ZİBİLLİYƏ ATILAN KÖRPƏ 10 YOX, 3-4 GÜNLÜK OLUB

Bölmə: Hadisə › ,
Tarix: 21:27 20.07.2023

İki gün əvvəl Sabunçu rayonunda yeni doğulan körpənin məişət tullantıları qutusunda tapılması barədə ərazi üzrə Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Bölməsinə məlumat daxil olub.

 

İnformator.az xəbər verir ki, iyulun 17-də paytaxtın Sabunçu rayonu, Tatarski küçəsində zibil qutularının birində, təxminən, 10-15 günlük uşaq aşkar edilib.

 

Uşaq 1 saylı Körpələr evinə yerləşdirilib

 

YENİLƏNDİ

 

Anasının zibilliyə atdığı körpə hələ də reanimasiya şəraitində müalicə alır.

 

Uşaq zibil qutusunda tapıldıqdan sonra təcili tibbi yardımla 2 saylı Klinik Uşaq xəstəxanasına çatdırılıb. Hazırda da xəstəxananın reanimasiya şöbəsindədir.

 

Körpənin vəziyyəti stabildir.

 

Xəstəxanadan verilən məlumata görə, uşaq 10-15 günlük yox, 3-4 günlük olub. Ayın 17-si atılan körpənin üzərində aparılan müayinələrdən aydın olub ki, o, təxminən, iyulun 14-ü doğulub. Klinik Uşaq Xəstəxanasının həkimi Əzim Nağdəliyevin sözlərinə görə, iyulun 17-si xəstəxanaya daxil olanda uşaq 3 günlük kimi dəyərləndirilib. Hələ də göbək ciyəsi düşməyən körpənin göbək ciyəsi işlənilib. Uşaqda mərkəzi sinir sisteminin zədələnməsi əlamətləri var. Eyni zamanda, sarılıq hiss olunur. Həkim ümumi vəziyyəti stabil adlandırıb: “Dinamikada yaxşılaşma qeyd olunur. Bütün müayinələrdən demək olar ki, keçib qurtarmaq üzrədir. Normal sağlam uşaq kimi biz onu yenidən körpələr evinə qaytaracayıq”.

 

Körpəyə uşaqlar evində Günəş adı qoyulub.

 

Xatırladaq ki, uşağı tərk edən 31 yaşlı qadın elə həmin gün saxlanılıb. Hazırda, Cinayət Məcəlləsinin 143-cü maddəsinə əsasən, Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, Səbinə Qasımova təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

 

Lamiyə