibətlərinin daha da inkişaf etməsini arzulayırıq. Bütün gəncəlilərə cansağlığı, səadət diləyirik!
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri
Heydər Əliyev

Ermənilər bütün cəbhə boyu sakitliyi pozmuşdular. Şahbuz rayonuna edilən hücum nəticəsində Nağıyev Həsənlə, Telman Sadıxov yaralanmışdı. Həsən milis əməkdaşı, Telman müəllim isə könüllü idi. Heydər Əliyev Muxtar Respublika uzrə ən  ağır yaralıları müalicə üçün Türkiyəyə göndərdi. Onların arasında Həsən də var idi. Həkimlər onu həyata qaytara bilsələr də, ayağa qaldıra bilmədilər.  Allah ona uzun ömür,  cansağlığı versin.

Naxçıvan özünün ən ağır günlərini yaşayırdı. İqtisadi böhran bütün sahələrdə hiss olunurdu. Naxçıvan əhalisi isə Heydər Əliyevin ətrafında  sıx birləşmişdi.
Daha acı bir xəbər Qarabağdan gəldi. Bir qəhrəman şəhidimizin cənazəsi Naxçıvana gətirilirdi. Məlumatı əvvəlcədən bilsəm də, ailənin əzizlərinə necə çatdıracağımı bilmirdim. Naxçıvan şəhidini son mənzilə yola salmağa hazırlaşırdı, böyük bir izdiham var idi. O, Qarabağdan Naxçıvana gələn ilk şəhid idi.
Naxçıvanda elektrik  enerjisi fasilələrlə iki saatdan bir verilirdi. Elektrik enerjisi gələn kimi hamı televizorları açıb, cəbhə xəbərləri ilə maraqlanırdı. Tarıverdiyev Azər İsmət oğlu da televizoru açmışdı. Ekranda Xocalıda baş vermiş, dünyada heç bir yerdə rast gəlinməyən vəhşiliklərin acı səhnələri nümayiş olunurdu. 25 yaşlı gəncin gözlərində yaş qurumurdu. “Kişi olan kəs evdə oturmaz” deyib, heç kimlə görüşmədən Bakıya, oradan da döyüş bölgəsinə getmişdi. Ana isə “iş qurmaq” adı ilə yola çıxan oğlunu  səbirsizliklə gözləyirdi.  O vaxtlar məşhur ”Qurtuluş” taborunun tərkibində qısa, lakin şərəfli döyüş yolu keçmiş, şəhidlik zirvəsinə yüksəlmişdi.

Üç il öncə Azərin atası İsmət müəllim rəhmətə getmişdi. Nəinki inşaatçılar, hətta bütün əhali İsmət müəllimi bacarıqlı, işgüzar bir rəhbər, həm də xeyirxah, vətənpərvər  bir insan kimi tanıyırdı. Azər evin böyük oğlu idi. Ata əvəzi üç bacıya və bir qardaşa xeyir-dua verib, toylarını edəcəkdi. Lakin vətən məhəbbəti onu şəhidlik zirvəsinə yüksəltdi. Ulu öndər Heydər Əliyev də şəhidin doğmalarına baş sağlığı verməyə gəlmişdi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Heydər Əliyev çox narahat idi. O mənə “sabaha un ehtiyatımız tükənir, xalqımız çörək problemilə üzləşəcək”,-dedi. Hələ də respublika  rəhbərliyi Naxçıvana ögey münasibət göstərir, Ayaz Mütəllibov isə “Naxçıvan Azərbaycanın kor bağırsağıdır, onu kəsib atmaq lazımdır”-deyirdi.

İki saatdan sonra Gəncə Şəhər Ali Məclisinin sədri Çingiz Sadıxovun yanında idim. Vəziyyəti ona bildirdim. Hökumət telefonu ilə nazir Zakir Abdullayevə zəng edib, Gəncənin fondundan 60 ton unu Naxçıvana  verilməsini xahiş etdi. Axşam saat 18.00 radələrində Bakıda olmalı idim. Çingiz müəllimə  Mahmud Nəbiyevin vasitəsilə Sumqayıtdan 2000 metr borunun Gəncəyə gətirildiyini bildirdim. Gəncədə Maşınqayırma zavodu fəaliyyət göstərirdi. Gingiz müəllim zavodun direktoru Eldar Qarayevə zəng etdi. Ona dedi ki, Naxçıvana təxirə salınmadan 6 ədəd “QRAD” qurğusu hazırlanmalıdır. Sonra isə üzünü mənə tutub dedi ki, əlavə 2 ədəd qurğu dostum Namiq Həsənova məndən hədiyyədir. Bir saat sonra Maşınqayırma zavodunun direktoru ilə görüşüm oldu. Söhbətimiz iki saata qədər çəkdi. Göndərilmiş borular artıq müvafiq texnoloji ardıcıllıqla emala daxil edilmişdi.

Bəzi mühüm işləri gecələr görürdüm. Ona görə xidməti avtomobildən istifadə edə bilmirdim. Sürücüm çox yorulurdu. İki nəfər könüllü vətənpərvər mənə kömək edirdi. Onlardan biri Naxçıvanın Sovetabad (indiki Xətai məhəlləsi) kəndindən olan Yusif 06 Lada “Jiquli” avtomobili, digəri isə Nəcəfli Eldəniz pekap “Moskviç” ilə hər  bir çağırışıma təcili  cavab verirdilər. Eldənizə zəng etdim, dedim ki, saat 18.00 radələrində  Bakıda olmalıyıq. Üç saat ərzində unun daşınması, təyyarəyə yüklənməsi məsələlərini həll etdim. TU-154 tipli sərnişin təyyarəsi ilə üç reysə unu Naxçıvana apardım. Gecə saat üçdə axırıncı 20 ton unu boşadıb, Bakıya qayıtdım. Saat 04.00 radələrində Eldənizlə Bakı hava limanından ayrıldım. Gəncə aeroportuna çatanda saat 09:00 oldu. Köməkçim Süleyman və əsgərlərimiz Yak-40 təyyarəsinin yanında məndən təlimat gözləyirdilər. Uçmağa hazırlaşırdıq ki, mühafizə xidmətinin rəisi bir nəfər könüllü əsgərin mənimlə görüşmək istədiyini bildirdi. Əsgər özünü təqdim etdi: Akif Səfərov. Atası milis podpolkovniki Mirzəmməd müəllim Naxçıvan Daxili İşlər Nazirliyində atamla bərabər işləmişdi, dost idilər. Akif Qarabağda döyüşlərdə iştirak etmiş, ağır yaralanmışdı. Müalicəsi başa çatmamışdı. Bədəni sarğılı idi. Sonralar Akif bir neçə dəfə əməliyyat olundu. Mən,  döyüş və sinif yoldaşları – İbrahim Əliyev, Canpolad Səfərov, Əli Bağırov, Hikmət Əliyev Akifi heç bir zaman tək buraxmadıq. Keçdiyi döyüş yolu bir kitabın mövzusudur. Onu orada tək buraxa bilməzdim. Təyyarədə mərmilərin üzərində Akifi Naxçıvana gətirdim.
 Naxçıvandan Gəncəyə gələn sərnişinlər də bizə təmənnasız köməklik göstərirdilər. Onların arasında elə vətənpərvərlər var idi ki, günlərlə könüllü surətdə aeroporta gələrək təyyarələrin yüklənməsində yaxından iştirak edirdilər. Həmin şəxslərdən Emin Tağızadənin, Ceyhun Abdullayevin, Niyazi Cəfərovun, İlqar Sadiqovun,  Abidinin adlarını xüsusilə qeyd etmək istəyirəm. Gəncəyə qayıdanda şəhər nəqliyyat  prokuroru Əli Ömərovla akademik Məmmədtağı Cəfərov onları Naxçıvana aparmağımı xahiş etdilər. Əli Ömərov Azərbaycanın xalq deputatı, eyni zamanda parlamentdə Xocalı istintaq komissiyasının sədri idi. Heydər Əliyevlə görüşmək  istəyirdilər. Görüşü təşkil etdim. Akademik Məmmədtağı Cəfərovun evini bir həftə sonra avtomat silahdan atəşə tutmuşdular. Evinə gedib  kömək üçün yardımımı təklif etdim, lakin imtina etdi. Heydər Əliyev prezident seçiləndən sonra Əli Ömərov Azərbaycanın Baş Prokuroru oldu.

Rusların arasında apardığım işlər nəticə vermişdi. Mənimlə dost olub, yardımımdan istifadə etmək istəyirdilər. Təbii ki, müraciət edənləri əliboş buraxmırdım. Gəncədə müvəqqəti olacaqlarını artıq yəqin etmişdilər. İllər boyu topladıqları şəxsi ev əşyalarını Rusiyaya aparmaq istəyirdilər, ancaq bacarmırdılar. Onlara Dərbəndə qədər ev əşyalarını çatdırmaqda yardım edəcəyimi bildirdim. Bir polkovnikin əşyaları  Dərbəndə çatanda çox sevinmişdi. Mənimlə dost olmuşdu. Hər cür əməkdaşlığa hazır idi. Yaxın dostları da ona güvənib ev əşyalarını mənə həvalə etmişdilər. Bu tədbirin həyata keçirilməsində Gəncə AXC şəhər şöbəsinin rəhbərliyinin  imkanlarından istifadə edirdim. Gecə Kəpəz mehmanxanasına gələndə bir nəfərin mənimlə görüşmək istədiyini bildirdilər. Mənimlə görüşmək istəyən şəxs Surət Hüseynov idi. Yevlaxda yun fabrikinin direktoru,  Azərbaycanın Xalq deputatı idi.
Təyyarə Naxçıvana rahat eniş etdi. Həmişə olduğu kimi “Yükü” sənədləşdirib aktla DMMK-nin nümayəndəsinə təhvil verib, komitəyə getdim. Komitənin sədri Elman Abbasovla (Allah rəhmət eləsin, 2016-cı ildə Bakıda vəfat etdi) görüşdüm. Ona dedim ki, Gəncədə bir nəfər mənimlə görüşmək istəyir, sizin də o görüşdə iştirakınız məqsədəuyğundur. Surət Hüseynovu qiyabi tanıyırdım, onunla maraqlanmışdım, ancaq görüşməmişdim. Ertəsi gün Elman bəylə Gəncəyə uçduq, Hüseyn Əlizadə ilə görüşüb, Surət Hüseynovun evinə getdik. Bizi səmimi qarşıladı. Evdə təmir işləri gedirdi. Həyətdə divara yaxın təxminən yüz yeşik 7.62 patronları və 20 ədəd zirehli jilet gözümdən yayınmadı. Surət  Hüseynov bizi həyətdəki çardağa dəvət etdi. Qonaqları ona təqdim etdim. Mənim haqqımda məlumatı var idi. Ümumi tanışlıqdan, söhbətdən sonra əsas mətləbə keçdik. Ona Naxçıvandakı  ağır hərbi, iqtisadi vəziyyətdən, Heydər Əliyevin gördüyü əsas işlərdən danışdım, ermənilərin növbəti hədəfinin Naxçıvan olduğunu bildirdim. Eyni zamanda respublika rəhbərliyi tərəfindən heç bir köməklik, yardım  almadığımızı bildirdim. Söhbətimiz qarşılıqlı anlaşma şəraitində keçdi. İstədiyimə nail olmuşdum. Surət Hüseynov Heydər Əliyevə böyük hörmətinin olduğunu, salamlarını ona çatdırmağı xahiş etdi. Bizi yola salarkən 5.45 və 7.62 patronlarına, zirehli  gödəkçələrə ehtiyacımız olduğunu dedim. Həyətdə olan yeşikləri və zirehli gödəkçələri  maşına yüklədib aeroporta yola saldıq. Ayrılarkən ona sual verdim ki, Heydər Əliyevi necə tanıyırsınız? Bir anlığa duruxdu. Ondan “Zaman” (Vremya) xəbərlər proqramına baxıb-baxmadığını soruşdum. Dedi ki, baxıram. Ona dedim ki, “Zaman” xəbərlər proqramını beş gün sonra diqqətlə izləsin, verilişdə bir xəbər eşidəcək, onda Heydər Əliyevi, Naxçıvanın əsgərlərini daha yaxından tanıyacaq. “Zaman” (Vremya) xəbərlər proqramı Sovetlər Birliyinin paytaxtı Moskvadan yayımlanan ölkənin  birinci kanalının verilişi idi.

Bir həftə sonra Gəncədə Surət  Hüseynovla  görüşdüm, əlimi sıxaraq “təbrik edirəm”,-dedi. Soruşdum ki, nə olub?  “Zaman” xəbərlər proqramında İrəvanın yaxınlığında bir hərbi bazanın partlamasından məlumat verildiyini dedi. İki gün idi ki, ermənilər yanğını  söndürə  bilmirdilər.

Surət bəylə isti münasibətlər yaranmışdı. Hətta Zazalıda ruslara məxsus bir hərbi hissədə də birlikdə olmuşduq. Bir şəhidin ailəsinə birlikdə başsağlığı vermişdik. Beş dəfə bizə köməklik üçün müraciətimi yerinə yetirmişdi. Bu münasibət iki aydan çox çəkmədi. Köməkçim Süleymanın dostu Oqtay Baxşəliyevlə xidməti maşınımla Yevlaxa getmişdik. Yun fabrikində gözətçiyə mənim gəldiyimi Surət bəyə çatdırmasını xahiş etdim. Həmişə məni gözlətmədən qəbul edirdi Surət bəy. Bu dəfə yarım saatdan çox gözlədim. Nəhayət, 6 nəfər silahlı mənə yaxınlaşdı, Surət bəyin yaxın qohumu Kəramət  məni qəbul etməyəcəyini söylədi. Səbəbini soruşdum, içəri keçmək istədim. Silahlılar qarşımı kəsib imkan vermədilər. Arxamda bir şaqqıltı eşitdim. Avtomobilə əyləşəndə Süleymanla, Oqtay mənim kürəyimdən vurulacağımdan qorxduqlarını dedilər. Kərəmət avtomatı kürəyimə tuşlayıb, atəş üçün hazır vəziyyətə gətirmişdi. Aslanlı tayfasından heç kimə kürəyindən güllə dəyməmişdi. Allah məni saxladı. Nə baş verdiyini heç cür anlaya bilmirdim.
Gəncəyə qayıtdım. Ramiz Cahangirovla görüşüm olacaqdı. Bir əməliyyat həyata keçirəcəkdik. Gecə cənub bölgəsinə – Prişibə yola çıxmalı idim. Mənimlə bərabər bir rus polkovniki və podpolkovniki getməliydi. Onların köməyi ilə bir ədəd tank və bir ədəd BTR-i Gəncəyə gətirmək məqsədimiz vardı. Texnikaları traylerdə gətirəcəkdim. Hər şey hazır idi. Cəlilabaddan Vaqif adlı tanışım bizi QAZ-24 “Volqa” avtomobilində aparacaqdı. Gecə saat 03.00-da rus zabitləri ilə yola çıxacaqdıq. Mehmanxanaya təzə gəlmişdim, saat 23.30 idi. Bir az istirahət etmək istəyirdim ki, qapı döyüldü. Təxminən on nəfər idilər. Başlarında da Kəramət. Yüksək səslə sabahdan Gəncəni tərk etməyimi tələb etdi, sonra dedi ki, bəs sən bilmirsən burada adamları necə yandırıb yox edirlər. Onun sözlərini ciddi şəkildə qəbul etmədim. Mənim vəzifəm vardı. Naxçıvan təhlükə içərisində qalmışdı. Mən Heydər Əliyevin tapşırıqlarını yerinə yetirməli idim. Ölümdən qorxmurdum, dəfələrlə arxamca atəş açaraq, məmi minaya salmaq istəmişdilər. Yəni belə hədə-qorxular birinci dəfə deyildi.

“Volqa” maşınımız mehmanxananın dayanacağında durmuşdu. Saat 03.00-da rus zabitlərini evlərindən götürüb yola çıxdıq. Şəhərin çıxışında trayler bizi müşayiət etməyə başladı. Sürücünün yanında mən, arxada ruslar əyləşmişdilər. Saatda 60-80 km sürətlə gedirdik. Cəlilabada yaxınlaşırdıq, çiskin yağış yağırdı. Sübh açılmışdı. Ruslar mürgüləyirdilər. Yolumuz uzun olduğu üçün Vaqifi söhbətə tutmuşdum ki, yuxulamasın. Birdən mənim önümdəki təkər yerindən çıxdı. Qarşıdan ara-sıra avtomobillər keçirdi. “Volqa” sürüklənməyə başladı, arxamızca gələn trayler bizə yaxınlaşırdı. Avtomobil yolun əks-tərəfinə sürüklənirdi. Vaqif əyləci sıxmışdı. Xoşbəxtlikdən qarşıda avtomobil yox idi, yoxsa birinci məni vuracaqdı. Rusların qorxudan rəngləri ağarmışdı. Mən də qorxmuşdum, belə namərdcəsinə ölmək istəmirdim. Trayler bizə beş-on metr məsafədə dayandı. “Volqa”ya baxış keçirtdik. Vaqif  maşının yeni təmirdən çıxdığını dedi. Bütün şübhələr təkərin boltlarının boşaldılması üzərində dayandı. Bunun kimin tərəfindən edildiyi mənə artıq məlum idi. Əməliyyatı başa çatdırıb, rusları sağ-salamat geri qaytarmalı idim. Onlarla görəcək işlərimiz çox idi. Sağ-salamat Gəncəyə qayıtdıq. Səhərisi gün Hüseyn  Əlizadəgilə getdim. Saat 20.30-da Heydər Əliyevlə telefonla danışmalı idim. Hüseyn müəllimdən respublikadakı vəziyyətlə bağlı soruşanda o, parlamentdə Azərbaycan xalqının mənafeyinə zidd bir qərarın qəbul edildiyini bildirdi. Ölkəmiz prezident seçkilərinə hazırlaşırdı. Seçkilərdə Heydər Əliyev iştirak etməsin deyə namizədlərə yaş məhdudiyyəti qoymuşdular. 70 yaşdan yuxarı namizədin seçkilərdə iştirakının qarşısı alınmışdı. Parlament Azərbaycan xalqının əleyhinə qərar qəbul etmişdi. Surət Hüseynovun nəyə görə məni qəbul  etməməsini,  qohumu Kəramətin düşmən münasibətinin  səbəbləri artıq mənə məlum oldu. Surət Hüseynovla bir daha görüşmədim.

Təyin olunmuş vaxtda telefona zəng gəldi. Mən  telefonun dəstəyini qaldıranda Hüseyn müəllim televizorun səsini  kəsdi, Tükəzban xanım diqqətini üzümdə cəmləşdirdi. Salamlaşandan sonra Heydər Əliyev işlərin gedişi ilə maraqlandı. Hər şeyin qrafik üzrə getdiyini bildirdim. Sabah Naxçıvana gələcəyimi dedim. İki dəfə “gəl, gəl” dedi. Sonra sabaha qədər  səngərlərdə döyüşən əsgərlərimizin patronlarının bitəcəyini söylədi. “Avtomobillər saat 10.00-da aeroportda olsun” deyib sağollaşaraq dəstəyi yerinə qoydum. Tükəzban xanım mətbəxə keçmişdi. Süfrəni hazırlamaq istəyirdi. Hüseyn müəllim narahatlığımı hiss etmişdi. “Nə olub” deyə soruşdu. Ona “təcili getməliyəm” dedim, ucadan Tükəzban xanımla sağollaşıb evdən çıxdım. Eldəniz qarşı tində məni gözləyirdi. “Polkovnikin evinə sür” dedim. Ürəyimdə bü gün sarıqulağı öldürəcəyəm düşüncələri ilə polkovniki eşiyə dəvət etdim. İstəyimi ona bildirdim, dedi səhərə qalsın. Hirslə “bu saat istəyirəm” deyəndə “yük maşının varmı?” deyə soruşdu. “Var” dedim. Gecə yarısı görüş yerini təyin etdik. Oradan ayrılıb Elşənin atası Şubay kişinin evinə getdik. Yatmamışdı. “Heydər Əliyevlə görüşmək  istəyirmisən?” deyə soruşdum. “Əlbəttə” dedi. Həyat yoldaşı Kifayət xanım “mən də gedəcəyəm” deyə səsləndi. Şubay kişiyə “yük maşınını hazırla və iki nəfər yanına al, bir saat sonra dediyim ünvana gəl” deyib evdən çıxdım. Görüş yerinə 200 metr qalmış Eldənizə “avtomobili saxla” dedim. Ətrafı diqqətlə nəzərdən keçirdim, sakitlik idi. Bir azdan Şubay gəldi. “Motoru söndür “ dedim. Sakitliyi Zil -131 yük maşınının səsi pozdu. Polkovnik maşından enəndə ona yaxınlaşdım. “Yük maşınınız haradadır?” deyə soruşanda işarəmlə Şubay yaxınlaşdı. Saat yarım ərzində  iki  dəfə Şubayın yük maşını dolub, aeroportda boşaldı.
Səhər açılmışdı. Saat 09.00 radələrində Şubay kişi həyat yoladaşı Kifayət xanımla əllərində 2 ədəd səbət təyyarəyə mindilər. Səbətlərdə Heydər Əliyevə Gəncə sovqatı aparırdılar. Mənim sovqatım isə səngərlərdə döyüşən qəhrəman əsgərlərimizə 600000 (altı yüz min)  ədəd 5.45 və 7.62 çaplı avtomat patronları idi.

Naxçıvan hava limanında bizi səbirsizliklə gözləyirdilər. Əsgərlərimiz  təyyarəyə yaxınlaşan  böyüklü-kiçikli avtomobilləri yükləyib, cəbhəyə döyüş bölgəsinə yola salırdılar. Adətən yüklər anbara göndərilirdi. İndi isə vəziyyət belə tələb edirdi. Altı dəfə belə hal baş verdi. Naxçıvan belə qorunurdu, təpədən dırnağadək silahlanmış düşmənin qarşısında əliyalın olsa da, geri çəkilmək, düşmənin qabağından qaçmaq yox idi. Qanları, canları  bahasına əsgərlərimiz, polislərimiz, könüllülərimiz, yerli əhali Naxçıvanı qəhrəmancasına qoruyurdular. Onların qarşısında baş əyməmək mümkün deyildi.

Naxçıvan MR Ali Məclisinin mühafizə xidmətinin rəisi İsrafil Əsgərovla görüşüb, ikinci mərtəbəyə qalxdım. Dəhlizdə Heydər Əliyevin köməkçisi ilə görüşdüm. Qoluma girib kabinetinə dəvət etdi. İlk sualı o oldu ki,  belə getsə düşmənin qarşısında dayana biləcəyikmi? Ona yaxın zamanda çox ciddi dəyişikliklər olacağını söylədim. Qarabağda gedən şiddətli döyüşlər barədə məlumat verdim. Söhbətimiz bir saatdan çox çəkdi. Mənə bir mühüm problem olduğunu bildirdi. “Heydər Əliyevin həyatı təhlükədədir” dedi.  O yalnız Heydər Əliyevi düşünürdü. “Nə etmək lazımdır?” deyə ondan  soruşanda təxirəsalınmaz tədbirləri qeyd etdi.  İkinci dəfə idi ki, o, Heydər Əliyevlə bağlı mənə müraciət edirdi. M.S.Qorbaçov Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi vəzifəsinə seçiləndən sonra, Heydər Əliyev Siyasi Bürodan uzaqlaşdırılaraq  istefaya göndərilmişdi. Rus xalqının Heydər Əliyevə böyük rəğbəti olsa da, Qorbaçov ona həsəd aparırdı. Heydər Əliyevi nüfuzdan salmaq üçün ona qarşı mərkəzi qəzetlərdə, o cümlədən, respublikamızdakı rəsmi qəzetlərdə məqalələr dərc etdirirdilər. 1988-ci ildə Heydər Əliyevin uzaq bir qohumu mənə yaxınlaşıb dedi ki, “sən rus dilini yaxşı bilirsən. Moskvaya-Kremlə H.Əliyevə qarşı aparılan çirkin iftiralara son qoyulması  ilə bağlı bir teleqram göndərə bilərsən?”. Qəti cavab verdim ki, nəinki öz adımdan, ətrafımdakı dostlarımın da pasportlarını alıb, onların da adından Heydər Əliyevə qarşı aparılan çirkin iftiralara etiraz teleqramları göndərəcəyəm. Bu kampaniya təkcə H.Əliyevə qarşı yönəlməmişdi. Onun yaxınları da təqib olunur, işdən çıxarılırdı. Oğlu İlham Əliyev də işindən uzaqlaşdırılmışdı. Moskvada biznes fəaliyyətilə məşğul olurdu.
Keçən əsrin ortalarında atamla qohumu Qurban Abbasov Payız kəndindən Bakı şəhərinə gedirlər. Atam Mərdəkanda milis məktəbinə daxil olur, Qurban Abbasov isə neft mədənlərində əmək fəaliyyətinə başlayır. Sonralar Qurban Abbasov nəinki sovet məkanında, hətta dünyada tanınmış  neftçi olur. Atam milis məktəbini hüquqşünas kimi bitirərək, Naxçıvanda daxili işlər orqanlarında fəaliyyətə başlayır. Dediyinə görə o zaman şəhər milis idarəsində işləyən ermənilər çox narahat olmuşdular.  “Biz burada acından ölürük, Əlican, gəl sənə on baş qoyun alaq, get kəndinə” deyərək ona söz atırdılar. Atam onları çox yaxşı tanıyırdı. Atası Kərbəlaya getmişdi. Cəhri kəndində yaşayan anasının dayısı Kərbəlayı Kərim isə dövrünün ən igid adamlarından biri idi. Naxçıvanı qoruyan, erməniyə qan udduran bir qəhrəman kimi sevilirdi. 11 il bundan öncə “Şərq qapısı” qəzetinin keçmiş baş redaktoru, yazıçı Akif Axundov mənə telefon açıb görüşmək istədiyini bildirmişdi. Görüş zamanı XX əsrin əvvəllərində Naxçıvana Türkiyədən gəlmiş bir zabit haqqında məlumat toplayıb kitab yazmaq istədiyini söylədi, amma kifayət qədər məlumat olmadığı üçün ona kömək etməyimi xahiş etdi. Söhbət Veysəl Ünüvardan gedirdi. Naxçıvanda hərbi attaşe kimi çalışan Mehmet albaya müraciət etdim. On gün sonra Mehmet albay mənə 1948-ci ildə  general Veysəl Ünüvarın yazdığı “İstiklal harbində bolşeviklərlə sekiz ay (1920-1921)” kitabını verdi. Kitabın 31-ci səhifəsində general Kərbalayı Kərimdən bəhs edirdi. Kitabı atama göstərəndə gözləri dolmuşdu. Kitab Naxçıvanda yenidən nəşr olundu. Türkiyənin Naxçıvandakı baş konsulu mənə məktub göndərdi:

19 mayıs 2006
Sayın Urfullah Gurbanov,
1920-1921 yılları arasındNahçıvan türklerinin Kazım Karabekir Paşaya bağlı Şark Cephesi Komutanlığına bağlı Binbaşı Veysel Ünüvar komutasındaki türk askerleriyle birlikte ermenilere karşı verdikleri kahramanca mücadele 1948 yılında Veysel Ünüvar Paşa tarafından “İstiklal harbinde bolşeviklerle sekiz ay (1920-1921)” adıyla bir kitap haline getirilmiştir.

1920-192yıllarında ermenilere karşı verilen mücadelenin özellikle genç nesillerin dikkatine getirilmesi ve atalarımızın dönemin zor şartlarında verdikleri kahramanca mücadelenin daha iyi anlaşılması açısından sözkonusu eser, doğumunun 125 yıldönümü münasebetiyle büyük önder Atatürke ithafen filoloji ilimleri doktoru Ebülfez Güliyevin  çok değerli katkılarıyla Azerbaycan türkçesine çevrilmiş olup, ekte sunulmaktadır.
Azerbaycan ve Türkiye Cumhuriyetlerinin bağımsızlıklarını ebediyete kadar koruması dileğiyle saygılarımı sunarım.
İ.Sefa YÜCEER
Başkonsolos

1918-ci ilin noyabrından 1919-cu ilin martınadək fəaliyyət göstərmiş Araz Türk Cümhuriyyətinin 20 taboru var idi. Onlardan birinə Kərbəlayı Kərim rəhbərlik edirdi. Atam bizim Aslanlı tayfasının davamçıları olduğumuzu deyirdi. İkinci dünya müharibəsində bir nəsildən 17 nəfər qohumumuz geri qayıtmamışdı. Onlardan biri hətta polkovnik rütbəsinədək yüksəlmişdi. 20 Yanvar hadisəsindən sonra Sovet hökumətinə qarşı atamda nifrət hissi yaranmışdı. Otuz iki il daxili işlər orqanlarında fəaliyyətdən  təqaüdə çıxandan sonra atam fabrikdə mülki müdafiə şöbəsinin rəisi işləyirdi. Uşaqlıqdan atam bizə birgə kəsilən çörəyə, dostluğa sədaqətli olmağı öyrətmişdi. Allah ona rəhmət eləsin!

Bir dəfə yenə də uzaq qohumlarından biri mənə Heydər Əliyevin təhlükəsizliyi ilə bağlı narahatçılığını bildirdi. Əlbəttə, məndən başqasına da deyə bilərdi, lakin mənə etimad edirdi. Axı biz dost idik. Təbii ki, qısa zamanda bütün təhlükəsizlik  tədbirlərini həyata keçirdim.  Yaranmış vəziyyət bizdən daha diqqətli olmağı tələb edirdi. Ertəsi gün gecə Heydər Əliyevin yaşadığı evi mühafizə edən əsgərlərimizi yoxlamağa gedəndə növbətçilərdən üç metr aralı atılmış “Belomor kanal” papirosunun qutusu gözümdən yayınmadı.  Növbətçilərin ayaqlarının altında isə siqaret kötüklərini gördüm. Dərhal növbətçiləri dəyişdirdim. Elman bəylə görüşərək tam fərqli kriteriyalarla növbətçilərin seçilib posta göndərilməsini razılaşdırdıq. Heydər Əliyevin yolunda biz canımızdan keçməyə hazır idik. Bu, gəlişi gözəl deyilmiş bir ifadə deyildi. Ümumiyyətlə Heydər Əliyevi bütün xalq, Naxçıvan əhalisi qoruyurdu.
Heydər Əliyevlə görüş zamanı ruslara aid hərbi hissələrdən nəinki müsəlman əsgərlərini, hətta xeyli rus əsgərlərini evlərinə göndərdiyimizi bildirdim. Mənə dedi ki, bu yaxınlarda Ukraynadan bir təyyarə gələcək, burada xeyli ukraynalı əsgər və zabit var, tezliklə onları da buradan köçürəcəyik.
Nəhayət ki, Goranboya planlaşdırdığım səfər baş tutdu. Goranboy Azərbaycanın ən şiddətli döyüşlərin getdiyi rayonlarından biri idi. Sədərəyi “Naxçıvanın qapısı” hesab etdiyimiz kimi, Goranboyu da “Gəncəbasarın qapısı” adlandırmaq olar. Goranboylular öz rəhbərinin ətrafında sıx birləşərək vətənin müdafiəsində mətin dayanmışdılar. Şəhidlər vermiş, lakin bir qarış topağı düşmənə təslim etməmişdilər. İcra başçısının qəbul otağında gözləri dolmuş yaşlı analarla bərabər, hərbçilər və məmurlar da var idi. Hamı tələsirdi. Pıçıltılardan tezliklə problemlərinin həll olunacağına ümidlər hiss olunurdu. Köməkçiyə Naxçıvandan gəldiyimi bildirdim. Köməkçi qəbulda bir qrup vətəndaş olduğunu, onlardan sonra başçının məni qəbul edəcəyini bildirdi. İrşad Əliyev məni gözlədiyimdən daha çox səmimiyyətlə, doğma qardaşı kimi qarşıladı. İlk diqqətimi cəlb edən İrşad müəllimin hərbi formada olması idi. Özümü təqdim etdim, vəsiqəmi göstərdim. Naxçıvandakı ağır iqtisadi və hərbi vəziyyətdən ətraflı danışdım. Hərbi ehtiyaclarımızdan söz açıb ondan kömək istədim. Bilirdim ki, onların da ehtiyacları var, amma İrşad müəllim bizə kömək edəcəyinə söz verdi. O dövr üçün ən zəruri ehtiyaclarımızın təxirəsalınmadan ödənilməsinə göstəriş verdi. Ən kritik günlərdə gəldiyim zaman da məni əliboş qaytarmadı. Gecəni qonaq evində qalmağımı təklif etdi. Mən tabora getmək istədiyimi bildirdim. Qərargahda tabor komandiri Rasim Ağayevlə (Azərbaycanın Milli Qəhrəmanı) görüşdüm. Çox yorğun və yuxusuz olmasına baxmayaraq, onunla xeyli söhbət etdik. Məni ən çox ermənilərin döyüş taktikaları maraqlandırırdı. Burada xaricdən gəlmiş muzdlular da bizə qarşı döyüşürdülər. Sonralar Goranboyda Fəxrəddin Məmmədovla tanış oldum. Çox vətənpərvər bir insan idi. Bizə xeyli kömək etdi. Ertəsi gün iki dolu Kamaz markalı yük maşınla və bir ədəd zirehli texnika ilə Gəncəyə doğru yola çıxdım.

Aeroporta yenicə daxil olmuşdum ki, uçuş zolağının yanında üç əsgər və bir podpolkovnik gözümdən yayınmadı. Əllərində iki yeşik və bir dolaq naqil var idi. Hər şey aydın idi, burada minalama işləri aparırdılar. “Siz burada nə işlə məşğulsunuz?” – deyə soruşdum. Özlərini itirdilər. Əsgərlərdən birinin silahını aldım. Yeşiklərdə minalar var idi. “Hər birinizə bir mina bağlayıb partladacağam” – dedim. Onlarla çox sərt danışdım. Aeroportun yerüstü qurğularına xeyli ziyan vurmuşdular. Aeroportun rəhbərliyini ayağa qaldırdım. Şəhər rəhbərliyini, hüquq mühafizə orqanlarının rəhbərlərini vəziyyətlə bağlı məlumatlandırdım. Təxirəsalınmaz tədbir kimi tabeliyimdə olan əsgərlərimi vəziyyət sabitləşənə kimi aeroportun mühafizəsinə cəlb etdim. Böyük bir təxribatın qarşısı alındı.
Rus hərbçilərdən biri mənə ekstremist bir neçə rusun yaxınlarda Gürcüstana bir yük maşını aparacaqlarını dedi. Deyilən gün şəhərdən təxminən 5 km aralı yük maşınının qarşısını kəsdik. Maşını əllərindən alıb onları yolda boş buraxdıq. Yük maşınını aeroporta gətirdim. Rusların ermənilərə satmaq istədikləri 2 ədəd 100 mm çaplı top və hərbi gəmidən sökdükləri “Zenit” qurğusu artıq Naxçıvana gedəcəkdi. Üç gün əvvəl Naxçıvanda Heydər Əliyevlə danışanda ona böyük bir yük təyyarəsinə ehtiyacım olduğunu bildirmişdim. Təyyarə sabah Özbəkistandan gəlməli idi.

Gəncədə şəhərin mərkəzində “Xalça” firması fəaliyyət göstərirdi. Firmanın direktoru Nəsrəddin Əliyev qeyrətli, vətənpərvər bir iş adamı idi. Nəsrəddin müəllimlə söhbət zamanı özü mənə kömək etmək istədiyini bildirdi. Vaxt itirə bilməzdim. Çünki yükümüz həm çox, həm də ağır idi. Hər bir mərminin çəkisi 100 kq olardı. Sabah bunu yükləmək üçün köməyə ehtiyacımız vardı. Kömək üçün Gəncə Şəhər Polis İdarəsinin rəisi polkovnik Eldar Həsənovla  görüşdüm. Sabah 30 nəfər yanğınsöndürən mənim sərəncamıma verildi. Söhbət zamanı Eldar müəllim Kəlbəcərə kömək etdiyini bildirdi. Ruslardan bir ədəd 100 mm-lik top mərmisini 8000 manata, avtomat patronlarının birini isə 20-30 manata aldıqlarını dedi. Daşkəsən rayon prokuroru əslən kəlbəcərli Nəbi Quliyevin mənə kömək üçün müraciət etdiyini ona demədim. Elşən Əliyevlə Nəbi müəllimin evində olmuşduq. Çox narahat idi. Elşənlə ona kömək etdik, lakin bizim yardımımız kifayət qədər deyildi. Səhər açılmışdı. Yusifə “məni aeroporta sən aparacaqsan” dedim. Yenicə zala daxil olmuşdum ki, milis starşinası Nəbi Eyyubov mənə yaxınlaşdı. Onunla, qardaşları Eyyub və Bəylərlə (hazırda Azərbaycan prezidentinin şəxsi mühafizəsinin rəisidir) yaxın münasibətim var idi. Nəbi mənə H.Əliyevin Özbəkistanda Etibar adlı bir şəxsə yük təyyarəsi ilə bağlı zəng etdiyini dedi. Bu gün təyyarənin gələcəyini bildirdi. Az sonra Eyyub müəllim da gəldi. Üçlükdə çay içib təyyarəni gözləməyə başladıq. Eyyub müəllim mənim xətrimi çox istəyirdi. Hər gün görüşməsək də, günaşırı görüşürdük. “Həmişə təhlükədəsən” deyərək məni mehmanxanada gecələməyə qoymazdı. Həyat yoldaşı Laləzar xanım evə gec gəlsək də, mənim üçün yemək hazırlamışdı. Beşmərtəbəli binanın birinci mərtəbəsində darısqal mənzildə yaşayırdılar. Allah Nəbiyə də, Eyyub müəllimə də rəhmət eləsin. “Etibar da gələcək?” – deyə Eyyub müəllimdən soruşdum. “Xeyr” – deyə cavab verdi. Aydın məsələ idi ki, bu cür böyük təyyarələri ruslar idarə edirdilər. Tədbirli olmalı idim. Həyəcanlı olsam da, büruzə vermədim. Az sonra bir təyyarə endi. Bu, bizim gözlədiyimiz deyildi. Aeroportun şöbə rəisi mənə yaxınlaşdı. Aeroportun komandiri Firudin Qasımov mənimlə görüşmək istəyirdi. Kabinetdə heyət üzvləri və  bir qadın vardı. Yanacaq doldurmaq üçün eniş etmişdilər. Təyyarə Kiyevdən gəlmişdi. Bu təyyarə ukraynalı əsgər və zabitləri Naxçıvandan evlərinə aparacaqdı. Qadın özünü təqdim etdi: Rimma Nikolayevna. Ukrayna Radasında əsgər və zabitlərin hüquqlarının müdafiə komissiyasının rəhbəri idi. Mənə Heydər Əliyevlə görüşmək istədiyini bildirdi. “Problem yoxdur” dedim. Onları Naxçıvana yola saldıq. Naxçıvana uçan təyyarə geri qayıtmışdı. Gələnlərin arasında Telman Sadıqovu gördüm. Yarası qismən sağalmışdı. Telman müəllim Naxçıvan Ali Məclisinin deputatı idi. Sonralar Şahbuz rayonunun icra başçısı oldu. Telman müəllimlə səmimi görüşdük. Vəziyyətlə maraqlandı. Saat 14 radələrində gözlədiyimiz təyyarə endi. İlk öncə iki texnikanı, sonra topları, ”Zenit” qurğusunu, 100 ədəd mərmini və s. yüklədik. Telman müəllim də 100 kq-lıq mərmiləri yükləyəndə bizə kömək etdi. “Sizə ağır şey götürmək olmaz” deyəndə o etiraz etdi.

Eyyub müəllimlə mən içəri daxil olduq. Kabinəsi iki mərtəbəli idi. Eyyub müəllimə “Siz ikinci mərtəbəyə qalxın, mən birinci mərtəbədə olacağam” dedim. Qeyri-adi bir vəziyyətlə qarşılaşan zaman mənə yaxınlaşmağını bildirdim. Ona əvvəldən bəzi təlimatlar vermişdim. Təxminən 20 dəqiqə sonra biz Ermənistanın hava məkanına daxil olmuşduq ki, Eyyub müəllim aşağı endi. Təyyarə komandiri yanacağın tezliklə qurtaracağı üçün İrəvana məcburi eniş edəcəklərini demişdi. Eyyub müəllimə yuxarı qalxmağı və bir daha enməməyi tapşırdım. Ona dedim ki, komandirə təyyarənin partladılacağını çatdırsın. Aşağı kabinədəki ruslar nədən söhbət etdiyimizi başa düşmürdülər. Hansı suprizlə qarşılaşacaqlarını heç ağıllarına belə gətirməzdilər. Eyyub müəllim yuxarı qalxan kimi kəmərimin altından tank əleyhinə qumbaranı çıxaranda rusların rəngi sapsarı saraldı. “Əgər hiss eləsəm ki, təyyarə bir metr aşağı enir özümü də, sizi də məhv edəcəyəm” deyib onların gözü önündə qoruyucunu çəkib çıxartdım. Kabinədən çıxıb mərmilərin yanında mövqe tutdum. Zabitlərdən biri dərhal yuxarı qalxdı. Sonralar Eyyub müəllim komandirə “o partladar” deyəndə komandirin onu necə dilə tutmasından danışmışdı. Komandir ona psixoloji təsir göstərmişdi. Ya yanacaq qurtaracaq, təyyarə göydən yerə düşəcək, ya da yoldaşın partladacaq. Hər iki halda biz öləcəyik. Lakin Eyyub müəllim aşağı enməmişdi. Komandir təslim olmuşdu. Yarım saat sonra təyyarə Naxçıvanda eniş etdi. Eyyub müəllim aşağı düşərək dedi ki, hər şey qaydasındadır. Hamı mənə baxırdı. Qumbara ilə işarə edib hamının çölə çıxmasını istədim. Qumbaranı əvvəlki halına gətirdim. Yarım saat idi ki, barmaqlarım bir-birinə möhkəm kilidlənmişdi. Bu müddət ərzində ürəyimdən keçənləri, düşüncələrimi ifadə edə bilmirəm.
 Vaxt itirmədən Sədərəyə getdim. Məni  idman (xüsusi təyinatlı)  bölüyünün komandiri Səfər və İbrahim qarşıladılar. Onlarla birlikdə əsgərlərimizi yoxlamaq üçün səngərlərə qalxdıq. Şiddətli döyüşlər gedirdi. Güllələr yağış kimi yağırdı. Səngərdə bir əsgərimizin rahatsızlığı gözümdən yayınmadı. Onun avtomatını aldım, maqazini yoxladım, patronların hamısı yerində idi. Ayağa qalxdım. Səngərdən yarım metr hündürdə idim. Atəş açıb maqazini boşaltdım. Əsgərə mənim etdiyimi təkrar etməməyi tapşırdım. Əsgər ürəklənmişdi. Yoldaşları kimi artıq atəş açmağa başlamışdı. İdman  bölüyünün əsgərlərinə 100 ədəd  gətirdiym F-1 qumbaralarını payladım. Bu onlar üçün ən böyük sovqat idi. İki saata qədər müşahidə və yoxlamalar apardıqdan sonra aşağı endim. Kənddə Adil Kazımov və Vaqif Məmmədovla görüşdüm (Allah hər ikisinə rəhmət eləsin). Vaqif müəllim evini OMON-a qərargah kimi istifadə etməyə vermişdi. Komandirləri Azər Məmmədov idi. Ukraynanın Donetsk  şəhərində  Ali Siyasi Hərbi Məktəbi bitirmişdi. Döyüşçülər arasında OMON  Azər kimi tanınırdı. Əfqanıstanda xidmət etmişdi. Malik Qalabəyov, Cavanşir Cəfərov, Səxavət Rzayev, Şücaət Qasımov, Ceyhun Abbasov və başqaları qəhrəman döyüşçülər idi. XTMD-nə qəbul Naxçıvan Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilirdi. Hərbi xidmət keçmiş, fiziki cəhətdən güclü, vətənpərvər gənclər qəbul olunurdu. Ona görə də orada nizam-intizam çox yüksək səviyyədə idi. Sonralar ara sakitləşəndən sonra 1993-cü ildə Azər Məmmədov Heydər Əliyevin mühafizə xidmətinə cəlb olundu. Heydər Əliyevin Bakı şəhərinə qayıdışında, Gəncəyə səfəri zamanı Azərin onu müşayiət etməsi təsadüfi deyildi. Naxçıvan XTMD-nin fəaliyyəti kifayət qədər tədqiq olunmayıb. Onun  haqqında hələ çoxlu  kitablar yazılacaq.

Axşam Elman Abbasovla görüşdüm, yaranmış vəziyyəti müzakirə etdik. Sabah da Sədərəkdə qalacağımı bildirdim. Bir aylıq müşahidədən sonra düşmənin  hansı silahlardan, texnikalardan istifadə etməsi, o cümlədən, canlı qüvvəsi haqqında son məlumatları bildirdim. May ayı döyüşlərin ən şiddətli, çox şəhid verdiyimiz bir ay idi. Bu ay xüsusilə Naxçıvan  üçün yaddaqalan tarixdir. İki gün sonra Ümid körpüsünün açılışı olacaqdı. Türkiyənin Baş naziri Süleyman Dəmirəl Naxçıvana gələcəkdi. Sovetlər birliyi zamanı heç kəsin ağlına gəlməzdi ki, Araz çayı üzərində tikilən körpü Naxçıvanla Türkiyəni birləşdirəcək. Burada Mustafa Kamal Atatürkü  sayğı və sevgi ilə yad etməmək mümkün deyildi. Onun dövründə Türkiyə ağır iqtisadi böhran yaşayırdı, güclü İstiqlal savaşı aparılırdı. Mustafa Kamal İran dövlətindən 11 km bu ərazini ona görə alır ki, vaxt gələcək bizim Naxçıvanla gediş-gəlişimiz olsun. Sanki tarix təkrarlanırdı. Ulu öndərimiz çox uzaqgörən idi. Bütün təhlükəsizlik tədbirləri görülürdü ki, tədbir yüksək səviyyədə keçsin. Naxçıvan əhalisi qonaqları qarşılamağa hazır idi. Bundan xeyli əvvəl Kamal Yılmaz Paşa Naxçıvana ziyarətə gəlmişdi.
Ümid körpüsünün açılışı çox yüksək səviyyədə, təhlükəsizlik şəraitində keçirildi. Tək Naxçıvan əhalisinin deyil, bütün Azərbaycan xalqının həsrətlə gözlədiyi Heydər Əliyev-Süleyman Dəmirəl görüşü baş tutdu. Gələcəyə böyük inam, ümid qığılcımları doğdu. Dünya mətbuatı bu görüşdən yazdı. Bu görüş qədim türk yurdu olan Naxçıvanın haqq savaşında düşmənə yalnız olmadığını göstərdi.

Heydər Əliyev məni təcili yanına çağırtdırmışdı. Nə isə ciddi bir hadisənin törənməsi ürəyimə dammışdı. Görüş zamanı Ukraynadan gələn təyyarənin ruslar tərəfindən Gəncədə saxlanıldığını bildirdi. Rimma Nikolayevna Heydər Əliyevə zəng etmiş, ondan kömək istəmişdi. Gəncə şəhər rəhbərliyi, Şəhər Milis İdarəsi, digər hüquq mühafizə orqanlarının cəhdləri uğursuz olmuşdu. Mənə dedi ki, sabah təyyarə Naxçıvanda olsun. Bu təyyarənin  bizim üçün böyük əhəmiyyəti vardı. Ukrayna əsgər və zabitlərini yola saldıqdan sonra sıra ruslara gələcəkdi. Hər dəfə Naxçıvana gələndə 100 nəfər əsgər və zabiti qonaqpərvərliklə yola salırdıq. Nəyin bahasına olursa-olsun təyyarə azad olunmalı idi.

Saat 13.00-da təyyarə  Gəncəyə eniş etdi. Ümumi vəziyyəti öyrənmək üçün aeroportun komandiri Firudin Qasımovun kabinetinə getdim. Firudin müəllim təyyarənin desant əsgərlər tərəfindən həbs olunduğnu  söylədi. Heç kim təyyarəyə yaxın buraxılmırdı. Əfqanıstanda xidmət keçmiş mayor İqor Peçorskinin batalyonu təyyarəni qoruyurdu. Aeroportun, şəhər rəhbərliyinin ünsiyyət yaratmaq cəhdləri bir nəticə verməmişdi. Firudin müəllimə birlikdə təyyarənin yanına getməyi təklif etdim. Üzərimdə olan vəsiqəmi saxlamaq üçün ona verdim. Aeroportun şöbə rəisi İsmayıl Əhmədov məni vuracaqlarından ehtiyat edərək getməməyimi məsləhət gördü. Yüz metrə qədər yaxınlaşdıqda Firudin müəllimə dayanmasını bildirərək irəli tək getdim. Təyyarənin üç tərəfinə qum kisələri düzmüşdülər, on nəfər avtomatlı  əsgər təyyarəni qoruyurdu. Təxminən otuz metr yaxınlaşmışdım ki, atəş səsi eşitdim. Bir az sonra ikinci atəş səsi gəldi. Onlar məni qorxutmaq, qaçırtmaq istəyirdilər. Əllərimi qaldıraraq “mən silahsızam” dedim. Qarşıma yekəpər bir mayor çıxdı. Bu həmin İqor Peçorski idi. Əlamətlərinə görə  bir desant zabitinə oxşayırdı. “Məndən qorxursan?” deyə ona müraciət etdim. “Axı, Əfqanıstana gedənlər qorxaq olmur, nəyə görə söhbətdən qaçırsan?” deyə sual verdim. Sözlərim təsir etmişdi. Qoluma girdi. Əsgərləri eşitməsin deyə təyyarədən on metr aralandıq. Kim olduğumu, haradan gəldiyimi soruşdu. Naxçıvan şəhərindən gəldiyimi deyəndə bir anlığa duruxdu. Məndən bir nəfəri tanıyıb-tanımadığımı soruşdu. Azər Məmmədovun adını çəkəndə “dayan” dedim. Azərin qısa tərcümeyi-halını danışdım. Bundan sonra söhbətimiz dostcasına alındı. Mənə dedi ki, iki saatdan sonra təyyarəni apara bilərsən.
Telman Sadıqov Niva markalı abtomobilin açarını mənə vermişdi. Təyyarənin ekipajı mehmanxanada idi. “Saat yarımdan sonra Naxçıvana uçuruq” deyəndə onlar əvvəl inanmadılar, sonra bir-birinin üzünə baxaraq yır-yığış etməyə başladılar. Onları Naxçıvana şəxsən özüm yola saldım. Rimma Nikolayevna Heydər Əliyevə rusların onları da həbs etmək istədiklərini bildirmişdi. Naxçıvana qayıdışlarını isə möcüzə adlandırmışdı. Mənim isə Gəncədə görəcək  işlərim hələ çox idi. Müəyyən ekstremist qrupların hərbi hissələrdən silah, sursat əldə etmək cəhdlərinin qarşısını almaq üçün vacib görüşlər keçirməli idim.

On il sonra mənə bir zəng gəldi. Telefonu açdım. Azər Məmmədov idi. Mənimlə görüşmək istəyirdi. Naxçıvan Sərhəd Dəstəsinin keçmiş rəisi, istefada olan polkovnik Nizaməddin Məmmədovla birlikdə Bakıdan gəlmişdilər. Şam yeməyindən sonra çay süfrəsində üzümü Azərə tutub olmuş bir hadisəni onlara danışmaq istədiyimi bildirdim. Hər ikisi məni diqqətlə dinlədilər. Axı, İqor Peçorski Azərə görə təyyarəni azad etmişdi. Qaranlıq bir məsələ var idi. Rəhbərliyinin əmrlərini heçə sayaraq təyyarəni buraxmaq sadə məsələ deyildi. Sən demə, Azərlə İqor Əfqanıstanda birlikdə xidmət etmişdilər. İqorun Azərə hansı borcu var idi? Sualıma cavab ala bilmədim, söylənilən xatirələr Azəri çox-çox uzaqlara aparmışdı.
Artıq prezident seçkiləri geridə qalmışdı. Xalqımızda böyük bir ümid yaranmışdı ki,  əcdadlarımızın arzuladığı, lakin görə bilmədikləri, Rusiyadan asılı olmayan müstəqil milli dövlət qurulacaq. Çünki seçilən şəxs ümummilli  liderimiz Heydər Əliyev idi. Əbülfəz Elçibəy də milli azadlıq hərəkatının rəhbəri olmuşdu. Bir dəfə Heydər Əliyev görüş zamanı Elçibəylə münasibətimin olub-olmadığını soruşdu. Onunla heç bir zaman görüşmədiyimi dedim, lakin milli azadlıq hərəkatında  sədaqətli dostlarımın onunla isti münasibət qurduqlarını bildirdim. Ona dedim ki, indi xalqımız Heydər Əliyevlə Əbülfəz Elçibəyin birləşərək Dağlıq Qarabağ problemini həll edəcəyinə böyük ümid bağlayıb. Heydər Əliyev mənə bir vərəq uzatdı. Səhifənin yarısına qədər onun Əbülfəz Elçibəyə ünvanladığı təbrik teleqramı idi. Oxumağımı istədi. Çox səmimi bir təbrik idi. Sonra digər bir vərəqi uzatdı. Səhifə axıra qədər yazılı idi. Bu, Əbülfəz Elçibəydən cavab məktubu idi. Əbülfəz Elçibəy Heydər Əliyev haqqında çox səmimi sözlər yazmışdı. Çox təəssüflər olsun ki, bu təbrik və cavab məktubu mərkəzi qəzetlərdə dərc olunmadı. Heydər Əliyev öz böyüklüyünü etmişdi. Milli birlik üçün ilk addım onun tərəfindən atılmışdı. Lakin xalqımız bilmirdi ki, yüksək vəzifələrdə əyləşən kiçik adamların böyük iddiaları ümumi işimizə xələl gətirəcəkdir. Bu birliyi o nakəslər pozdular.
Heydər Əliyev mənə Azərbaycanın müdafiə naziri Rəhim Qazıyevlə görüşüb mövcud vəziyyətlə bağlı rəsmi bir məktubu təqdim etməyi tapşırdı. Məktubu Heydər Əliyevin müavini Asif Kələntərli yazmışdı (Allah ona rəhmət eləsin). Məktubda Naxçıvandakı ağır vəziyyətlə bağlı Müdafiə nazirindən hərbi yardım göstərilməsi xahiş olunurdu. Məktubu götürüb Gəncəyə getdim.

Mürşüd Məmmədov yenicə Gəncə şəhərinə icra başçısı təyin olunmuşdu. Müsavat partiyasının üzvü idi. Ziyalı və vətənpərvər idi. Məni səmimi qəbul etdi. Biz öncədən tanış idik. Ondan Müdafiə naziri Rəhim Qazıyevin Gəncəyə gələcəyi vaxtı mənə bildirməsini xahiş etdim. Mürşüd müəllim mənə dedi ki, əgər H.Əliyev Siyasi Bürodan uzaqlaşdırılmasaydı, xalqımız Dağlıq Qarabağ problemi ilə üzləşməzdi. Öz salamını Heydər Əliyevə çatdırmağımı xahiş etdi (Allah ona rəhmət eləsin).
Aeroportda təyyarəmizi yükləyirdik ki, Naxçıvandan gələn sərnişin təyyarəsi eniş etdi. Sərnişinlərin arasında Bəylər Eyyubovu (hazırda Azərbaycan Prezidentinin şəxsi mühafizə xidmətinin rəisi, general-polkovnik) gördüm. Ona yaxınlaşıb görüşdüm. Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən göndərildiyini dedi. Nazirliyin beş-on min ədəd avtomat patronlarına ehtiyacı olduğunu bildirdi. Üç gün əvvəl Daxili İşlər Nazirliyində Bəylər müəllim, mən və Oruc Zalov (hazırda Azərbaycan Daxili İşlər nazirinin müavini, general-leytenandır) Naxçıvandakı ağır vəziyyəti bir saatdan artıq müzakirə etmişdik. Axırıcı dəfə onunla 2001-cı ildə Yazıçı Güllü Məmmədovanın “Qarabəkir əfsanəsi” kitabının (kitab Qars müqaviləsinin 80 illiyinə həsr olunmuşdu) beş ədəd nüsxəsini Heydər Əliyevə çatdırmaq üçün görüşmüşdüm. Kitabın yazılmasında mənim də  bir az zəhmətim olmuşdu. Onunla keçmiş ağır günləri yada saldıq.
Bəylər müəllimə qardaşı Nəbi ilə bir çay içməyi təklif etdim. Bir saat keçməmiş yüz min ədəd patronu Bəylər müəllimlə Naxçıvana Ukraynaya məxsus təyyarə ilə yola saldım.
İki gün sonra Mürşüd müəllim axşam saatlarında Rəhim Qazıyevin Gəncədə qonaq evində olacağını bildirdi. Axşam qonaq evində Rəhim Qazıyevlə söhbət etdik. Biz ilk dəfə idi ki, görüşürdük. Bundan xeyli əvvəl onun müavini Baba Nəzərli ilə əlaqə yaratmışdım. Heydər Əliyevə Baba Nəzərli haqqında yanlış məlumat verilmişdi. Çünki o da bizim ümidlərimizi doğrultmadı, yəni Naxçıvana kömək göstərmədi. Məktubu Müdafiə nazirinə verdim. Rəhim Qazıyev məktubu oxuyub əsəbi halda üstümə atdı. Əyilib məktubu götürəndə dedi ki, gedin, qoy Naxçıvanı Heydər Əliyev qorusun. Dönüb yanındakı əli avtomatlı cangüdəninə baxanda cəld sağ əlimi cibimə saldım. Üzünü mənə tutaraq dedi ki, bir də səni Gəncədə görməyim. Dərhal otaqdan çıxdım. Sürücüm mühərriki söndürməmişdi, biz qonaq evindən uzaqlaşdıq. Azərbaycan Respublikasının Müdafiə naziri öz sözünü bildirmişdi. Bizə onlardan haray yox idi. Sözün açığı, Rəhim Qazıyev şəxsi təmənnasına görə Heydər Əliyevi sevməyə bilərdi, ancaq burada söhbət Naxçıvanın taleyindən gedirdi. Əbülfəz Elçibəyə yaxın olan dostlarıma Rəhim Qazıyevin Azərbaycana böyük problemlər yaradacağından bəhs etdim. Hərbi düşüncəsi yox olan bu adamın təcili surətdə Müdafiə naziri vəzifəsindən azad olunması barədə öz təklifini verdim. Söhbət vətənə böyük bir xəyanətdən gedirdi. Xəyanətkar isə Müdafiə naziri Rəhim Qazıyev idi. Təəssüflər olsun ki, mənim sözüm eşidilmədi. Zaman mənim haqlı olduğumu sübut etdi. Sonralar bunu dostlarım da etiraf etdilər.

İki gün sonra Xanlar (indiki Göygöl) rayonuna getdim. Rayon Polis İdarəsinin rəisi polkovnik İlyas Məmmədovla görüşdüm. Allah ona rəhmət eləsin. Humanitar yardım təşkil etmişdi. Yükü aeroporta yola saldıqdan sonra vəziyyəti birlikdə müzakirə etdik. Onun kabinetindən Naxçıvana zəng etdim, Heydər Əliyevlə danışdım. O, mənə təcili Naxçıvana gəlməyimi tapşırdı.

Heydər Əliyev çox narahat görünürdü. Məni diqqətlə dinlədi. Həyatımın təhlükədə olduğunu, hər an həbs və ya vurula biləcəyimi söylədi. Ona bildirdim ki, işlər yekunlaşmaq üzrədir, Naxçıvanın başı üzərindən təhlükə hələ sovuşmayıb. Gəncəyə qayıdacağımı israrla söylədim. Dostlarım məni çox ciddi qoruyurdular. Üç günə doqquz təyyarə dolu “yükü” Naxçıvana gətirə bildim. Ürəyimə danmışdı ki, xoşagəlməz bir hadisə ilə üzləşəcəyəm. Səhər tezdən aeroporta gələndə o xəbəri aldım. Müdafiə Nazirliyi tərəfindən Naxçıvana uçuşlar dayandırılmışdı. Səbəb uçuşların təhlükəli olması, ermənilər tərəfindən təyyarələrin vurulması ehtimalı idi. Təcili Bakıya getdim, lazım olan razılıqları alaraq Gəncəyə qayıtdım. Çox riskli bir qərar qəbul etmişdim. “Humanitar yardımı” Bakıya, oradan da Naxçıvana aparacaqdım. 350 km məsafəni, çox sayda polis nəzarət postlarından keçməklə qət etmək asan olmurdu. Bu işin fasiləsiz görülməsi üçün bütün lazımi tədbirləri görərək, səfərbər olmuşduq. Bakıdan Naxçıvana Tu-134 və Tu-154 sərnişin təyyarələri uçurdu. İlk öncə baqaja bizim yüklər, sonra isə sərnişinlərin yükü yüklənirdi. Təyyarələr İran İslam Respublikası üzərindən Naxçıvana uçurdu. Qonşu ölkənin nümayəndələri təyyarələrin Tehranda enməsini, yoxlanışdan sonra Naxçıvana uçuş etməsini bildirəndə Heydər Əliyev hava gəmisində yaşlıların, uşaqların olduğunu söyləmişdi. Onları narahat etməyin yolverilməz olduğunu demişdi. Son bir şansım var idi. Axşam Gəncədə Yak-40 təyyarəsinin pilotu Əliyev Tanrıverdi ilə görüşdüm. Allah ona rəhmət eləsin. Ona sabah Naxçıvana uçmağı təklif etdim. Təklifimi qəbul etdi. Gəncə pilotları qəhrəman pilotlar idi. Ertəsi gün yük dolu təyyarə ilə Gəncədən Naxçıvana uçduq.
Ukrayna əsgər və zabitlərini biz yüksək qonaqpərvərliklə evlərinə yola saldıq. Naxçıvanda rus əsgər və zabitləri qalmışdı. Müəyyən təxribatçı qruplar onların ailələrinə qarşı yolverilməz hərəkətlər etmək istəyirdilər. Onların qarşısı qətiyyətlə alınırdı. Biz qonaqlarımızı gül-çiçəklə yola salmağa hazırlaşırdıq.
Gəncədə olarkən bir xəbər aldım. Naxçıvanda hərbi anbarda partlayış baş vermişdi. On tona yaxın mərmi partlamışdı. Təxribatı ermənilər törətməmişdilər. Sözün bitdiyi yerdir. Kimin tərəfindən törədildiyinə şübhə qalmamışdı. Elşən Əliyevlə Gəncədə çox mühüm işlər görmüşdük. Elşən əsl xalq qəhrəmanı sayılırdı. Hüquqşünas olmasına baxmayaraq, münaqişə başlayan gündən hadisələrin qaynar nöqtəsində dururdu. Bir çox kəndlərimizin alınmasında misilsiz xidmətləri olmuşdu. Barəsində saysız məqalələr, onlarca kitab yazılmışdı. Hərbi sənaye ilə ciddi maraqlanırdı. Hətta o bizə 100 mm-lik top mərmilərini yenidən istehsal etmək üçün mexaniki bir qurğu da vermişdi. Mərmilərin müxtəlif təyinatlı başlıqlarından, barıtından və s. hissələrindən xeyli tədarük edərək Naxçıvana göndərmişdim. O cümlədən, 64 və 82 mm-lik minaatanların mərmilərini də biz yığa bilirdik. Bunun  üçün Ağstafa rayonundan külli miqdarda hissələr gətirmişdim. Elşənə dedim ki, sənə bir təklifim var, sənin döyüş dostlarından ibarət bir tabor yarat, sizi Naxçıvana aparmaq istəyirəm, komandir də sən olacaqsan. Təklifimi müsbət qarşıladı. Naxçıvana qayıdanda Heydər Əliyevlə görüşümdə gəncəlilərdən ibarət bir tabor yaratmaq fikrimi ona bildirdim. Heydər Əliyev təklifimi bəyəndi.

Gəncəyə qayıdanda Elşən otuz nəfərin siyahısını mənə verdi. Hazırda Gəncədə olmasalar da, təxminən yüz nəfərdən çox könüllünün də adlarının siyahıya alınması xahişini bildirdi. Siyahını Naxçıvanda Elman Abbasova təqdim etdim. Beləliklə, Gəncə taboru Naxçıvan Dövlət Milli Müdafiə Komitəsində rəsmi qeydiyyatdan keçirildi.
Gəncə Maşınqayırma Zavodunun direktoru Eldar Qarayev altı ədəd “QRAD” kompleksinin hazır olduğunu bildirdi. Zavodun üç nəfər mütəxəssisini qurğuları quraşdırmaq üçün Naxçıvana gətirdim. Elman bəy bizə qurğuları “Elektrotexnika” zavodunda altı ədəd Zil-131 markalı avtomobilə quraşdırmaq üçün hər cür şərait yaratmışdı. burada Gəncədən gətirdiyim otuz ədəd döyüş vertolyotlarının raket atan qurğuları da quraşdırılacaqdı. Onların da kifayət qədər C5 və C7 mərmilərini Gəncədən gətirmişdim. Bir neçə gün əvvəl 50 ədəd iri çaplı pulemyot, 20 ədəd 82 mm-lik, otuz ədəd 120 mm-lik minaatan və onların külli miqdarda mərmilərini gətirmişdim. İndi isə Gəncə taborunu gətirməyə gedirdim. Bir gün öncə onlarla görüşüb müvafiq söhbət apardım. Əsgərlərdə döyüş əhval-ruhiyyəsi çox yüksək idi. Elşən isə Kamo kəndində qaçqınlara verdiyi evdə birgə yaşayan həyat yoldaşına və üç azyaşlı övladına “tezliklə gələcəyəm” deyərək üç gün əvvəl mənimlə Gəncəyə qayıtmışdı. Ermənilər  Kamo kəndini aramsız atəşə tuturdu, evin hər tərəfində güllə izləri vardı. Yerli əhali isə kənddən çıxmamışdı.
Naxçıvanda ən şiddətli döyüşlər Sədərəkdə aparılırdı. Sədərək Naxçıvanın qapısı idi. Ona görə də ermənilər bütün güclərini burada cəmləşdirmişdilər. Özləri üçün bəzi bənzətmələr qoşub söyləyirdilər, Qarabağı üzüyə, Naxçıvanı isə almaz qaşına oxşadırdılar. Coğrafi baxımdan Sədərəyin İrəvana yaxın olması onlarda xəyal yaratmışdı. Bəzi strateqlər və siyasətçilər sonralar Qarabağdansa Naxçıvanı ələ keçirmədiklərinə görə böyük səhv buraxdıqlarını etiraf edirdilər.
Heydər Əliyev Gəncə taboruna uğurlar arzuladı. Ona çox mühüm hadisələrin şahidi olacağını söylədim. Bütün hazırlıqlar görülmüşdü. Elman bəylə görüşüb taboru Sədərəkdəki mövqelərimizdə yerləşdirdik. O günə qədər ermənilər on üç dəfə Sədərəyə hücum etmişdilər. Ermənilərin hücumunu gözləyirdik. Gəncə taborunun Naxçıvana gəlməsi muxtar respublikada böyük əhval-ruhiyyə yaratmışdı. İstər yerli əhali, istərsə də döyüşçülərimiz arasında döyüşü qazanacağımıza böyük inam yaranmışdı. Ermənilərin növbəti hücumu onlar üçün axırıncı oldu. Üç gün ərzində əsgərlərimiz qəhrəmanlıq göstərdilər. Elşən mahir topçu idi. Bizim topçularımızdan cəsur döyüşçümüz Abdulla, 2-ci dünya müharibəsi veteranı Qafar dayı, istefada olan mayor Nurəddin Rəhimov, istefada olan mayor Ağaəli Əsədov və başqaları Naxçıvanın müdafiəsində adlarını hərb tariximizə qızıl hərflərlə  yazmışdılar. Gəncə taboru və bizim əsgərlər bu döyüşdə qəhrəmanlıq göstərdilər. Heydər Əliyev Gəncə taborunun əsgərlərini mükafatlandırdı. Telman, Nəriman, Firdovsi, Gəray, Xanlar, İlqar, Ceyhun, Şahin, Oruc  və digərləri döyüşlərdə çox fərqlənmişdilər. Heydər Əliyev taborun komandiri Elşən Əliyevə mənim təqdimatımla Qaz-24 avtomobili bağışladı. Döyüşdən sonra Heydər Əliyev Ermənistan prezidenti Levon Ter-Petrosyanın ona zəng edib, döyüşləri dayandırmaq barədə xahiş etdiyini bildirdi. Üzümə baxıb gülümsədi. Axı, döyüşdən öncə erməni prezidentini onun ayağına gətirəcəyimizi bildirmişdim. Heydər Əliyev 1993-cü ildə prezident seçildikdən sonra onun göstərişi ilə Azərbaycan televiziyasından bir qrup işçi məndən həmin epizodu lentə almaq üçün Naxçıvana gəlmişdilər. Gələnlər arasında telejurnalist Nurəli və rejissor Tofiq Gülməmmədov vardı. Çəkiliş Sədərək səngərlərində oldu. Bizimlə bərabər həmin hadisələrin iştirakçıları və şahidləri, Sədərək Rayon İcra Hakimiyyətinin başçısı rəhmətlik Adil Kazımov, rayon prokuroru Arif Rzayev, rayon məhkəməsinin sədri Mahmud Cəfərov və başqaları çəkilişdə oldular.

Heydər Əliyevə bizə yardım edənlərin əməyinin qiymətləndirilməsini söylədim. Ulu öndər mənim təqdimatımla otuz nəfərə yazılmış təşəkkür məktubunu imzaladı. Məktubları ara sakitləşəndən sonra sahiblərinə şəxsən özüm təqdim etdim. Heydər Əliyev daha çox fərqlənən on bir nəfər yoldaşa Naxçıvanın “Fəxri vətəndaşı” adının verilməsi üçün təqdimat hazırlamağıma göstəriş verdi.
Həmin günlərdə gedən döyüşlərdə biz şəhid vermədik. Ermənilərin çoxsaylı canlı qüvvəsini, texnikalarını məhv etdik. Düşmənin bütün atəş nöqtələri əsgərlərimiz tərəfindən darmadağın edildi. Ermənilərin həyəcan dolu qışqırıq səsləri eşidilirdi. Qaçmağa yerləri yox idi. Minaatanlarımız onları göyə uçururdular. Hiss olunurdu ki, nə baş verdiyindən şoka düşüblər. Özlərini tamamilə itirmişdilər. Bu döyüşlərdə  keçmiş Naxçıvan DTK rabitəçilərinin əməyini qeyd etməmək insafsızlıq olardı. O vaxtdan bu günədək  Naxçıvana hücum etmək üçün ermənilər özlərində bir daha cürət tapmadılar.
Tezliklə Heydər Əliyevin rəhbərliyi altında ruslarla təhvil-təslim prosesi başa çatdı. Sovetlər birliyində Naxçıvan ilk bölgə idi ki, ruslardan hərbi əmlakı alaraq, onları gül-çiçəklə yola salırdı. Rus diviziyasının yerinə Müdafiə nazirinin müvafiq əmri ilə briqada yaradıldı. Elman Abbasov briqadaya komandir təyin olundu. Beləliklə Naxçıvanın üzərindən təhlükə sovuşdu. Lakin heç kəsin ağlına gəlməzdi ki, biz tezliklə torpaqlarımızın 20 faizini itirəcəyik. Heydər Əliyevlə görüşərək, xeyli söhbətdən sonra Ali Məclisdən çıxdım. Görüş zamanı Heydər Əliyev mənə növbədənkənar polkovnik rütbəsinin verilməsi, habelə nazirliklərdən birinə yüksək vəzifəyə təyin edilməklə yanaşı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülməyim barədə təqdimatın yazılmasına münasibətimi öyrənmək istədi. Səmimi şəkildə açıqladım ki, torpaqları işgal altında olan, əsirlikdə qadınları, qızları olan və şəhidlərimizin intiqamını tam almayan bir məmləkətin əsl vətənpərvər övladı kimi o fəxri adı hələ qəbul etmək istəmirəm. Ulu öndər alnımdan öpərək dedi ki, bu cavabı səndən gözləyirdim.
 2003-cü ilin əvvəlində Naxçıvan MTN-nin bir əməkdaşı mənimlə görüşərək bildirdi ki, Azərbaycanın Milli Təhlükəsizlik naziri general-polkovnik Namiq Abbasov tərəfindən Naxçıvan Muxtar Respublikası Ali Məclisinə sənin doğma yurd uğrunda misilsiz tarixi xidmətlərinlə bağlı olaraq bir təşəkkür məktubu göndərilib.

Ulu Öndərin gözəl bir ifadəsi var: ”Qoy ədalət zəfər çalsın”! İllər keçdi. Ədalət zəfər çaldı. 1993-cü ilin yayında Heydər Əliyev xalqın tələbi ilə Bakıya gəldi. Əvvəlcə Ali Sovetin sədri, sonra isə Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər 2003-cü il dekabrın 12-də dünyasını dəyişdiyi günə qədər Azərbaycan Respublikasının iqtisadi və hərbi cəhətdən güclənməsi yolunda böyük işlər gördü. Onun layiqli varisi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev ata vəsiyyətini yerinə yetirərək torpaqlarımızı düşmən tapdağından azad etdi.
Urfullah Əli oğlu Qurbanov
Naxçıvan Muxtar Respublikası Dövlət Müdafiə Komitəsinin
Əks-kəşfiyyat şöbəsinin sabiq rəisi, Heydər Əliyevin
səlahiyyətli hərbi nümayəndəsi