Yolun ortasından keçmək istədi, avtomobil vurdu
Bölmə: Hadisə › ,Tarix: 12:22 14.07.2023
Yolun hər iki istiqamətində piyada zolağı olmasına baxmayaraq, keçiddən istifadə etməyən piyada bir istiqamətdən qarşı tərəfə keçmək istəyib. Bu zaman da hərəkətdə olan minikavtomobili piyadanı vurub.
İnformtor.az xəbər verir ki, yol-nəqliyyat hadisəsi bu gün səhər saatlarında Səbail rayonu, Bülbül prospektində, ”Sahil” metrostansiyasının yaxınlığında baş verib. Dəfələrlə xəbərdarlıq olunmasına baxmayaraq, şəhərin müxtəlif yollarında bu cür məsuliyyətsizlik halları qeydə alınır. Piyada keçidindən istifadə etməyənlər özlərini təhlükəyə atmaqla yanaşı, sürücülərin də şəxsi həyatlarını tamamilə alt-üst etmiş olurlar.
Paytaxtın müşahidə kameralarından əldə edilən görüntülərin təhlilləri göstərir ki, bu cür hallar əsasən avtomobillərin intensiv hərəkət etdiyi yollarda baş verir. Yeraltı və yerüstü piyada keçidlərinin sayının az olmadığı Heydər Əliyev, Ziya Bünyadov, Babək və 8 Noyabr prospektləri, eləcə də Yusif Səfərov və digər hərəkətli küçələrdə piyadavurma halları daha çox yaşanır.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimaiyyətlə əlaqələr sektorunun mütəxəssisi Ömər Xıdırov deyir ki, statistikanı nəzərə alsaq ötən il ərzində paytaxt ərazisində piyada vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələri ümumi hadisələrin 49 faizini təşkil edib: “Ən həssas məqam da ondan ibarətdir ki, valideynlər övladları ilə birlikdə bu qaydanı pozurlar. Yeraltı, yerüstü piyada keçidlərinin düz yaxınlığında, bəzən bir neçə metrliyində belə yolun hərəkət hissəsindən keçirlər və nəticədə də yol-nəqliyyat hadisələri baş verir”.
Qeyd edək ki, ötən ilin stastitikasına əsasən 7 uşaq bu cür vətəndaş məsuliyyətsizliyinin qurbanı olub. İl ərzində ümumilikdə piyada vurulması ilə nəticələnən qəzalarda 134 nəfər ölüb, 153 nəfər isə yaralanıb.