Özbaşına edilən idmanın fəsadları: İnfarkta belə səbəb ola bilər

Bölmə: İdman › ,
Tarix: 22:43 06.07.2023

"Özbaşına edilən idman infarkt kimi ciddi nəticələrə səbəb ola bilər".

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, fiziki təbabət və reabilitasiya mütəxəssisi İsmail Özturan nəzarətsiz məşqlərin faydadan çox zərər verdiyini ifadə edib. O bildirib ki, bunlardan biri dayaq-hərəkət sistemi xəstəlikləri və ürək problemləridir. Sınıqlar, çıxıqlar, əzələlərin qopması, vətərlərin qopması, baş travmaları, başqa travmalar və həddindən artıq yüklənmələr nəticəsində yaranan bel və boyun yırtıqları tez-tez rast gəlinən problemlərdir.

 

O, eyni zamanda vurğulayıb ki, nəzarətsiz idmanın huşun itməsi və infarkt kimi ağır nəticələri də ola bilər. İsmail Özturan "Hər kəs hər idmanla məşğul ola bilməz. İdman növünün seçilməsində insanın yaşı, çəkisi, fiziki qabiliyyəti, bədən quruluşu, əvvəlki və hazırki xəstəlikləri önəmli rol oynayır. Unudulmamalıdır ki, idman əslində dərmandır və hər bir dərman kimi nə vaxt, harada, hansı növ, hansı dozada istifadə edilməli olduğu, həddindən artıq və səhv istifadə edildikdə hansı əks təsirlərin meydana çıxa biləcəyi bilinməlidir. Bunları bilə-bilə məşq etmək şüurlu məşq olacaq. Bədənin ehtiyaclarını bilməklə məşqləri planlaşdırmaq da çox vacibdir. Planlaşdırılan məşq yalnız sadə təbiət gəzintiləri, bədəni bir az stimullaşdırmaq, stress və gərginliyi azaltmaq, həmçinin əzələləri gücləndirmək, elastikliyi artırmaq, tarazlıq koordinasiyasını inkişaf etdirmək, duruş korreksiyası üçün çox çətin olmayan adi gəzintilər ola bilər - deyə o bildirib.

 

İdmandan əvvəl düzgün isinmə proqramının olmasının idman zədələrinin qarşısını almaqda mühüm əhəmiyyət daşıdığını ifadə edən Özturan deyib: “Əks halda idmandan istənilən nəticə alına bilməz, arzuolunmaz problemlər, qəzalar və zədələr ortaya çıxa bilər. Arzuolunmaz və planlaşdırılmamış nəticələrin qarşısını almaq üçün idmana başlamazdan əvvəl və sonra peşəkarlara müraciət etmək olar. Təkcə şəxsi xüsusiyyətlər deyil, ətraf mühit də idman üçün uyğun olmalı, idman üçün lazımi infrastruktur təmin edilməlidir. İdman sahəsinin vəziyyəti, döşəmə, havalandırma, geyiniləcək paltar, məşq saatları, məşqdən əvvəl və sonra qidalanma, maye qəbulu kimi bir çox faktor da nəzərə alınmalıdır. Hər mövsümdə fərqli məqamlara diqqət yetirmək lazımdır. Yaz aylarında isti-soyuq, külək və yer rütubətinin qəfil dəyişməsi vacib olsa da, yay aylarında kifayət qədər maye qəbul etmək, geniş və yüngül paltarlar geyinmək, həddindən artıq istilərə diqqət etmək böyük əhəmiyyət kəsb edir. İdman üçün səhər və axşam sərin saatlara üstünlük verilməlidir” - deyə mütəxəssis əlavə edib.


Sayad Qoşnalıyeva