"Əgər atam həmin vaxt mənə motivasiya verməsəydi..." cüdoçu Rüstəm Orucov

Bölmə: İdman › ,
Tarix: 20:07 24.07.2023

İnformator.az 2016-cı ildə "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuş cüdoçu Rüstəm Orucovla müsahibəni təqdim edir. 

 

İdmanla məşğul olmağa nə zaman başlamısınız?

Mən 7 yaşımda bir az dəcəl uşaq olmuşam. Bu zaman atam qərara gəlib ki, məni idman növünə qoysun. Evimizin yanında "Sanbo 2000" adlı bir idman klubu var idi. Atamla birgə həmin yerə baxmağa getdik. Orada 5 cür idman növü var idi. Həmin idman növləri arasında mən cüdonu seçdim.

 

İdmanda ilk uğurunuz hansı olub?

İlk uğurum 2007-ci ildə Brest şəhərində keçirilən Avrasiya çempionatında əldə etdim və qızıl medalın sahibi oldum. Çempion olduqdan sonra Bakıda məşqlərimə davam edərkən, belimdə ağrıların yarandığını hiss etdim. Həkim isə mənə idman ilə məşğul olmamağımı məsləhət gördü. Lakin mən yenə də idman ilə məşğul oldum. Respublika gənclər arasında güləşməyə davam etdim. İkinci il Respublika Gəncləri arasında keçirilən görüşlər zamanı mən heç bir medal qazana bilmədim. Demek olar ki, 1 il ərzində heç bir yarışlara qatılmadım. Bu müddət ərzində atam mənə motivasiya verərək dəstək oldu. Əgər atam həmin vaxt mənə motivasiya dəstəyi verməsəydi, mən heç vaxt belə uğurlu nəticə əldə etməzdim. 2009-cu ildə mən respublika çempionatında ikinci olmuşam. Bir neçə beynəlxalq turnirdə də iştirak edərək medallar qazandım. Həmin dövrdə Fəqan Emiloğlu məni üstələyərək İrəvanda keçirilən Avropa Çempionatında iştirak etdi. Bundan sonra atam mənə dedi ki, əgər gələcəkdə peşəkar idmançı olmaq istəyirsənsə, öz üzərində çalışmalısan. Bir dəfə məğlub oldunsa, yenə də davam etməlisən. Bundan sonra məşqlərə davam etdim. 2013-cü ildə Piter Zimbaxer adlı məşqçi mənim üzərimdə işləməyimə yardımçı oldu. O, daim mənim uğur qazanacağıma inanırdı. 2013-cü ildən sonra mən daha uğurlu qalibiyyətlər əldə etməyə başladım. Mən 2016-cı ildə ilk Avropa çempionatlığına aid qızıl medal əldə etdim.

 

Motivasiyan düşəndə səni nələr və kimlər ayağa qaldırır?

Elə vaxtlar olur ki, insan məğlub olanda motivasiyası düşür. Bu zaman səni dəstəkləyən, motivasiya verən məşqçin və ya valideynlərin olmalıdır. Düşünürəm ki, mən bu cəhətdən şanslı idim. Əgər sən qarşına məqsəd qoyursansa, mütləq alınacaq. Məğlubiyyətsiz idman olmur. Mən daim bu idmanla məşğul olacam. Çünki idman mənim həyatımın bir parçasıdır.

 

Fatimə Mustafayeva