Təzyiqi olanlara xəbərdarlıq: Günəş qasırğasından qorunun!
Bölmə: Hadisə › ,Tarix: 21:37 20.07.2023
Bu günlərdə nadir görülən və dağıdıcı nəticələrə səbəb olan "kannibel" - Günəş qasırğasının bütün rabitə sistemlərini çökürdəcəyi xəbəri ölkəni silkələdi.
Əslində necədir? Suallarımızı ekspertlər cavablandırıb.
Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru Nəriman İsmayılovdan mövzu barədə rəy aldıq. Onun sözlərinə görə, Günəş qasırğası nəticəsində yer səthində olan canlı həyat və yaxud bitkilər müəyyən qədər təsirə məruz qalır. Hətta xəstələrə, arterial təzyiqi olanlara da təsir göstərir: “Günəşdə vaxtaşırı alışmalar baş verir və bu alışmalar maqnitudadan asılı olaraq müxtəlif güclərə malikdir. Alışma prosesində Günəş fəzaya böyük miqdarda plazma küləyi püskürür. Nəticədə, külək ətrafa yayılır. Əgər həmin alışmanın istiqaməti Yerə doğru olarsa, plazma küləyi iki sutkadan sonra yer səthinə yaxınlaşır”, - deyə o bildirib.
BDU-nun Nəzəri Fizika kafedrasının dosenti Mirnamiq Bəşirov da Günəş ləkələri üzərində baş vermiş hadisələrin heç birinin yerin maqnit sahəsində belə bir kəskin dəyişiklik yaratmadığını deyir: “Yerdə geomaqnit dəyişiklik əmsalı KP ilə təyin olunur ki, bu da 10 ballıq sistemlə müəyyən olunur. Onun 5 bala qədər olan hissəsi, demək olar ki, yerdə hiss olunmur”, - Mirnamiq Bəşirov vurğulayıb.
Azərbaycanlı alimlər Günəş fırtınasının rabitə sistemlərinə təsirsiz olacağını desələr də, kosmik ətraf mühit üzrə mütəxəssis Şon Elvidc əksini iddia edir: “Bu tufanlar Yerin maqnit sahəsində əhəmiyyətli pozuntular yaradır və rabitə sistemlərinə təsir göstərir”.
Qeyd edək ki, oxşar hadisə iki il əvvəl baş vermiş və əhəmiyyətli bir geomaqnit qasırğasına səbəb olmuşdu.
Rahim