"Anladım ki, dağlar indi mənim həyatımda hər zaman olacaq" - Elmira Aslanova

Bölmə: İdman › ,
Tarix: 16:26 21.07.2023

İnsanoğlu daim zirvələrə qalxmaq, fərqli olmaq arzusunda olub. Kiçikkən ağaclar, bir qədər böyüyəndə isə üzərimizə qoyulan vəzifələr zirvəmiz sayılıb. İnformator.az-ın bu dəfəki qonağı Everest dağının zirvəsinə çıxan ilk Azərbaycanlı qadın Elmira Aslanovadır. O, macərasının baş vermə prosesini, keçirdiyi hiss və düşüncələrini, həmçinin bu zəfərindən sonra ətrafındakı insanların ona qarşı münasibətini bizimlə bölüşüb.

 

Everestə çıxmaq üçün hansı xüsusiyyətlərə malik olmaq gərəkdiyi haqqında danışan müsahibim daxili güc, inam və zirvəyə çatmaq üçün böyük arzunun vacib amillər olduğunu bildirib.

 

Bu sahəyə marağından, bu marağın nə zamandan bəri var olduğundan və səbəbindən bəhs edən həvəskar alpinistimiz həmişə dağların gözəlliyini sevdiyini, amma heç vaxt dağa çıxma ilə məşğul olmadığını deyib. Onun sözlərinə görə, 2018-ci ildə Tibetə getməyə qərar verib və tura 5600 m hündürlüyü olan marşrut daxil olub. Ona bu səfərdən əvvəl yüksək hündürlükdə təcrübə keçməyi tövsiyə etdikləri üçün Nepala gedib, 5400 m hündürlüyə trekkinqlə qalxıb. Daha sonra isə o, alpinist olmaq istəyini bu şəkildə açıqlayıb:

 

"Himalay dağlarının gözəlliyini gördüm və anladım ki, dağlar indi mənim həyatımda hər zaman olacaq. Mənim üçün dağlar böyük güc, saf enerjidir. Bu, özünüzü tanımaq, bəzi cavablar almaq üçün bir fürsətdir. Dağlar böyük güc verir və həyatın problemləri ilə düzgün mübarizə aparmağı öyrədir".

 

Başlamadan öncəki düşüncələrini, gözləntilərini bizimlə paylaşan Elmira Aslanova Everestə çıxmağın daha çətin olacağını düşündüyünü, əvvəl Everestin "insanların daim öldüyü pis bir dağ" kimi təsəvvür etdiyini, amma dağa dırmaşarkən orada Everesti fərqli hiss etdiyini deyib. Həmçinin "Mənim üçün Everest əzəmətli, güclü və mehriban bir yerdir"-, deyən müsahibim Everestə olan səmimi duyğularını ifadə edib.

 

Elmira Aslanova ekspedisiyanın 45 gün, zirvəyə qalxma prosesinin isə 3 gün davam etdiyini bildirib. Onun sözlərinə görə, 45 gün ərzində aklimatizasiya üçün iki dəfə qalxdıqdan (hündürlük 6500 m, 7100 m) və yaxşı hava şəraitini gözlədikdən sonra ekspedisiya qrupu ilə bərabər zirvəyə çıxıb.

 

Everestə çıxan zaman hiss etdiyi, keçirdiyi duyğularını bizimlə paylaşan müsahibim zirvəyə çıxanda Everestin zirvəsində olduğunu hələ də tam hiss etmədiyini, oksigenin hələ var olduğunu xatırladığını, hava pisləşməmiş geri dönmək, şəkil çəkdirmək və tez enmək lazım olduğu haqda düşündüyünü deyib. O, qeyd edir ki, yalnız artıq aşağı düşdüyü zaman qalibiyyətini anlamağa, hiss etməyə və sevinməyə başlayıb.

 

Everestə çıxarkən qarşılaşdığı problemlərdən, çətinliklərdən bəhs edən müsahibim Ekspedisiyanın əvvəlində xəstələndiyini, qızdırmasının olduğunu, boğaz və qulağının ağrıdığını deyib. Lakin buna baxmayaraq, yenə də yuxarı qalxmalı olduğunu, bunun isə ən çətin məqam olduğunu bildirib.

 

"İstərdim ki, hər kəs mənim gördüyüm gözəlliyi görsün"-,deyən Elmira Aslanova Everestin hər kəsə uyğun və lazım olmadığını, oraya ancaq bunu çox arzulayanların getməsi gərəkdiyini qeyd edib. İnsanların Everestin zirvəsinə çıxdıqdan sonra ona qarşı olan reaksiyalarından, münasibətlərindən danışıb və bir çox insanın buna heyran qaldığını, bundan ruhlanan bəzi insanların indi özlərinə daha çox güvəndiyini, amma bunu anlamayanların da var olduğunu deyib.

 

Ətrafındakı insanların ruh düşkünlüyünün ona təsiri haqqında isə bunları qeyd edib:

 

"Mənə təsir etmədi. Mən də bir dəfə insanların Everestə niyə getdiyini başa düşmədim. Ətrafımda, əksinə, Everestin zirvəsinə çıxmağımdan ruh alan insanlar daha çoxdur. Bu insanlar mənimlə fəxr edirlər və bu məni xoşbəxt edir".

 

Qeyd edək ki, Everest yer kürəsində dəniz səviyyəsindən ən yüksək dağdır. Onun hündürlüyü 8 848 metrdir. Elmira Aslanova ilə cəsarəti və zəfəri üçün qürur duyuruq.

 

Aydan Qasımova