Yeni dələduzluq forması: Telefona gələn kodu əlavə et, 50$ qazan

Bölmə: Hadisə › ,
Tarix: 16:30 19.07.2023

Dayanmadan inkişaf edən bu dövrdə internet həyatın ayrılmaz hissəsinə çevrilib. Bir çox insanlar geyim, aksessuar, məişət və.s alış-veriş işlərini internet üzərindən həll edir. Bütün bunlarla yanaşı, kiberhücumlar, onlayn dələduzluq halları da xeyli artıb.


Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə əsasən, 2021-ci ildə əhalinin internetdən gündəlik istifadəsi 2013-cü ilə nisbətən 11.7 faiz artaraq 88.4 faiz olub. Yəni 2013-cü ildə 7.176.742 nəfər insan gündəlik olaraq internetdən istifadə edirdisə, bu rəqəmləri 2021-ci ildə 9.356.900 nəfər təşkil edib.


Nəzərə alsaq ki, kiberhücumlar hələ 2013-cü ildən – internetin Azərbaycanda geniş yayılmasından, “Anonymus” haker qruplaşmasının Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinə aid sənədləri qanunsuz olaraq ələ keçirib paylaşmasından sonra bu sahədə olan təhlükəsizlik məsələləri yenidən gündəmə gəldi.


Hazırda, informasiya kommunikasiya texnologiyaları (İKT) nə qədər inkişaf etsə də, insanlar bir şəkildə bu dələduzların qurbanı olur. Təxminən bir həftə bundan əvvəl Telegram platformasında naməlum nömrələrdən gələn linklər və ya bank əməkdaşları adından edilən zənglər, göndərilən mesajlar bunlara misal ola bilər.


Lakin daha fərqli və nisbətən yeni bir metod var: dələduzlar yeni bir sayt qurur və deyirlər ki, buraya 10 nömrə və həmin nömrələrə gələn kodu əlavə edin, ardınca da hesabınıza 50 dollar ödənilsin. Çox inandırıcı görünməsə də, bu saytlardan bir neçəsi Azərbaycanda mövcuddur. Saxta nömrələrdən, daha çox, Azercell və Bakcell nömrələrindən istifadə edən dələduzların ödəniş metodu olaraq “M10” mobil ödəniş tətbiqini seçməsi də təsadüfi deyil.


Bu dələduzların növbəti qurbanı İnformator.az saytının əməkdaşı Fərahim Rzazadənin ailəsidir. Əməkdaşımızın verdiyi açıqlamaya görə, kiçik qardaşı (şərti adı Əkbər) bu saytlardan birindən, linio66.com/#/login adresindən qeydiyyatdan keçib və ona verilən tapşırığı yerinə yetirərək ödənişin bir qismini əldə etmək üçün M10 hesabını daxil edib. 18 iyul günorta saat 3 radələrində dələduzlar anasının (şərti adı G.Z) bank kartından 40 manat çıxarıb. Tətbiqin əməliyyat tarixçəsinə nəzər saldıqda, görürük ki, 051 751 72 04 nömrəli hesabına pul transferi edilib.
Dərhal M10 müştəri xidmətləri ilə əlaqə saxlayan ailə pulu geri qaytara bilməsə də, həmin hesabın bloklanmasına nail olub.


İnformator.az olaraq qeyd etdiyimiz nömrə ilə əlaqə saxlamağa çalışsaq da, nə zənglərimizə baxan, nə də mesajlarımızı cavablayan oldu.

Problemlə bağlı İKT üzrə ekspert Fərhad Mirəliyevin münasibətini öyrəndik. Ekspertin sözlərinə görə, istifadəçilər “internet”də vaxt keçirirkən çox diqqətli davranmalıdırlar: “Həm öz şəxsi məqsədləri üçün internetdən istifadə, həm də virtual şəxslərlə təmaslar zamanı ayıq-sayıqlığı əldən vermək olmaz. Təkzib olunmaz faktdır ki, cəmiyyətdə baş verən oğurluq, dələduzluq və s. kimi neqativ fəaliyyətlər artıq virtual mühitə də yanşayıb, kibercinayətlər, kiberdələduzluq halları durmadan artmaqda davam edir. İnsanların rəqəmsal biliklərinin kifayət qədər olmamasından istifadə edərək, onların etibarını qazanmaq, diqqətini çəkmək və inamından sui istifadə etməklə dələduzluq halları törədilir. Saxta zənglər, linklər, mesajlar, təkliflərlə birbaşa istifadəçilərə psixoloji basqı edilir, aşırı həyəcan, qorxu və maraq yaratmaqla öz məqsədlərinə nail olmağa çalışırlar”.


Fərhad bəy əlavə edir ki,istifadəçilər bu cür təkliflərə potensial risk olaraq yanaşmalıdırlar. Hər hansı bir təklif ilk olaraq şübhəli kimi qəbul olunmalıdır: “İnternetdə əməliyyat və prosedurların icrası zamanı mətn formasında çatıdırlan məzmunlara ciddi yanaşılmalı və qaranlıq məaqmlar qaldığı müddətdə əməliyyatlar dayandırılmalıdır”.


Sonda mütəxəssis istifadəçilərin texniki tədbirləri də diqqətdə saxlamalarının əhəmiyyətini diqqətə çatdırır. Bildirir ki, istifadəçi cihazlarının aparat və proqram təminatı bu baxımından böyük əhəmiyyət kəsb edir. Istehsalçı həm proqram, həm də aparat təminatını dəstəkləməli və aktuallığı qorumalıdır”.

Fərahim Rzazadə